"Sizi ancaq pul maraqlandırırdı, xəstəyə gəlir yeri kimi baxırdınız. Başqa heç nə... İndi də gəlib burada yalan danışırsınız...", – bunu doğmalarını Narkoloji Mərkəzdəki yanğında itirmiş zərərçəkmişlər oktyabrın 9-da məhkəmədə həkim-narkoloq Etibar Kazımova deyiblər.
Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, 29-nun ölümünə səbəb olmuş yanğınla bağlı məhkəmədə şahidlər dindirilir.
Tibb bacısı Çimnaz Ağayeva təsdiqləyib ki, alkoqolizmə görə orada müalicə alan, Mərkəzi yandırmaqda suçlanan Məhəmməd Məmmədovda qapının açarı vardı. Çünki o, Mərkəzdə qaynaq, su borularının, kranın təmiri kimi işlərlə məşğul olurdu.
Məhəmməd Məmmədov da deyir ki, əgər Mərkəzdən çıxıb getmək istəsəydi, oranı yandırmağa ehtiyac yox idi. Çünki bütün günü həyətdə sərbəst olurdu, əlində də açar vardı, istədiyi vaxt çıxıb gedə bilərdi.
QISAQAPANMA
Mərkəzin qəbul şöbəsinin müdiri Eldar Talıbov dindirilməyə başlayanda zərərçəkmişlər bildiriblər ki, qəbul zamanı hər xəstəyə görə 15 manat pul tələb olunurdu. Şöbə müdiri isə bunu təkzib edib.
Zərərçəkmişlər deyirlər ki, hadisədən əvvəl Narkoloji Mərkəzdə elektrik qovşağı yanıb sıradan çıxmışdı. Yanğından sonra onlara deyilən ilk səbəb də bu olub ki, yanğın elektrik naqillərindəki qısaqapanmadan olub: "İndi onun-bunun üstünə atırlar. Səhiyyə Nazirliyi ört-basdır eləyir".
Mərkəzin həkim-narkoloqu Etibar Kazımov dindirilərkən qalmaqal yaranıb. O, ifadəsində deyib ki, Məhəmməd Məmmədov özünə qapanan xəstə idi, ağıl və yaddaş çatışmazlığı vardı. Ancaq o, Məmmədovun müalicə həkimi olmayıb. Vəkillər tələb ediblər ki, müayinə etmədiyi xəstə haqqında hansı əsasla belə danışdığını izah eləsin. Amma o izah edə bilməyib.
"Məhəmmədin ağıl zəifliyi vardısa, onu necə "santexnik" kimi işlədirdiniz?", – bu sualı isə zərərçəkmişlər veriblər və cavab ala bilməyiblər.
İstintaqa ifadəsində Mərkəzin direktoru Telman Məmmədhəsənov və yanğın, təsərrüfat məsələləri üzrə müavin Mahir Abdullayevin əleyhinə ifadə verən həkim məhkəmədə fərqli danışıb. İstintaqda deyib ki, Mərkəzdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmurdu, Mahir Abdullayev xəstələrə elektrik avadanlıqlarından istifadəyə icazə verirdi. Məhkəmədə isə bildirib ki, kimin icazə verməsindən xəbəri yoxdur.
Məhkəmə oktyabrın 12-də davam edəcək.
Xatırlatma
Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29 nəfərin xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.
İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat edib.
Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. Sonuncu şəxs həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A. Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.
Lakin onların heç biri özlərini təqsirli bilmir.