Müxalifət siyasətçisi Aleksey Navalnı Moskva vaxtılə saat 16:00-da Borisovskoye qəbirstanlığında torpağa tapşırılıb.
Bundan əvvəl yaxınlıqdakı müqəddəs Məryəm kilsəsində mərhum üçün ölü duası mərasimi keçirilib.
Navalnı ilə vidalaşmaya minlərlə insan gəlib.
Navalnının keçmiş mətbuat katibi Kira Yarmış deyib ki, “Terminator-2” mərhumun ən xoşuna gələn film idi. Dəfn zamanı bu filmdən final səhnəsinin musiqisi səsləndirilib.
Müxalifətçinin dul xanımı Yuliya Navalnaya ərinə ünvanlanmış vida sözlərini dərc edib. O Alekseyə “26 illik tam səadətə” görə təşəkkürünü bildirir:
"Lyoşa, 26 illik tam səadətimə görə çox sağ ol. Hətta son üç ilin səadətinə görə də. Məhəbbətinə, həmişə arxa olmağına, hətta həbsxanadan da məni güldürməyə çalışmağına, daim məni düşünməyinə görə çox sağ ol. Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma mən çalışacağam ki, sən orda göylərdə mənim əvəzimə sevinə və mənimlə fəxr edə biləsən. Bilmirəm, bacaracağam, yoxsa yox? Amma çalışacağam”.
Xəbər verilir ki, Navalnının nəşi torpağa tapşırılandan sonra adamları qəbirstanlığa buraxmağa başlayıblar.
Aleksey Navalnı ilə son görüşə minlərlə insan gəlib. Dəfnə toplaşanlar xorla “Navalnı”, “Bağışlamayacağıq” və “Putin qatıldır!” şüarlarını səsləndiriblər.
***
Navalnının keçmiş sözçüsü Kira Yarmış başqa bir postunda yazıb ki, mərasim xidmətləri əvvəlcə siyasətçinin nəşini Moskva morqundan kilsəyə aparmaqdan imtina ediblər, son anda razılaşıblar.
"Alekseyin nəşi qohumlarına verilib, cənazə tezliklə kilsəyə aparılacaq", - Yarmış tvitində yazıb.
Kremlin xəbərdarlığı
Kremlin sözçüsü Dmitri Peskov reportyorlarla konfrans zəngində deyib ki, Navalnıya istənilən icazəsiz dəstək aksiyası qanun pozuntusu sayılacaq. Bu isə polisin izdihama müdaxilə edəcəyinə dair təhdid sayıla bilər.
Peskovun sözlərinə görə, Kremlin Navalnı barədə bir siyasətçi kimi dəyərləndirməsi, onun ailəsinə deyiləcək sözü yoxdur.
"Ancaq bizim Kremlə - Alekseyin qatillərinə deyəcəyimiz var", - Yarmış ona cavabında yazıb.
Kreml Navalnının ölümündə hər hansı məsuliyyəti olmadığını dəfələrlə bildirib.
+++
Moskvada müxalif siyasətçi Aleksey Navalnı ilə vida mərasimi keçiriləcək kilsənin, dəfn olunacağı qəbiristanlığın ətrafına təhlükəsizlik qüvvələri yığışır.
"Maryino" metrostansiyasından kilsə və qəbiristanlığa gedən yolda metal baryerlər düzülüb. Yerli media xəbər verir ki, Moskva çayının hər iki tərəfində yoldan keçənləri sənədləri, şəxsi əşyaları yoxlanılır.
"Sota"nın məlumatına görə, martın 1-də səhər Müqəddəs Məryəmin İkonası Kilsəsinin yanında müxtəlif ölçülü azı 40 polis maşını düzülüb. Ətrafda xüsusi geyimli çevik polis alayı keşik çəkir.
"Mediazona" əməkdaşı mobil telefonlarda internetdə kəsintilər olduğunu xəbər verir. "Insider" isə bir gün öncə yazıb ki, kilsə yaxınlığında təhlükəsizlik qüvvələrinin öz aralarında kommunikasiyası üçün antena quraşdırılıb.
Navalnı bu gün dəfn olunur
Martın 1-də rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə Moskvada vida mərasimi keçiriləcək və o, dəfn olunacaq. Artıq adamların iştirakını əngəlləməyə yönəlik təhlükəsizlik tədbirlərinə, digər taktikaya əl atılıb.
Navalnının sözçüsü Kira Yarmış X platformasında yazıb ki, mərasim yerli vaxtla saat 2-də vaxtilə Navalnının yaşadığı Maryino rayonunda Müqəddəs Məryəmin İkonası Kilsəsində başlayacaq.
"Bütün dirənişə baxmayaraq, Aleksey ilə vida sabah baş tutacaq. Vida mərasimi 14:00-da, dəfn 16:00-dadır. Moskvadasınızsa, gəlin", - Yarmış yazıb.
O, dəfnin YouTube-da canlı yayımlanacağını sözlərinə əlavə edib.
Təhlükəsizlik kameraları quraşdırılıb
Mərasimə nə qədər adamın gedəcəyi, hakimiyyətin kütləyə necə nəzarət edəcəyi aydın deyil.
Rusiyada Navalnının xatirəsini güllə yad edən yüzlərlə insan artıq saxlanılıb.
Rusiyanı tərk etmiş tanınmış mülki hüquqlar vəkili İvan Pavlov deyib ki, hakimiyyət dəfnə "arzuolunmaz kütləvi tədbir" kimi baxacaq, iştirakçılığı azaltmağa çalışacaq.
"Əminəm ki, hər tərəfdə polis kordonları qurulacaq, videomüşahidə aparılacaq. Profilaktik tədbir olaraq onlar fəalları polis şöbələrinə çağıracaqlar, evlərinə gedərək onlara xəbərdarlıq verəcəklər. Bunu artıq görmüşük", - o deyib.
Vida mərasimindən sonra Navalnı Moskva çayının digər tərəfində, kilsədən iki km məsafədə yerləşən Borisovskoye qəbiristanlığında basdırılacaq.
AzadlıqRadiosunun rus xidməti artıq qəbiristanlıqda və yaxınlıqdakı metro stansiyasında təhlükəsizliyin gücləndirildiyini xəbər verir. Qəbiristanlıq ətrafındakı küçə lampalarında təhlükəsizlik kameraları quraşdırılıb.
"RusNews" və "Mojem Obyasnit" Telegram kanalları qəbiristanlığa girişin məhdudlaşdırıldığını yazırlar.
Bütün dünyadakı tərəfdarlara çağırış
Navalnının Antikorrupsiya Fondunun keçmiş başçısı İvan Jdanov bildirib ki, dəfnə yalnız qohumların buraxılacağı barədə mediada şayiələr dolaşır: "Bizdə belə informasiya yoxdur. Bildiyimiz odur ki, kilsə hamıya açıq olacaq".
Navalnının komandası Kremlin tənqidçisinin bütün dünyadakı tərəfdarlarına müraciət ediblər ki, yaşadıqları ərazilərdə axşam saat 7-də bir yerə yığışsınlar.
47 yaşlı Navalnı fevralın 16-da Rusiyanın uzaq Arktika həbsxanasında vəfat edib. Onun nəşi anasına fevralın 24-də təhvil verilib. Müxalifətçinin təbii səbəblərdən öldüyü açıqlanıb.
Anası Lyudmila Navalnaya deyirdi ki, rəsmilər oğlunun harada, necə dəfn olunması ilə bağlı şərtlər irəli sürmək, onun sakitcə dəfn olunmasına çalışıblar.
Tərəfdarları siyasətçinin öldürüldüyünü deyirlər. Onun xanımı Yuliya ərinin işini davam etdirəcəyini deyib.