Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:04

'Nazirlər incidilsə, 'danışa' da bilərlər'


Mədəniyyət naziri Əbülfəs Qarayev
Mədəniyyət naziri Əbülfəs Qarayev

Azərbaycanda son illər bir sıra nazirliklərdə mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və başqa oxşar əməllərlə mübarizə adı altında çoxsaylı əməliyyatlar keçirilib. Onlardan keçmiş Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aparılan yoxlamalar hələ də cəmiyyətdə müzakirə mövzusu olaraq qalmaqdadır. Bu günlər isə Mədəniyyət Nazirliyində belə əməliyyat keçirilib.

Bütün bu əməliyyatlar nəticəsində nazir müavini, ayrı-ayrı idarə rəhbərləri həbs edilib...

İndi cəmiyyətdə tez-tez belə suallar eşidilir: Doğurdanmı bir nazirlikdə uzun illər ciddi mənimsəmə olsun, amma həmin qurumda birinci şəxsin bundan xəbəri olmasın? Bəlkə ittihamlar həqiqətə söykənmir, yaxud bunun başqa səbəbləri var?

H.Hacızadə
H.Hacızadə

"Mümkün deyil ki,..."

Politoloq Hikmət Hacızadə AzadlıqRadiosuna deyib ki, hər hansı nazirlikdə baş verən neqativ əməllərdən nazirin xəbərsiz olması mümkün deyil: "Fikrim budur, mümkün deyil ki, nazirin xəbəri olmasın. Mümkün deyil ki, ondan yuxarıda olan dövlət adamının bundan xəbəri olmasın".

H.Hacızadə vurğulayıb ki, nazirlər yuxarılara yaxın adamlardır. Onun fikrincə, həm də nazirlər incidilsə, "danışa" da bilərlər, bunu isə yuxarılar arzu etmirlər.

H.Hacızadə habelə əlavə edib ki, müxtəlif ranqlarda həbslərə baxmayaraq, korrupsiya və rüşvət halları ölkədə davam edir:

"...Qonşu rayondakı icra başçısı bunu vecinə almır"

"Nədənsə tutulmayanlar tutulanları görsələr də, dərs almırlar. Görünür, bu adamlar rüşvətsiz yaşaya bilmirlər. Görünür, bu onların həyat tərzidir. Bir rayonda icra başçısı həbs edilir, ona qonşu rayondakı icra başçısı bunu vecinə almır, rüşvət almaqda davam edir. Faciə də elə bundadır".

Politoloq çıxış yolunu ölkədə demokratik sistem yaradılmasında görür. Onun fikrincə, parlamentdə müxalif qüvvə olmalı və parlament nəzarəti həyata keçirməlidir: "Vətəndaş nəzarəti, media nəzarəti olmalıdır. Müasir dövlət söylədiyim komponentlərsiz idarə edilə bilməz. Bu həbslərlə isə heç nəyə nail olmaq mümkün deyil".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Hər şeydən xəbərimiz var"

Deputat Sabir Rüstəmxanlı da bu fikirdədir ki, nazirliklərdəki belə hallardan nazirlər xəbərsiz ola bilməz. Onun fikrincə, bu yoxlama və həbslər həm də dövlət rəhbərliyinin nazirlərə "hər şeydən xəbərimiz var" xəbərdarlığıdır: "1991-95-ci illərdə nazir (Mətbuat və informasiya naziri- red.) kimi fəaliyyət göstərmişəm. Bunu da həmin təcrübəyə əsasən deyirəm".

S.Rüstəmxanlı daha sonra da bunları əlavə edib: "Bu həbslər hansısa idarə rəisi, nazir müavininin həbsi ilə bitsə belə, nazir məsuliyyətdən tam kənarda qala bilməz. Bu, konkret olaraq hansısa nazirə aid deyil, ümumi prinsip baxımından belədir".

O hesab edir ki, belə hallar ya vəzifəyə biganəlikdən, ya da hadisələri bilib ona göz yummaqdan doğa bilər...

Bu fikirlərə, hələlik, həbslərin aparıldığı nazirliklərdə birinci şəxslərin münasibətini almaq mümkün olmayıb. Amma onlar ayrı-ayrı vaxtlarda kütləvi informasiya vasitələrinə açıqlamalarında birbaşa onlara yönəlik tənqid və ittihamları əsaslı saymayıblar.

Həbs edilən məmur və yüksəkçinli şəxslərin özləri də, bir qayda olaraq, üzləşdikləri ittihamları ya tam, ya da qismən qəbul etmirlər.

XS
SM
MD
LG