Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:00

Son 6 ayda Naxçıvanda işçilərin sayı 50 min nəfər azalıb


Naxçıvanda işini itirənlər, əsasən, orta aylıq maaşdan az gəliri olan şəxslərdir
Naxçıvanda işini itirənlər, əsasən, orta aylıq maaşdan az gəliri olan şəxslərdir

Dövlət Statistika Komitəsi (DSK) bu ilin ilk doqquz ayında əmək bazarının durumuna dair bilgiləri açıqlayıb. Komitənin ilk yarımillə bağlı hesabatında Naxçıvandakı qəribə durum diqqət çəkmişdi. Belə ki, 2023-cü il aprelin 1-nə Naxçıvanda 109 min nəfər muzdlu işçi vardı. Üç ay sonra – iyulun 1-də həmin işçilərin sayı 86 min nəfərə enmiş, başqa sözlə, 23 min nəfər azalmışdı. Son açıqlanan rəqəmlərdən görünür ki, azalma daha sonra da davam edib. Oktyabrın 1-nə muxtar respublikada 60 min 335 nəfər muzdlu işçi olub. Deməli, son altı ayda Naxçıvandakı muzdlu işçi sayı 50 min nəfərə yaxın və ya 45 faiz azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikadakı muzdlu işçi sayında azalma 50 faizə yaxındır. Başqa deyimlə, son bir ildə burada rəsmi əmək müqaviləsi ilə çalışan hər iki işçidən biri işini itirib.

Azalma ən çox haradadır?

Muzdlu işçi sayını Naxçıvan Muxtar Respublikasına daxil olan rayon və şəhərlər üzrə gözdən keçirərkən bəlli olur ki, bütün rayon və şəhərlərdə belə azalma var. Son altı ayda Naxçıvan şəhərində 26 min nəfər, Şərur rayonunda 6 min nəfər, Babək rayonunda 4 min nəfər, Ordubad rayonunda 3 min 700 nəfər, Culfa rayonunda 3 min 400 nəfər, Kəngərli, Sədərək və Şahbuz rayonlarında isə 2 min nəfər muzdlu işçi olub.

İşçi sayının sektorlar üzrə təhlili göstərir ki, muxtar respublikadakı azalma özəl sektordan qaynaqlanır. Son altı ayda dövlət sektorunda çalışanların sayı təxminən 700 nəfər azalaraq 36 min nəfərə enib. Özəl sektorda isə bu il aprelin 1-də 72 min şəxs çalışdığı halda, indi 24 min nəfər qalıb. Deməli, cəmi altı ay içində Naxçıvanda özəl sektorda çalışanların üçdə ikisi işini itirib.

DSK Naxçıvanda iqtisadi fəaliyyət növləri baxımından toplam işçi sayını açıqlamayıb. İqtisadi fəaliyyətdə sadəcə ölkə üzrə göstəricilərin azaldığı bildirilib. Açıqlanan rəqəmlərdən görünür ki, son bir ildə iqtisadi fəaliyyət növləri üzrə kəskin azalma yalnız tikinti sektorunda baş verib. Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərənlərin sayı 20 min nəfər aşağı düşüb Bu baxımdan, ehtimal etmək olar ki, Naxçıvanda işçi sayındakı azalmanın da əsas səbəbi elə inşaat sektoru ilə bağlıdır.

DSK-nın açıqladığı göstəricilər də muxtar respublikada tikinti fəaliyyətinin kəskin azaldığını təsdiqləyir. Bu ilin ilk doqquz ayında burada gerçəkləşdirilən tikinti işlərinin dəyəri cəmi 53.5 milyon manat olub. Ötən ilin uyğun dövründə həmin rəqəm 599 milyon manat idi. Deməli, bu il Naxçıvanda tikinti işləri ilə bağlı xərclər 10 dəfədən çox azalıb.

Naxçıvanda muzdlu işçi sayı yarıbayarı azalsa da, orta aylıq əməkhaqqı artıb. Hazırda muxtar respublika ərazisində orta aylıq əməkhaqqı 671 manat civarındadır. Altı ay öncə bu rəqəm 644 manat idi. Bu baxımdan, bəlli olur ki, Naxçıvanda işini itirənlər, əsasən, orta aylıq maaşdan az gəliri olan şəxslərdir.

Ölkə üzrə göstəricilər necə dəyişib?

Naxçıvanda işçi sayının azalması ölkə üzrə toplam göstəriciyə də təsir göstərib. İndi ölkədə 1 milyon 720 min nəfər əmək müqaviləsi ilə çalışır. Bu, altı ay ərzində 16 min nəfər işçinin azalması deməkdir. Muzdla çalışanların 928 min nəfəri - 54 faizi Bakıdadır. Sumqayıt şəhəri və Abşeron rayonu da nəzərə alınsa, ölkədə əmək müqaviləsi ilə çalışanların 60 faizinin Abşeron yarımadasında, qalan 40 faizininsə ölkənin digər bütün digər rayon və şəhərlərində olduğu bilinir. Sırf özəl sektorda çalışanlar arasında paytaxt və ona yaxın ərazilərin payı daha yüksək – 70 faizdir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasında muzdlu işçi sayının kəskin azalması məşğulluqda paytaxtın payını bir qədər də artırıb.

Naxçıvanın əmək bazarında baş verən dəyişikliklər toplam məşğulluqda dövlət sektorunun payını da nisbətən yüksəldib. Hazırda muzdlu işçilərin 52 faizi dövlət sektorunda çalışır. Deməli, ölkədə rəsmi maaşla işləyən şəxslər arasında dövlətdən maaş alanların sayı özəl sektordakılarla müqayisədə daha çoxdur. Bu baxımdan, Azərbaycan Avropa məkanında məşğulluq baxımından dövlət sektorunun payının ən yüksək olduğu ölkələrdəndir. Məşğulluqda dövlət sektorunun yüksək paya sahib olması Azərbaycanda özəl biznesin məhdud inkişafının da göstəricisidir. Bir çox müstəqil ekspertin fikrincə, dövlətdən maaş alan şəxslərin çoxluğu hökumətə seçki saxtakarlığı və digər siyasi işlərdə inzibati resurslar hesabına bu insanlardan faydalanmağa kömək edir.

XS
SM
MD
LG