Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

Qiymət dəyişməsindən Neft Fondunun itirdiyi 2.4 milyard


Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Ötən il Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirləri olmayıb, əksinə, investisiyaları 2 milyard 461.3 milyon ABŞ dolları (- 5.2 faiz) zərər edib. Buna Neft Fondunun aldığı istiqraz və səhmlərin ucuzlaşması səbəb olub.

"Fondun ötən il 45.03 milyard ABŞ dollarına bərabər aktivləri ilin sonuna artaraq 49.03 milyard ABŞ dollarına yüksəlib. Ümumi portfelin 62.1 faizi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19.6 faizi isə səhmlərə investisiya olunub. Portfelin 6.2 faizini daşınmaz əmlak, qalan 12.1 faizini isə qızıl investisiyaları təşkil edib", - ARDNF-nin 2022-ci il üzrə maliyyə hesabatında bildirilir.

Bununla belə, hesabata görə, yaranma tarixindən 2023-cü il yanvarın 1-dək ARDNF investisiyalardan toplam 7.8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2.3 faiz gəlirliliyə bərabərdir.

"Şəffaflıq və hesabatlılıq yoxdur"

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, əgər ARDNF öz valyuta vəsaitlərini şəffaf və hesabatlı formada səmərəli idarə etsəydi, ilin yekunlarına görə gəlirlilik səviyyəsi mənfi (-) 5.2-yə düşməzdi: "Təəssüflər olsun ki, şəffaflıq və hesabatlılıq yoxdur. Məsələn, Neft Fondu əmlak bazarında iştirak edir və müəyyən ofis, biznes mərkəzlərinə sahibdir. Amma onun idarəçiliyini 10-15 şirkətə veriblər. Həmin şirkətlər necə seçilir, açıq və rəqabətli tenderlər varmı, hansı meyarlar əsas götürülür, bu barədə heç bir məlumat yoxdur".

İqtisadçının sözlərinə görə, ötən il maliyyə bazarları təlatümdə olub: "Təbii ki, bazarda qazanmaq üçün daha çox peşəkarlıq tələb olunurdu. Düzdür, peşəkarlar da müəyyən zərərlə üzləşib, amma onların zərərinin səviyyəsi Neft Fondundakı kimi yüksək deyil. Zərər 3 faizə qədər olsaydı, bunu obyektiv səbəblərlə izah etmək olardı. Amma 5 faizlik zərər burada subyektiv amillərin olmasını göstərir".

Xatırlatma

Neft Fondu 1999-cu ildə yaradılıb. Bu quruma 2001-ci ildən vəsaitlər daxil olmağa başlayıb. 2020-ci ilə qədər bu fonda təqribən 160 milyard dollar vəsait daxil olduğu açıqlanmışdı. Bu il aprelin 1-də isə Fondda 53 milyard 437.6 milyon ABŞ dolları qaldığı bildirildi. Qalan vəsaitin ölkə büdcəsinə transfert edildiyi və bir çox layihələrə xərcləndiyi açıqlanıb.

XS
SM
MD
LG