Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:07

'Nardaran işi-3': Təqsirləndirilənlərin yaxınları zaldan çıxarıldı


Nardaran. İllüstrasiya.
Nardaran. İllüstrasiya.

Nardaran hadisələrinə görə həbs olunan və hazırda mühakiməsi davam edən 12 nəfərlik üçüncü qrupun məhkəməsində gərginlik yaşanıb. Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaranan qalmaqal nəticəsində təqsirləndirilən şəxslərin yaxınları məhkəmə zalından çıxarılıb.

Məhkəmədə Gəncə Şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəisi və əməkdaşları dindirilib. Elə onların danışdıqları təqsirləndirilən şəxsləri və onların yaxınlarını hiddətləndirib.

Təqsirləndirilənlərin bir neçəsi Gəncə sakinidir. Onlar məhkəmədə ifadə verərkən, polis idarəsində «dəhşətli işgəncələrə» məruz qaldıqlarını, hətta zorlama təhlükəsi ilə üzləşdiklərini söyləmişdilər.

«BİLMİRSƏNSƏ, NİYƏ ÜZƏ DURURSAN?»

İdarənin baş əməliyyat müvəkkili olmuş Oqtay Orucov bu iş üzrə şahid qismində tanınıb. O, məhkəmədə də iddia edib ki, təqsirləndirilən şəxslərdən Ruzi İsmayılov saxlanılanda onu vurub:

***Buna da bax-'Nardaran işi-2': 'Lapşini həyətdə gəzdirirlər...'

«2015-ci il noyabrın 26-da daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin rəisi Rasim Qurbanovun rəhbərliyi ilə əməliyyat keçirdik. Gəncə şəhərində Ruzi İsmayılovun evi olan binanın blokunun girişində gözlədik. Hündürboy bir nəfər blokdan çıxanda əməkdaşlardan 3 nəfər onu saxlayaraq avtomobilə mindirmək istədi. O bu zaman müqavimət göstərərək avtomobilə oturmaq istəmədi. Mən də yoldaşlara kömək etmək üçün avtomobilə yaxınlaşdım, lakin bu zaman Ruzi İsmayılov mənim üzümün sol hissəsinə zərbə endirdi, özümdən getdim. Ayılanda özümü Gəncə şəhər Mərkəzi Kliniki Xəstəxanasında gördüm. Aldığım zərbədən mənə qapalı kəllə-beyin travması diaqnozu qoyuldu. Sonradan mənə məlum oldu ki, Ruzi İsmayılov mənə özündə olan qumbara ilə xəsarət yetirib. Noyabrın 26-dan dekabrın 3-dək xəstəxanada komada olmuşam, ayılandan sonra da orada iki gün qalıb, sonra DİN-in hospitalına köçürülmüşəm».

Ruzi İsmayılovun vəkili zərərçəkən polisdən həmin əməliyyatda daha kimlərin iştirak etdiyini soruşanda, o, «bilmirəm» cavabını verib. Bu da təqsirləndirilən Elman Ağayevi qəzəbləndirib: «Bilmirsənsə, bəs niyə üzə durursan?».

***Buna da bax-'Nardaran işi-3': 'Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar'

Dindirmə zamanı o da məlum olub ki, Oqtay Orucov artıq bir ildir işdən çıxıb. O bu haqda sualları cavablayarkən öncə deyib ki, hadisədən sonra işləmək istəməyib, buna görə işdən çıxıb. Bir qədər sonra isə səhhəti ilə əlaqədar işdən çıxdığını bildirib.

Vəkil Şəhla Hümbətova zərərçəkmişin istintaqda ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyətlər olduğunu onun nəzərinə çatdırıb, hansı ifadəsini təsdiqlədiyini soruşub. Keçmiş polisin cavabı belə olub: «Onda elə demişəm, indi belə deyirəm. Hansı ifadəni qəbul edirsiniz, edin».

Vəkil bu cavabdan sonra Orucovun ifadələrinin sübutlar siyahısından çıxarılmasını, özü haqqında da xüsusi qərar verilməsini istəyib.

«BİR İL 8 AYDIR, ELƏ BİL, ERMƏNİLƏR BİZİ ƏSİR SAXLAYIRLAR»

Ardından təqsirləndirilən şəxslərin işgəncələrə görə ən çox şikayətləndiyi Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəisi olmuş, hazırda isə idarənin əməkdaşı Rasim Qurbanov şahid qismində dindirilib. O iddia edib ki, təqsirləndirilənlər saxlanılarkən onlardan qumbara, qumbara süzgəci və kitabça aşkarlanıb. Qurbanovun «Taleh Bağırzadədir, nədir, onun kitabçası aşkar edildi» deməsi zalda əyləşənlərin etirazına səbəb olub. Onlar şahidin ilahiyyatçı Taleh Bağırovu «vəhhabi» adlandırmasını təhqir kimi qəbul ediblər. Nəticədə polislə zalda əyləşənlər arasından qarşılıqlı təhqirlər eşidilib.

***Buna da bax-'Gəncə Baş Polis idarəsində dedilər şalvarını aşağı çəkib...'

Hakim təqsirləndirilən şəxslərin zaldan çıxarılmasına göstəriş verib.

Təqsirləndirilənlər də yaxınlarının zaldan çıxarılmasına etiraz olaraq, üzlərini boş oturacaqlar tərəfə çevirərək, prosesin dayandırılmasını tələb ediblər. Amma hakim məhkəməni davam etdirib.

Gəncə Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşı Mail Ələsgərov dindirilib. Bu zaman vəkil Bəhruz Bayramov bildirib ki, açıq keçirilməli olan məhkəmə iclası camaatı zaldan çıxarmaqla qapalı aparılır, bu da ciddi qanun pozuntusudur.

Vəkillər bununla əlaqədar Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyasına yazılı etiraz versələr də, baxılmamış saxlanılıb.

Şahid Ələsgərov ifadə verərkən təqsirləndirilən şəxslər buna etiraz olaraq, üzlərini yana çeviriblər. Onlardan ilahiyyatçı Zülfüqar Mikayılov saxlandıqları şüşə qəfəsi döyəcləyərək deyib: «Bizim itirəcək heç nəyimiz qalmayıb. Bizi şərləyib bura salıblar, bu şərləməyə də haqq verməyəcəyik. O qədər bizə zülm olunub ki... Hələ də zülm davam edir. İşverəni gətirib bizim üzümüzə durdurmaq düz iş deyil. Bu 37-ci ilin davamıdır. Bir il 8 aydır, elə bil, ermənilər bizi əsir saxlayırlar».

Məhkəmə aprelin 10-da davam edəcək.

Təqsirləndirilən şəxslər bildiriblər ki, növbəti məhkəmədə yaxınlarının iştirakına icazə verilməsə, onlar da prosesə qatılmayacaqlar.

XS
SM
MD
LG