Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 12:09

Narkoloji Mərkəzlə bağlı 15-ci palata müəmması


Narkoloji Mərkəzdə 25 nəfərin öldüyü yanğınla bağlı məhkəmə araşdırmaları zamanı ziddiyyətlər ortaya çıxıb. Məsələn, bir neçə aylıq istintaq araşdırmalarından sonra prokurorluq belə nəticəyə gəlib ki, yanğını alkoqolizmdən əziyyət çəkdiyinə görə 14-cü palatada saxlanılan 64 yaşlı Məhəmməd Məmmədov törədib. O, özünü öldürməkdən ötrü üzərində olan yorğanı yandırıb, ancaq sonra intihar etmək fikrindən daşınıb, yorğanı atıb. Lakin hadisə günü gecə növbəsində olan Mərkəzin işçiləri deyirlər ki, onlar yanğını 14 yox, 15-ci palatada görüblər, Məhəmməd Məmmədov isə orada olmayıb.

Həmin gün növbədə olmuş sanitar Amid Ağayev və tibb bacısı Şəlalə Ələkbərova oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Qapı bağlı, pəncərələrdə də dəmir barmaqlıq olub...

Onlar təsdiqləyiblər ki, yanğın olan korpusun iki qapısından biri daim bağlı olurdu, hadisə vaxtı da açılmayıb, pəncərələrdə də dəmir barmaqlıq vardı. Səbəbini də belə izah edirlər ki, o biri qapı açıq olsaydı, orada müalicə alan şəxslər qaçardılar. Çünki bir çoxu qaçmağa meylli idilər.

"55 xəstədən 30-u çıxdı, 25-i dünyasını dəyişdi. O 30 nəfərin də təxminən 10-u özü qaçıb çıxıb, bir 10 nəfəri itələyib çıxarmışam. Qalanını yerdə qollarından tutub sürümüşəm. Hər dəfə kimisə çıxarıb geri qayıdanda alov bir az da şiddətlənirdi, tüstü çoxalırdı. Axırıncı dəfə içəri daxil olanda tüstüdən görmürdüm, hiss elədim ki, dəhlizdə ayağımın altında kimsə qalıb, əllərindən tutub sürüyüb çıxardım" - sanitar A.Ağayev danışır.

O, deyir ki, xəstələrin bir çoxu dərmanların təsiri altında ayıla bilmədiklərinə görə onları oyandırmaq mümkün olmayıb.

İttihamda yazılıb ki, xəstə Məhəmməd Məmmədov tibb bacısı Şəlalə Ələkbərovadan orada saxlanma müddətinin uzadıldığını öyrənincə, əsəbiləşib. Tibb bacısına deyib ki, Mərkəzi yandıracaq, dağıdacaq. Ancaq Şəlalə Ələkbərova bunu təsdiqləmir: "Yox, mənə elə söz deməyib. Oğlu və yoldaşından şikayətlənirdi. Deyirdi ki, qoy buradan çıxım, gör onların başına nə oyun açacağam".

Yanğında qardaşını itirmiş Südabə İsmayılova da məhkəmədə deyib ki, yanğını Məhəmməd Məmmədovun törətdiyinə inanmır: "Qoca kişini döyüb boynuna qoyub, gətirib oturdublar burada. Əsl günahkar kənarda qalıb. Onlar gəlib burada oturmalıdır".

Məhəmməd Məmmədov özü də ittihamı rədd edir, bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Narkoloji Mərkəzdə yanğınla bağlı məhkəmə oktyabrın 9-da davam edəcək.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29 nəfərin xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.

İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat edib.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş Afət Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Lakin onların heç biri özlərini təqsirli bilmir.

XS
SM
MD
LG