Azərbaycanın müdafiə naziri Zakir Həsənov Naxçıvanda hərbi əməliyyatla bir çox yüksəkliklərin ələ keçirildiyini, 11 min hektar ərazinin işğaldan azad edildiyini bildirir.
Nazir hələ bir ay əvvəl - may ayında keçirilən əməliyyat barədə indi rəsmi xəbər verilməsini Ermənistandakı siyasi vəziyyətlə izah edir. Bu barədə Zakir Həsənov iyunun 20-də keçiridiyi mətbuat konfransında bildirib.
Ermənistan isə Azərbaycan ordusunun Naxçıvanda irəliləməsi haqda deyilənləri təkzib edir, hətta bu xəbərə kinayə ilə yanaşır.
Gerçəkdən Naxçıvanda nə baş verir? Bu sualı aydınlaşdırmaq üçün azərbaycanlı və erməni ekspertlərlə danışmışıq.
Ehtiyatda olan ədliyyə mayoru, hərbçi ekspert Telman Əbilov deyir ki, indi Azərbaycan əsgərlərinin ələ keçirdikləri postlar uzun müddət boş olub.
“O postlar okean səviyyəsindən 2 min metr yüksəklikdədir. Ora getməyə ola bilsin bizimkilər o vaxt təhlükəsizlik baxımından risk etməyiblər. Həm də ola bilər o vaxt ora texnika çıxa bilməyib. O mövqe nə bizdə olub, nə ermənilərdə. İndi bizimkilər texnikadan istifadə edib həmin təpədə mövqe qura biliblər. Postlar boş idi, aradakı məsafə əvvəl 10 kilometr idisə, indi bizimkilər qabağa gəlib arada 3-4 kilometr məsafə qalıb”.
Ekspertin sözlərinə görə, həmin mövqelərin ələ keçirilməsi Azərbaycana böyük üstünlük qazandırır. Məsələn, vaxtaşırı Azərbaycanın strateji obyektlərini vurmaqla təhdid edən Ermənistanın paytaxtı Yerevanı vurmağa şans yaradır.
Telman Əbilovun sözlərinə görə, həmin mövqelərdən Ermənistandan Laçına gedən yola nəzarət etmək mümkündür, məsələn, müharibə başlayacağı halda Ermənistandan Dağlıq Qarabağa göndəriləcək hərbi texnikanı və canlı qüvvəni neytrallaşdırmağa imkan yaradacaq. Amma o Ermənistandan Qarabağa alternativ yolun olduğunu da deyir.
Yerevandan Ermənistan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sarkisian isə həmin postların ələ keçirilməsi, Azərbaycan hərbçilərinin Laçın yoluna nəzarət etməsi haqda deyilənləri yaxına belə buraxmır.
O deyir ki, Azərbaycan bu məlumatı yaydıqdan sonra Ermənistan rəhbərliyi ictimaiyyət nümayəndələrini həmin bölgəyə aparıb və onlar postların ermənilərdə qaldığına şahid olublar:
“Situaisya belədir. Adətən qoşunların təmas xəttində postlar arasında 2-2,5 kilometr məsafə olur. Ermənistan hərbçilərinin postları da yüksəkliklərdədir, Azərbaycan hərbçiləri isə aşağıda, Naxçıvan əraizisindəki dağın yamacında keşik çəkirlər. Azərbaycan bölmələri 3 yerdə irəli gediblər. Bununla da təmas xəttini qısaldıblar, Naxçıvan ərazisində hardasa 10 kilometr irəliləyiblər. Orda yeni səngər qazıblar, post qurublar. İndi deyilənə görə çəkiliblər. Bir də orda dağılmış kənd vardı. Erməni əsgərləri azərbaycanlıların ordakı qəbirləri ziyarətinə mane olmayıblar”.
Siyasi şərhçi Şahin Hacıyev deyir ki, Azərbaycan hakimiyyəti mayda Ermənistanda vəziyyət gərginləşəndə Naxçıvanda uğurlu hərbi əməliyyat keçirərək bəzi mövqeləri tutub və bunu inkar etmək olmaz, sadəcə, tərəflər bunu özünə sərf etdiyi kimi təqdim edir.
Şahin Hacıyevin sözlərinə görə, Azərbaycan ordusunun son addımı çox böyük psixoloji effekt yaradıb, ilk dəfə mövqelərin əldən getməsi ilə bağlı Ermənistan mətbuatında panika yaşanıb, amma sonradan Müdafiə Nazirliyi KİV-lərə müraciət edərək tənqidi dayandırmağa çağırıb.
“Onlara xas olmayan sindromdur bu, “biz məğlub olmuşuq” fikrini qəbul etmək sarsıntıdır. Müzakirələr dayandı. Qayıtdılar rəsmi mövqeyə ki, nəsə baş verməyib, bu Azərbaycan ərazisidir, təsiri-filan yoxdur. Azərbaycan tərəfində də şişirtmə var. Amma buna lüzum yoxdur. Günnütü 1990-cı illərdə döyüşlər zamanı ermənilər yandırıb, orda yaşayış yoxdur. Bu ermənilərin postudur. Bizimkilər deyəndə ki, biz 11 min hektar ərazini azad etmişik, ermənilər də dağılmış kənddəki postu göstərirlər, bununla uğurumuza kölgə salmağa çalışırlar”.
AzadlıqRadisou bu ziddiyyətli xəbərlərlə bağlı Bakı sakinlərinin də fikirlərini öyrənib:
Azərbaycanla Ermənistan artıq 30 ilə yaxındır ki, münaqişə şəraitindədir.
1990-cı illlərin əvvəlində gedən hərbi əməliyyatlarla Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafda olan 7 rayonu işğal edib.
Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik danışıqlar yekun sülh razılaşmasına gətirib çıxarmayıb.