Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:54

Navalnının rusiyalı məhbusla dəyişdirilməsi müzakirə olunurmuş


Aleksey Navalnı
Aleksey Navalnı

Rusiyalı müxalifətçi Aleksey Navalnının Sibirdə həbsxanada vəfatından öncə onun da dəyişdirilməsini nəzərdə tutan məhbus mübadiləsi son mərhələdə olub. Belə bir iddia ilə Navalnının Antikorrupsiya Fondunun sədri Mariya Pevçix çıxış edib.

Pevçix fevralın 20-də YouTube-da videomüraciətində deyib ki, Navalnının həmkarları iki il ərzində Qərb rəsmilərini inandıra biliblər ki, Kremlin tənqidçisini və Rusiya həbsxanalarındakı iki ABŞ vətəndaşının dəyişdirilməsi üzrə danışıq aparsınlar. Söhbət onların Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş polkovniki, 2019-cu ildə Berlində keçmiş çeçen döyüşçünün qətlinə görə məhkum edilmiş Vadim Krasikova dəyişdirilməsindən gedir.

Pevçix mübadiləyə salınacağı deyilən ABŞ vətəndaşlarının adlarını çəkməyib. Hazırda Rusiya həbsxanalarında bir neçə amerikalı saxlanılır. Onların sırasında keçmiş dəniz piyadası Pol Uilan (Paul Whelan), "The Wall Street Journal" qəzetinin müxbiri Evan Qerşkoviç, AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva da var. Navalnının "humanitar mübadilə" çərçivəsində razılaşmaya salınacağı bildirilir.

Putin Karlsona nə demişdi

"Fevralın əvvəlində (Rusiya prezidenti Vladimir) Putinə təklif olunub ki, FSB-nin killeri, hazırda Berlində qətlə görə cəza çəkən Vadim Krasikovun əvəzində iki amerikalını və Aleksey Navalnını azadlığa buraxsın. Danışıqların fevralın 15-də axşam yekun mərhələdə olması barədə informasiyanı mənə təsdiqləyiblər. Fevralın 16-da Navalnı öldürüldü", - Pevçix vurğulayıb.

Ancaq bu bəyanatları digər mənbələr nə təsdiqləyib, nə də təkzib edib.

Fevralın 26-da Berlində gündəlik mətbuat konfransında Almaniya hökumətinin sözçüsü Kristian Hofman deyib ki, bunu şərh edə bilməz.

Putin bu ayın əvvəlində ABŞ-dan şərhçi Taker Karlsona (Tucker Carlson) deyib ki, Qerşkoviçin buraxılması üçün razılaşma əldə oluna bilər. Qerşkoviç ötən ilin martında Rusiyada casusluq ittihamı ilə saxlanılıb. Ancaq özü, çalışdığı qəzet, eləcə də ABŞ hökuməti ittihamı "əsassız" adlandırıb. Putin jurnalistin Almaniyada qətlə görə ömürlük cəza çəkən "vətənpərvər" rusiyalıya dəyişdirilə biləcəyini demişdi. Onun Krasikovu nəzərdə tutduğu güman edilir.

"The Wall Street Journal" isə o zaman yazıb ki, Putin Krasikovun Qerşkoviç daxil olmaqla, ABŞ məhbusları ilə dəyişdirilməsini istəyir, Krasikov istənilən sövdələşmənin mərkəzində dayanır.

Pevçix videoda iddia edir ki, Putin Navalnının azadlıqda olmasına "dözməzdi" və onu dəyişdirmək əvəzinə, sövdələşmə predmetindən canını qurtarmaq qərarına gəlib. Ancaq o, iddiasını əsaslandırmayıb.

Abramoviç vasitəçilik edib?

Pevçix onu da əlavə edib ki, rusiyalı milyarder Roman Abramoviç Kremllə ABŞ və Avropa rəsmiləri arasında qeyri-rəsmi vasitəçi kimi çıxış edib. O, Abramoviçdən tanışları vasitəsilə bu barədə soruşduğunu, ancaq onun sualları cavablandırmadığını sözlərinə əlavə edib.

Abramoviç bu deyilənləri şərh etməyib. Kremldən də şərh gəlməyib.

Navalnının nəşi həftəsonu, vəfatından bir həftə sonra ailəsinə verilib. O, uzaq "Qütb ayısı" həbsxanasında ekstremizm və başqa ittihamlarla 19 il həbs cəzası çəkirdi. Özü və tərəfdarları isə ittihamları rədd edir, siyasi motivli sayırdı.

Müxalifətçisinin ölüm səbəbi açıqlanmayıb.

Navalnının anası Rusiya rəsmilərini ona oğlunu gizlin dəfn etmək üçün təzyiq göstərməkdə ittiham edib. Məqsədin Putinin açıq tənqidçisinin dəfninə izdihamın yığışmasını önləmək olduğu bildirilir.

Kremlin sözçüsü Dmitri Peskov isə fevralın 26-da təzyiqlə bağlı deyilənləri "absurd" adlandırıb.

XS
SM
MD
LG