Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:22

Neft Fondu 4 milyard manat profisit gözləyir


Şahmar Mövsümov
Şahmar Mövsümov

2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin 4 milyard 214,9 milyon manat profisitlə icra ediləcəyi gözlənir.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bunu bu gün, noyabrın 5-də parlament komitələrində 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, Fondun gələn il üzrə gəlirləri 15 milyard 579,2 milyon manat, xərcləri isə 11 milyard 364,3 milyon manat nəzərdə tutulur. Azərbaycanın payına düşən mənfəət neftinin və qazının satışından əldə edilən xalis gəlirlər 13,218 milyard manat təşkil etməlidir.

Gələn il Neft Fondunun büdcəsində gəlirlər 2018-ci illə müqayisədə təqribən 2 faiz çox, xərcləri isə 1 faiz civarında azdır.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Bu vəsaitin 97 faizinin əhaliyə yönəldilməsi nəzərdə tutulur.

Pensiyaçıların sayında azalma gözlənir

“Gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək: Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır”, müzakirələrdə vurğulanıb.

2018-cı il 1 oktyabr tarixinə görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 309 min nəfər təşkil edib. Həmin vaxtda əmək pensiyalarının orta aylıq məbləği 221,1 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 249,1 manata çatıb.

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb.O vaxtdan pensiyaçıların sayında azalma müşahidə edir.

Parlament komitələri “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini yekunda bəyənərək, plenar iclasda müzakirəyə tövsiyə ediblər.

Xatırlatma

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Layihədə neftin bir bareli 60 dollar götürülüb.

2018-ci ilin dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd, xərcləri isə 23.061 mlrd. manatdır. Bu il neftin bir barreli 45 dollar götürülüb.

XS
SM
MD
LG