Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:03

Nardaran işi – 3: 'Məhərrəmlikdə günahsız insanlara 14 il cəza istəmək günahdır'


Həbs.
Həbs.

Nardaran hadisələrindən sonra həbs olunan və 10 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan 12 nəfərlik üçüncü qrupun işində vəkillərin müdafiə çıxışı mərhələsidir.

Oktyabrın 9-da keçirilən məhkəmədə təqsirləndirilən şəxslərdən Eldar BünyadovElxan Həsənovun vəkilləri çıxış edib. Hər iki vəkil hüquqlarını müdafiə etdikləri şəxslərin günahsız, onlara verilən terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama kimi ittihamların saxta olduğunu bildiriblər.

«ƏLİNDƏ ÇƏKİC OLAN...»

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatı E.Bünyadovun məhrum qardaşının evində keçirilib. Əməliyyat zamanı iki güllə yarası alıb, hərəkət qabiliyyətini itirən, hazırda işi məhkəmədə olsa da, yerindən tərpənə bilmədiyinə görə məhkəməyə gələ bilməyən Əbülfəz Bünyadov onun qardaşı oğludur.

Buna da bax: - Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

E.Bünyadovun vəkili Elxan Şükürov deyib ki, müvəkkili ümumiyyətlə, «Müsəlman Birliyi» Hərəkatının üzvü olmayıb. Ondan silah-sursat və «Taleh Bağırzadənin müraciəti» adlı kitabçanın tapılması haqda deyilənlər yalandır. Vəkil çıxışının sonunda E.Bünyadov haqqında bəraət hökmünün çıxarılmasını istəyib:

«Məhərrəmlik ayıdır, günahsız insanlara 14 il və daha yuxarı cəzalar istəmək anormaldır, günahdır».

E.Həsənovun vəkili Ramiz Məmmədov müdafiə çıxışında iş materiallarındakı prosessual pozuntulardan, ziddiyyətlərdən danışıb. Deyib ki, məsələn, E.Həsənovdan qumbara tapıldığı yazılıb, amma qumbaranın markası bəlli deyil.

«Əgər insanın əlində çəkic varsa, o, hər şeyi mismar görür. Bu adamlara qarşı elə davranıblar», – vəkil belə deyib.

***Buna da bax-Nardaran məhbusu: 'İlham Əliyevin iki dəfə vəkili olmuşam...'

Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxslərə 10 maddə ilə ittiham veriblər, amma heç bir sübut ortaya qoymayıblar.

Məhkəmə oktyabrın 16-da Nardaran məhbuslarının son sözü ilə davam edəcək.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG