Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:21

NATO Moskvanı ‘Qorbaçovun imzaladığı müqaviləni’ pozmaqda ittiham edir


8 dekabr 1987. SSRI və ABŞ prezidentləri Mixail Qorbaçov və Ronald Reagan tərksilah müqaviləsini imzalayarkən
8 dekabr 1987. SSRI və ABŞ prezidentləri Mixail Qorbaçov və Ronald Reagan tərksilah müqaviləsini imzalayarkən

NATO Rusiyanı raket sistemini inkişaf etdirməklə, hələ Soyuq Müharibə dövründə imzalanmış əsas nüvə təhlükəsizliyi müqaviləsini pozmaqda ittiham edib.

Alyansın dekabrın 15-də açıqlanmış bu bəyanatından bir neçə gün əvvəl Birləşmiş Ştatlar Moskvaya və onun raket sisteminə münasibətdə sərt mövqe tutacağını bildirmişdi.

NATO-nun bəyanatında qeyd olunur ki, Rusiyanın raket sistemi ciddi narahatlıq doğurur.

Alyans Rusiyanı bu narahatlıqları əhəmiyyətli və şəffaf bir şəkildə aradan qaldırmağa və bu barədə Birləşmiş Ştatlarla texniki dialoqa girməyə çağırır.

NATO bundan əvvəl də Moskvanı Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi Müqaviləsi (Intermediate-Range Nuclear Forces treaty) və ya qısaca INF kimi tanınan razılaşmanı pozmaqda ittiham edib.

1987-ci ildə SSRI və ABŞ prezidentləri Mixail Qorbaçov və Ronald Reagan tərəfindən imzalanmış bu müqavilənin əsasında Avropa qitəsində raketlərin bütöv bir tipi ləğv edilib və bu sənəd bugünədək Vaşinqtonla Moskva arasında silahlara nəzarət razılaşmasının bel sütununu təşkil edir.

Üç il əvvəl Vaşinqton Moskvanı qurudan atılan qitələrarası raket sistemini inkişaf etdirməklə INF-ni pozmaqda günahlandırmışdı. Rusiya bu ittihamları dəfələrlə rədd edib, əlavə informasiya istəyib və cavab olaraq ABŞ-ın Avropadakı raketdən müdafiə sistemini tənqid atəşinə tutub.

Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də israr edib ki, Moskva INF-nin şərtlərinə əməl edir. Putin Vaşinqtonu bu müqavilədən çıxmaq üçün bəhanə axtarmaqda günahlandırıb.

Birləşmiş Ştatların Avropa müttəfiqləri keçmişdə Vaşinqtonun Moskvanın müqaviləni pozmasına dair məlumatları paylaşmamasından narazı olublar.

NATO-nun bu bəyanatından bir gün əvvəl bu müqaviləyə müvafiq olaraq yaradılmış xüsusi texniki komissiya INF ilə bağlı mübahisələri həll etmək üçün görüş keçirmişdi.

Dövlət Departamentinin dekabrın 14-də yaydığı bəyanatda deyilirdi ki, INF beynəlxalq təhlükəsizliyin mövcud sistemində, nüvə tərk-silahında və kütləvi qırğın silahlarının yayılmamasında mühüm rol oynamaqda davam edir və buna görə də bu müqavilənin gücləndirilməsi və qoprunub saxlanması zəruridir.

AzadlıqRadiosu yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin 15 dekabr bəyanatı Dövlət Departamentinin sözü gedən bəyanatını az qala sözbəsöz təkrar edir.

Dövlət Departamenti dekabrın 8-də bildirmişdi ki, Vaşinqton Moskvaya qarşı hərbi və iqtisadi tədbirlərin görülməsini nəzərdən keçirir. Bu, Donald Trump-ın administrasiyasının ilk bu qəbildən olan xəbərdarlığı idi.

Ötən ay Ağ Evin rəsmisi Moskvanın tikdiyi yeni raketlə bağlı Vaşinqtonun şübhələrini ilk dəfə olaraq bəyan etmişdi.

ABŞ Milli Təhlükəslik Şurasının silahlara nəzarət komandasına daxil rəsmisi Christopher Ford raketin kod adının -- 9M729 – olduğunu bidlirmişdi.

Bu bəyanat belə bir narahatlıq yaratmışdı ki, yeni raketin INF-nin nəzarətindən kənarda mövcud sistemə daxil olmadığını müəyyənləşdirmək mümkün olmayacaq. Söhbət təkmil Iskander-M raketindən gedirdi.

Ford-un həmçinin Trump-dan əvvəlki administrasiyasının zamanında ABŞ-ın silahlara nəzarət komandasına daxil rəsmilər haqqında dedikləri ilə təəccüb yaradıb.

O deyib ki, “biz özümüzdən əvvəlki ABŞ heyətindən daha sərt olmağımızla fəxr edirik”.

Ford bildirib: “Bizdən əvvəlkilərdən fərqli olaraq yeni administrasiya belə qərara gəlib ki, bizə miras qalmış INF status quo-su qəbuledilməzdir və biz ruslara özlərinin istədiyini etdikləri bir halda bizim özümüzü məhdudlaşdırmaqda davam etdiyimizi görmələrinə imkan verməməliyik”.

XS
SM
MD
LG