Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

Narışkinin Bakıda Azərbaycanla kəşfiyyat sazişi imzaladığı xəbər verilir


Sergey Narışkin
Sergey Narışkin

Azərbaycanın rəsmi mediası bu səfər barədə xəbər verməyib

Rusiya xarici kəşfiyyatının başçısı Sergey Narışkin iyulun 19-da Bakıda azərbaycanlı həmkarı ilə kəşfiyyat sahəsində əməkdaşlığa dair saziş imzalayıb.

Rusiyanın TASS dövlət xəbər agentliyi yazır ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin özü verib:

"Bugün (iyulun 19-da) Rusiya və Azərbaycan xarici kəşfiyyat xidmətləri arasında kəşfiyyat sferasında əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş imzalanıb. Bu baza sənədidir...və bizim münasibətlərimizin, qarşılıqlı fəaliyyətimizin inkişafına əlavə impuls verir”.

TASS agentliyinin xəbərində deyilir ki, Narışkinin sözlərinə görə “xarici kəşfiyyat xidmətlərinin planlarına iki ölkənin milli suverenliyi və ərazi bütövlüyünün müdafiəsi, beynəlxalq terrorizm və radikal ekstremizmlə mübarizə, Rusiya və Azərbaycanın üçüncü ölkələrdəki müəssisələrinin və vətəndaşlarının maraqlarının qorunması üçün birgə hərəkətlər daxildir”.

Rusiya XKX-nin başçısı vurğulayıb ki, Azərbaycan və Rusiya kəşfiyyat xidmətləri arasında əməkdaşlığın “yaxşı tarixi” var:

"Biz azərbaycanlı partnyorlarımıza və dostlarımıza böyük hörmətlə yanaşır və Azərbaycan xarici kəşfiyyat xidmətinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndiririk...Biz istiqamətləndiyimiz nəticələri əldə edirik”.

Rəsmi Bakı məlumat verməyib

Narışkin Bakıya səfərdən əvvəl Yerevanda olmuşdu. Ondan daha əvvəl isə Ermənistan paytaxtına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns səfər etmişdi.

Sergey Narışkinin Bakıya səfəri zamanı prezident İlham Əliyevlə görüşdüyü xəbər verilirdi.

Rusiyanın Mir24 TV portalı Sergey Narışkinin habelə azərbaycanlı həmkarı Orxan Sultanovla görüşdüyünü yazır.

Lakin nə İlham Əliyevin, nə də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytlarında Narışkinin səfəri, Bakıda imzalanan hər hansı sənəd barədə məlumat verilməyib.

Narışkinin Azərbaycana səfəri barədə ilk məlumat verən “Sputnik Azərbaycan” olub.

Turan agentliyi diqqəti belə bir məqama çəkir ki, Azərbaycanın rəsmi mediası bu səfər barədə xəbər verməyib.

Agentliyin məlumatına görə iyulun 19-da Narışkinin Bakıdakı Rusiya səfirliyində keçirdiyi mətbuat konfransında yalnız TASS, “Sputnik” və Mir telekanalının müxbirləri iştirak ediblər.

XS
SM
MD
LG