NATO alyansdakı Rusiya missiyasının 8 üzvünü qovub. Buna səbəb onların Rusiya kəşfiyyat xidmətlərinə bağlı olmalarının aşkarlanması olub.
Adının çəkilməsini istəməyən alyans rəsmisi AzadlıqRadiosuna deyib ki, NATO “Rusiyanın aqressiv hərəkətlərinə çəkindirmə və müdafiə ilə reaksiya” versə də, Moskva ilə dialoqun davam etdirilməsinə tərəfdardır:
"Biz təsdiq edirik ki, Rusiyanın NATO-dakı missiyasının Rusiya kəşfiyyat zabitləri olduqları bəyan edilməyən səkkiz üzvünün akkreditasiyasını ləğv etmişik. Biz habelə təsdiq edirik ki, Rusiya Federasiyasının NATO-da akkreditasiya oluna biləcək yerlərinin sayını azaltmışıq”.
Rəsmi daha sonra deyib ki, NATO-nun Rusiyaya münasibətdə suyasəti sabit olaraq qalır:
“Biz Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq çəkindirmə və müdafiə reaksiyamızı gücləndirmişik, amma eyni zamanda mənalı dialoq üçün açıq qalırıq”.
18 aylıq təklif qüvvədə qalır
NATO və Rusiya arasında son vaxtlar münasibətlər xeyli gərginləşib. Bu münasibətlər Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən bəri məhdudlaşdırılıb.
30 üzvdən ibarət Qərb alyansı habelə Rusiyanın nüvə raketləri tikməsindən, NATO-nun hava məkanına müdaxilələrindən və alyans gəmilərini qırıcılarla qısnamasından narahatdır.
İki tərəf arasında yeganə dialoq forumu olan NATO-Rusya Şurasının fəaliyyəti dayanıb.
Həmin rəsmi bildirib ki, alyans 18 ay əvvəl bu şuranın daha bir görüşünü təklif edib və bu təklif hələ də qüvvədə qalır.
“Qeyri-simmetrik” reaksiya?
NATO-nun son addımına Moskvadan hələki rəsmi reaksiya olmayıb, amma vəzifəli Rusiya millət vəkili Leonid Slutski Interfax agentliyinə deyib ki, Moskva NATO-nun bu qərarına cavab addımı atacaq.
Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Slutski bildirib ki, Rusiyanın reaksiyası “simmetrik” olmaya da bilər.
Bu, NATO-nun son illərdə Rusiyaya münasibətdə ikinci sərt addımıdır. Alyans bundan əvvəl, 2018-ci ildə keçmiş casus Sergey Skripalın İngiltərədə zəhərlənməsinə cavab olaraq Rusiyanın NATO missiyasındakı 7 nümayəndəsinin akkreditasiyasını ləğv etmişdi.
Həmin vaxt alyans üzvü olan ölkələr Rusiya diplomatik missiyalarındakı kəşfiyyat casuslarını qovmuşdular.
Onda NATO Rusiya missiyası üzvlərinin sayını 30-dan 20-yə endirmişdi.
Keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı Yuliya hərbi təyinatlı Noviçok maddəsi ilə zəhərlənmədən ölə bilərdilər.