Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Naxçıvanın vergi və işsizlik rəqəmləri bir-birini inkar edir


Foto: Arxiv
Foto: Arxiv
-
Rəsmi statistikaya inansaq, hazırda Naxçıvan Muxtar Respublikasında işsizlik səviyyəsi sıfıra yaxındır.

Həmin məlumata görə, hazırda muxtar respublikada 221 min nəfər işlə təmin olunub. Rəsmən 435 min nəfər əhalisi olduğu deyilən Naxçıvanda bu, əməkqabiliyyətli insanların böyük əksəriyyətinin işlə təmin olunması deməkdir. Yenə rəsmi məlumata görə, muxtar respublikada əməkqabiliyyətli insanların sayı 272 min nəfərdir.

Rəsmilər bildirirlər ki, muxtar respublikada işsiz statusunda qeydə alınan olmadığından işsizliyə görə müavinət alanlar da yoxdur.

Bəzi mütəxəssislər isə bu rəqəmin inandırıcı olmadığını düşünürlər. Onlar hər şeydən əvvəl Naxçıvanda reallıqda 435 min nəfərdən xeyli az insanın yaşadığını iddia edirlər.

Mütəxəssislərin ikinci arqumentinə görə, orda yaşayanların əksəriyyəti işsizdir.

Elə, digər rəsmi rəqəmlərin özü də Naxçıvanda hazırda 221 min nəfərin işlədiyi haqda məlumatlara ehtiyatla yanaşmağa əsas verir.

RƏSMİ RƏQƏMLƏR ARASINDA TƏZADLAR...

Naxçıvanın builki dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisinin məbləği cəmi 14 milyon manat nəzərdə tutulur. Qanuna görə, dövlət və özəl müəssisələrdə çalışan, 105 manatdan artıq maaş alan hər bir nəfər dövlətə vergi ödəməlidirlər. Həmin vergi isə özünü dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi kimi göstərir.

Bəs, Naxçıvanda 221 min nəfər işləyən kimlərdir və onlar dövlətə necə vergi ödəyirlər?

Rəsmi rəqəmlərə görə, Naxçıvanda 101 min nəfər muzdlu işçi qismində dövlət, hökumət və dövlətə məxsus müəssisələrdə, 110 min nəfər isə özəl sektorda çalışır. Üstəlik, məhsul buraxılışı və satışla məşğul olan təxminən 10 min nəfər fiziki şəxs kimi qeydiyyatdadır.

SADƏ HESABLAMA...

Muxtar respublikada muzdla işləyən 101 min nəfərin orta aylıq əməkhaqqı 360 manatdır. Həmin şəxslərin 14 faizlik gəlir vergilərini ortalama 360 manata nisbətdə götürsək, onların hər biri il ərzində büdcəyə 605 manat vergi ödəməlidirlər. 101 min nəfərin ödəyəcəyi ortalama illik vergi isə təxminən 60 milyon manat edər.
Naxçıvan Avtomobil Zavodu
Naxçıvan Avtomobil Zavodu

Naxçıvanda özəl müəssisələrdə çalışan 100 min nəfərin orta aylıq əməkhaqqı isə 347 manat göstərilir. 100 min nəfərin ödəyəcəyi ortalama illik vergi isə 58 milyon manat etməlidir.

Rəsmi məlumata görə, ötən il Naxçıvandakı satış dövriyyəsi 1 milyard 300 milyon manatdan artıq olub. 10 min nəfərə yaxın fiziki şəxsin məhsul buraxılışı və satışı isə 300 milyon manata yaxın olub. Bu da onu deməyə əsas verir ki, bu işlərlə məşğul olan fiziki şəxslərin 2 faizlik gəlir vergisi ən az 6 milyon manat olmalıdır.

ONDA NİYƏ 14 MİLYON MANAT?

Statistik rəqəmləri müqayisə etdikdə məlum olur ki, Naxçıvanın dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 120 milyon manatdan artıq nəzərdə tutulmalı idi. Bu rəqəm isə cəmi 14 milyon manatdır.

Belə çıxır ki, ya iş yerlərinin sayı və orta aylıq əməkhaqqı şişirdilib, yaxud da büdcədən xeyli miqdarda pul gizlədilir.

«FİZİKİ ŞƏXSLƏRİN GƏLİR VERGİSİ 100 MİLYON MANATDAN ARTIQ OLMALI İDİ»

İqtisadçı ekspert Natiq Cəfərli də elə bunu deyir:

«Ya statistikanı yaxşılaşdırmaq üçün rəqəmləri şişirdiblər, ya da orta aylıq əməkhaqqı düzgün hesablamayıb. Hər iki variantın göstərici fiziki şəxslərin gəlir vergisinin həcmində özünü göstərir. Çünki, bu qədər iş yeri və bu qədər maaş olsa idi, büdcəyə ciddi şəkildə məbləğ ödənilməli idi. Ya iş yeri haqda məlumatlar şişirdilib, ya da Naxçıvanda bu qədər işləyən yoxdur.
Natiq Cəfərli
Natiq Cəfərli
Rəsmi rəqəmlərin yaratdığı mənzərədə bir uyğunsuzluq var. Bütün deyilənlər düz olsa idi, fiziki şəxslərin gəlir vergisi 100 milyon manatdan artıq olmalı idi. Bu rəqəm isə cəmi 14 milyon manatdır. Çox ciddi uyğunsuzluqdur. Əgər fiziki şəxslərin gəlir vergisi gizlədilmirsə, orta aylıq əməkhaqqı ilə bağlı göstərilən rəqəm də düzgündürsə, o zaman Naxçıvanda işləyənlərin sayı 220 min yox, cəmi 30-35 min olardı. Çünki 30-35 min nəfər həmin orta aylıq maaşla 14 milyon manat büdcəyə vergi ödəməli idi. Belə nəticəyə gəlmək olar ki, ya büdcədən əhəmiyyətli miqdarda pullar gizlədilir, ya da Naxçıvanda o qədər əhali yaşamır və qeyd olunan qədər iş yeri yoxdur».

«BİZ 7 QARDAŞIQ, NAXÇIVANDA TƏK MƏN QALMIŞAM»

Naxçıvan sakini Məhəmməd Qarayev də Naxçıvanda iş yerlərinin olmamasından şikayətlənir:

«Çox yanlış rəqəmlərdir. Dəfələrlə müraciət eləmişəm işsizlik idarəsinə, qeydə də alıblar. İllərlə get-gəldən sonra deyiblər ki, iş yoxdur. İş olsa, Naxçıvanın yarıdan çoxu Türkiyəyə, Bakıya köçməzdi. Ailələrin çoxu köçüb İstanbulda yaşayır. Biz 7 qardaşıq, Naxçıvanda tək mən qalmışam. Hamısı ailəsini də götürüb işsizlikdən tərk edib buranı».

«BİZDƏ HƏR ŞEY QAYDASINDADIR»

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin aparat rəhbəri Əli Şabanov bildirdi ki, Naxçıvanda vergi ödəyəcək hər kəs nəzarətdədir və qanun çərçivəsində bütün vergilər toplanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Məşğulluq Xidmətindən isə suallarımızı cavablandırmaq istəmədilər.

Muxtar Respublika Maliyyə Nazirliyindən isə Naxçıvan büdcəsinin qanunlar çərçivəsində formalaşdığını bildirdilər. Ancaq onlar rəqəmlərdəki uyğunsuzluğu izah etmək istəmədilər:

«Burada belə bir şey ola bilməz axı. Hər şey bizdə qaydasındadır».
XS
SM
MD
LG