Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:29

7,5 milyardın xərc istiqamətləri bəlli oldu


Dollarlar. ©Shutterstock
Dollarlar. ©Shutterstock

Dövlət Neft Fondundan (DNF-dən) bu il Azərbaycan Mərkəzi Bankına (AMB-yə) ayrılması nəzərdə tutulan 7,5 milyard manatın xərc istiqamətləri bəlli olub.

AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayevin sözlərinə görə, bu vəsait dövlətin xarici borclarının ödənməsinə, TANAP layihəsinin maliyyələşdirilməsinə, Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) sağlamlaşdırılmasına və bankın xarici borc öhdəliklərinin tənzimlənməsinə sərf ediləcək. Ehtiyac yaranarsa, Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması da hərrac vasitəsilə deyil, məhz transfert hesabına gerçəkləşdiriləcək. Göründüyü kimi, makroiqtisadi sabitliyi təmin etmək üçün AMB-yə ayrılan vəsait, əsasən, borc qaytarmağa xərclənəcək və bu puldan real sektor, əslində, xeyir görməyəcək.

Buna da bax:​ 7.5 milyardın dərdi çoxdur

İqtisadçı ekspert Ülvi Əmrahsoy AzadlıqRadiosu-na müsahibəsində baş banka ayrılacaq vəsaitin xərc istiqamətlərini dəyərləndirib.

İqtisadçı ekspert Ülvi Əmrahsoy
İqtisadçı ekspert Ülvi Əmrahsoy

– Ülvi bəy, 7,5 milyard manatı deyilən istiqamətlərə xərcləməklə makroiqtisadi sabitliyə necə nail olmaq olar?

– Makroiqtisadi sabitlik dövlətin real sektora yatırımını şərtləndirir. Bu mümkün olmasa, özəl sektorun investisiyası üçün təşviqat aparmalıdır. Azərbaycanda bunların heç biri olmadı. Dövlət yatırımları yetərincə azalıb. Vergi məcəlləsinə əlavə və dəyişikliklərdən sonra nə yerli, nə də xarici biznes bura vəsait yatıracaq. Əksinə, olub-qalan biznesin də xaricə getməsinə şahid olacağıq. 7,5 milyard manatın, əsasən, dövlətin borc və öhdəliklərinə yönəldilməsi makroiqtisadi sabitlik yaratmaz. Özəlliklə ABB-nin böyük həcmdə borclarını DNF-nin hesabına ödəmək düzgün deyil.

Buna da bax: Azərbaycan hökumətinin 400 milyonluq kredit müqaviləsi

– Gəlirləri azalan Azərbaycanın xarici borc öhdəlikləri artırsa, o borcun necə ödənəcəyi də sual doğurur...

– Ümumiyyətlə, hökumət hələ də kredit axtarışındadır. Kreditlər, bir qayda olaraq, dövlət zəmanətiylə verilir. Hökumət xarici öhdəliklərini DNF-nin vəsaitləri hesabına ödəmək istəyir. Bu cür davam etsə, sonda Fondda 1 sent də qalmaz və dövlət defolt olar. Halbuki DNF neft-qaz gəlirlərinin səmərəli xərclənməsi və gələcək nəsillərin istifadəsi məqsədilə yaradılıb.

– Sizcə, iqtisadi sabitlikdən ötrü deyilən vəsait hansı şəkildə və hansı sektorlara ayrıla bilərdi?

– Ümumiyyətlə, 24 illik hökumət indiyədək niyə qeyri-neft sektorunu inkişaf etdirməyib ki, belə vəziyyət yaranır. Azərbaycanda yetərincə neftdənkənar sektor var ki, onlara vaxtında yatırım etmək lazım idi. Məsələn, kənd təsərrüfatı, toxuculuq, turizm sənayesi və s.

Buna da bax:​ '7,5 də 11 milyardın yanına gedəcək' [video]

– Dediyinin əksinə olaraq, valyuta ehtiyatından yararlanan hökumət belə xərcləmələri nə dərəcədə vərdiş halına gətirə bilər? Axı yaxın illərdə Azərbaycanın gəlirlərini ciddi ölçüdə artıracaq hər hansı gəlir qaynağı yoxdur...

– DNF aktivlərindən başqa hökumətin istifadə edə biləcəyi resurslar yox dərəcəsindədir. Bu aktivlərdən hökumət istədiyi kimi yararlanacaq. Bəli, yaxın illərdə bizim ciddi gəlirlərimiz olmayacaq. Ümumiyyətlə, Azərbaycan müflis ola bilər.

XS
SM
MD
LG