Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:57

Nardaranda yeni həbslər


Həbs
Həbs

Daxili İşlər Nazirliyi Nardaran sakinlərinin saxlanılması barədə məlumat yayıb. Sentyabrın 22-də və 29-da həbs olunanlar arasında Hatəm Cəlilov, Fəxrəddin Əlxasov da var. İddia olunur ki, adları çəkilən şəxslərin həyətlərindən silah-sursat aşkarlanıb.

Rəsmi məlumatda bildirilir ki, Sabunçu rayonu, 42-ci polis bölməsinin əməkdaşları qəsəbə sakini H.Cəlilovun bağından torpağa basdırılmış, lüləsi və qundağı kəsilmiş «İJ-12» markalı ov tüfəngi, 2 ədəd də patron tapıb. F.Əlxasovun həyətindən isə lüləsi və qundağı kəsilmiş «TOZ-8» markalı tüfəng çıxıb.

Onların hər ikisinə CM-in 228-ci (qanunsuz silah saxlama) maddəsiylə ittiham irəli sürülüb. Həbs olunan Nardaran sakinlərinin videoları da yayılıb. Ayrı-ayrılıqda çəkilmiş həmin görüntülərdə ikisi də bildirirlər ki, silahı uzun illər öncə tapıblar, səhlənkarlıq eləyib polisə təhvil verməyiblər, həyətdə torpaqda gizlədiblər.

Bu ittihamlar üzrə cəza 2 ilədək islah işləri və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmədir.

Ancaq yaxınları deyir ki, onlar təzyiq altında kamera önünə çıxarılıb və etirafa məcbur edilib. Adının çəkilməsini istəməyən Nardaran sakininin AzadlıqRadiosuna bildirdiyinə görə, son 15 gündə qəsəbədə 10 nəfərdən artıq adam həbs olunub. Onlardan ikisi haqqında cinayət işi başlanıb, digərləri isə inzibati qaydada cəzalandırılıb, sutkalıq inzibati həbs cəzası verilib:

«Aşura günü (sentyabrın 20-də) Nardaranda məscidin ətrafına xeyli polis, əsgər gətirilmişdi. Səhər 9-dan sonra adamların məscidə girişinə məhdudiyyətlər yaradırdılar. Ona görə məscidin ətrafında adamlarla polislər arasında gərginlik yaşandı. Hatəm Cəlilov Nardaranın ağsaqqallarından sayılır. O da izah eləməyə çalışdı ki, adamları məscidə buraxmamaqla düz eləmirsiz. Nəticə də bu oldu ki, sonradan onun özü də daxil, etiraz edən xeyli adamı tutub apardılar».

Xatırlatma

Nardaranda 2015-ci il noyabrın 26-da ilahiyyatçı Taleh Bağırov da daxil, onlarla adamın həbsi, ikisi polis olmaqla, altı nəfərin isə ölümüylə nəticələnən əməliyyat keçirilib. Ondan sonra da vaxtaşırı qəsəbədə əməliyyatlar, yerli sakinlər arasında həbslər davam edib. Həbs edilənlərin əksəriyyəti qanunsuz silah saxlamaqda suçlanıblar.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terror çağırışı, qanunsuz silah saxlama və s. ittihamlarla 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG