Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 19:33

“ABŞ Natiq Cəfərlinin həbsindən narahatdır”


ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner

“Birləşmiş Ştatlar avqustun 12-də Azərbaycanın müxalif Respublikaçı Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsindən narahatdır”.

Bu bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner verib.

Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş bəyanatda daha sonra deyilir:

“Biz həmçinin əlavə olaraq başqa fəalların da həbslərindən narahatıq. Biz Azərbaycan hökumətini bu və təməl hüquqlarından istifadə etdiklərinə görə məhbus edilmiş başqa fəalların azad edilməsinə, vətəndaşların təməl azadlıqlarına hörmət göstərilməsinə, xüsusilə də konstitusiyaya düzəlişlər üçün keçirilən 26 sentyabr referendumunun ərəfəsində ölkənin hərəkət istiqamətinə dair açıq və ictimai dialoqa imkan yaradılmasına çağırırıq”.

Natiq Cəfərli avqustun 12-də həbs edilib
Natiq Cəfərli avqustun 12-də həbs edilib

Dövlət Departamentinin bəyanatında Azərbaycanda keçiriləcək referenduma da əslində münasibət bildirilib.

“Biz həmçinin hökuməti nəzərdə tutulan konstitusiya dəyişikliklərinin, onlara dair müştərək rəy verilməsi üçün Venesiya Komissiyasına və Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim edilməsinə çağrırıq” – deyilir bəyanatda.

Azərbaycanda yerli insan haqları fəalları, vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil jurnalistlər Natiq Cəfərliyə qarşı baş prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittihamlar irəli sürülsə də, onun həbsinin məhz referendum ərəfəsinə təsadüf etdiyinə diqqət çəkirlər.

Beləki, REAL hərəkatı Konstitutsiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.

İnsan haqları müdafiəçiləri, eləcə də Azərbaycan müxalifəti bildirir ki, Natiq Cəfərlinin həbsinə onun hökumətin ən kəskin tənqidçilərindən biri olması səbəb olub.

Bundan əvvəl Natiq Cəfərlinin ölkədən çıxmasına qadağan qoyulmuşdu.

XS
SM
MD
LG