Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını (MR) Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqelərini ifadə edib. O bildirib ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvan MR-ə daşındığı zaman azad edilməsini gözləyir: "Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq".
Prezidentin köməkçisi Kalininqrad modelindən də danışıb: "Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq...".
Hələlik, H.Hacıyevin bu dediklərinə Ermənistan rəsmiləri münasibət bildirməyiblər. Amma buna qədər onlar deyiblər ki, Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək yol yalnız Ermənistanın suverenliyinin təmin edilməsi ilə gerçəkləşə bilər.
Kalininqrad modeli nədir?
Həmin yol üçün Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi.
SSRİ dağılandan sonra, digər respublikalar kimi, Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirmiş olub. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bu sazişi ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi.
Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Amma Avropa İttifaqı ilə Rusiyanın 2002-ci ildəki birgə bəyanatında bildirilir ki, tranzit rejimi Litvanın lazım olan nəzarəti həyata keçirməsinə və öz ərazisinə giriş qadağasını tətbiq etməsinə suveren hüququnu məhdudlaşdırmayacaq.
Bütün bunlarla belə, Litva Rusiyanın Kalininqrad vilayətinə malların tranzitinə məhdudiyyətləri genişləndirir. 2022-ci ildə Litva hakimiyyəti sanksiyaya məruz qalan yüklərin dəmiryol ilə Kalininqrad vilayətinə daşınmasını kvotalar vasitəsilə məhdudlaşdırıb. Məhdudiyyətlərə tikinti materialları, ağac, metallar, sement, kürü və spirt daxildir.
Ən son məlumata görə isə, Litva birtərəfli qaydada Kalininqrad vilayətinə dəmiryol tranziti tariflərinə yenidən baxır. Bunu Kalininqradın qubernatoru Anton Əlixanov "RİA Novosti"yə bildirib.
"Paşinyanın başlıca məqsədi..."
Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu mövzu ilə bağlı "Turan"a deyib ki, 2020-ci il noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyanatın 9-cu bəndi həmin əlaqənin yaradılmasını nəzərdə tutur. Hərçənd Ermənistan tərəfi də bundan əvvəl dəfələrlə vurğulayıb ki, həmin bəyanatda dəhliz yaradılmasından söhbət getmir.
Deputat xatırladıb ki, SSRİ vaxtında sözügedən dəmiryol xətti fəaliyyət göstərib və 1992-ci ilə qədər işlək vəziyyətdə olub: "Azərbaycan üçtərəfli bəyanat imzalanandan sonra (Ermənistanın Sünik bölgəsindən keçməli olan) "Zəngəzur dəhlizi"nin açılması üçün öz ərazisində infrastruktur quruculuğunu həyata keçirməyə başladı və artıq bu dəhlizin açılmasına hazırdır".
E.Mirbəşiroğlunun sözlərinə görə, başlanğıcda Ermənistan "Zəngəzur dəhlizi"ndən Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb: "Amma Azərbaycan İranla bu ölkənin ərazisindən keçməklə Naxçıvanla əlaqənin qurulması haqqında razılaşma imzaladı. Ermənistan gördü ki, bizim alternativimiz var və bu onun xoş olmayan manevr imkanlarını məhdudlaşdırdı. Sonra Nikol Paşinyan israrla səsləndirib ki, nəqliyyat əlaqələri ölkələrin birbaşa nəzarəti altında olmalıdır. Bununla da Paşinyanın başlıca məqsədi ərazisindən keçəcək xəttə Rusiyanın nəzarət imkanlarının olmamasıdır".
Azərbaycan Rusiyanı düşünür?
Azərbaycanda hakimiyyətə müxalif olan bəzi təhlilçilər də düşünür ki, əslində həmin yolla bağlı rəsmi Bakının tez-tez bir sıra şərtlər irəli sürməsi Moskvanın maraqlarını nəzərə almaq və sülh danışıqlarını yubatmaq məqsədi güdür.
Amma siyasi şərhçi Zərdüşt Əlizadə AzadlıqRadiosuna bildirib ki, bu yolun işləmə mexanizmi ilə bağlı bir neçə mövqe olub: "Könüllü və ya Rusiyanın təhriki ilə Azərbaycan tərəfi 'Zəngəzur yolu'nun Laçın dəhlizi statusunda olmasını istəyib. Ermənistan bunu istəmədi, onda biz Laçın yolunu öz sərəncamımıza götürdük və bildirdik ki, Ermənistan 'Zəngəzur yolu'nu da öz sərəncamına götürə bilər. Sonra Rusiya 'Zəngəzur yolu'nu öz nəzarətinə götürmək istədi, Ermənistan bunu istəmədi".
Onun deməsinə görə, daha sonra Ermənistan, ümumiyyətlə, həmin yolun bərpasından imtina etdi: "Buna cavab olaraq Azərbaycan İranla razılaşma əldə etdi. Ermənistan isə anladı ki, yenə də regional layihədən kənarda qala bilər və razılığını verdi, amma 'Zəngəzur yolu'nu yox, Ermənistandan keçən başqa yolu göstərdi".
"Bu, Rusiyanın xoşuna gəlməsə belə"
Z.Əlizadənin ehtimalına görə, Azərbaycan 'Zəngəzur yolu'nun nəzarətinə iddia etmir, sadəcə istəyir ki, Naxçıvana gedən yüklər nəzarətsiz keçsin: "Beynəlxalq təcrübədə belə bir nümunə var. Bu, Kalininqrad vilayəti ilə Rusiyanı əlaqələndirən dəhlizdir. Həmin dəhlizdən Rusiyadan gedən qatarlar Litva ərazisindən maneəsiz Kalininqrada keçir və onları nə gömrükçülər, nə də sərhədçilər yoxlayır. Bu rejim Ermənistandan keçən 42 kilometrdə də tətbiq edilə bilər".
Politoloq hesab edir ki, Kalininqrad variantı qəbul olunarsa, Rusiya həmin yola nəzarət edə bilməz: "Amma bu, hətta Rusiyanın xoşuna gəlməsə belə, buna mane ola bilməz. Rusiya son illərdə çox zəifləyib və Ermənistana ciddi təzyiq göstərə bilməz".
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. 2023-cü il sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib.