Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Qazaxıstandan neft gəlib, ya gəlməyib?


India -- A worker walks atop a tanker wagon to check the freight level at an oil terminal on the outskirts of Kolkata, November 27, 2013
India -- A worker walks atop a tanker wagon to check the freight level at an oil terminal on the outskirts of Kolkata, November 27, 2013

►Bəzi ekspertlər bu məsələni çox müəmmalı sayır və Azərbaycandan pulqaçırma kanalının üzə çıxarıldığını düşünür

Mayın 26-da AzadlıqRadiosunun Qazaxıstandan xam neft və qaz idxalı barədə məlumatı ictimaiyyət birmənalı qarşılamayıb. Bəzi ekspertlər bu məsələnin sirr kimi saxlandığını düşünür.

Sosial şəbəkələrdə bu işə təəccüblənməyənlər, sadəlövhcəsinə «nefti ucuz vaxtında alıb, bahalaşanda satmaq» kimi yozanlar da var.

Sanki birjalarda nə fyuçers var, nə foreks ticarəti (“fyuçers” deyərkən, hər hansı aktivi zamanla bəlli tarixdə bəlli qiymətə alıb-satmaq hüququ verən qiymətli kağız nəzərdə tutulur. “Forexs”sə ayrı-ayrı ölkə pullarının bir-biriylə dəyişdirildiyi çek bazarıdır –red.)...

SOCAR neft almadığını deyir, DSK isə...

Amma iş orasındadır ki, SOCAR qazax(stan) nefti almadığını deyir. Şirkətin sözçüsü Nizaməddin Quliyev AzadlıqRadiosuna bildirib ki, Dövlət Gömrük Komitəsinin (DGK-nın) statistikasında əksini tapan və Azərbaycanın idxal etdiyi bildirilən xam neft və təbii qazın alıcısı SOCAR deyil.

Dövlət Statistika Komitəsində (DSK) AzadlıqRadiosuna söyləyiblər ki, ölkədə SOCAR-dan başqa xam neft emalçısı yoxdur.

Açıqlanan statistik məlumatlarda 2009-2015-ci illərdə Azərbaycanın heç bir ölkədən xam neft gətirmədiyi görünür.

«DGK-nın... rəsmiləşdirməsi anlaşılan deyil»

İlham Şaban
İlham Şaban

İlin 1-ci rübündə xaricdən 95 milyon kubmetr qazın və 42,5 min ton xam neftin gətirilməsi barədə DGK-nın məlumatı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanı da təəccübləndirib.

«Azərbaycanın enerji sektoruna məsul şəxsləri, - istər Energetika Nazirliyinin rəhbərliyi olsun, istərsə Dövlət Neft Şirkətinin, - bu il ictimaiyyətə heç bir açıqlama verməyib ki, ölkəmiz qış mövsümündə hansısa enerji problemi ilə üzləşib və bu səbəbdən başqa bir ölkədən neft və ya qaz idxalına ehtiyac yaranıb».

Ekspertin fikrincə, məsələni mürəkkəbləşdirən amil Qazaxıstanla Azərbaycan arasında, ümumiyyətlə, qaz infrastrukturunun olmaması və Qazaxıstanın özünün əmtəəlik qaz istehlakçısı kimi idxalçı ölkələr sırasında olmasıdır.

İ. Şabanın sözlərinə görə, Rusiyanın da öz ərazisindən 3-cü bir ölkəyə tranzit qaz ötürücüsü kimi çıxış etmədiyi və özünün qaz nəqletmə sistemlərini digər ölkələrə qapalı saxladığı gözardı edilməməlidir:

«Belə olan halda DGK-nın Qazaxıstandan təbii qaz idxalını hesabatlarında hansı əsaslarla rəsmiləşdirməsi anlaşılan deyil».

«Daha dərin araşdırmalara ehtiyac var»

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı-alim Qubad İbadoğlu Qazaxıstandan mineral xammalın, özəlliklə təbii qaz idxalının ciddi suallar doğurduğunu deyir:

«Mən bildiyim qədər, biz emal etmək üçün Qazaxıstandan neft alırıq, amma qazın nə məqsədə və necə alındığını şərh etmək mümkün deyil. Ona görə də bu məsələdə qəti mövqe bildirməkdə çətnlik çəkirəm. Fikrimcə, daha dərin araşdırmalara ehtiyac var».

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

Hüquqşünas Rafiq Abdullayev sözügedən idxalda orta və yüksək səviyyədə kimlərinsə ölkədən kapital qaçırdığını və bu halda belə kanallardan birininin üzə çıxarıldığını düşünür:

«Ölkəyə, fakt olaraq, heç bir xam neft-qaz gəlmir. Gömrükdə müvafiq şəxsə yalnız sənədlər (yük gömrük bəyannaməsi, invoys və s.) gəlir, həmin şəxs də sənədləri rəsmiləşdirir. Bu sənədlər əsasında tam qanuni ödəniş aparılır və Qazaxıstandakı hansısa şirkətə milyonlarla dollar vəsait ödənilir. Həmin vəsait də oradan kimlərinsə qara biznesinə paylaşdırılır».

«Pul adi qaydada çıxarılsa, diqqət çəkər...»

«Bəs nədən bu cür qəliz və təhlükəli işin altına girmək zərurəti yaranır? Pulu rahat «çıxarmağın» başqa yolu yoxdur?» sualını hüquqşünas belə cavablandırır: «Pul ölkədən adi qaydada çıxarılsa, diqqət çəkər deyə, bu, hər hansı mal alışı adıyla icra olunur».

Rafiq Abdullayevin fikrincə, gömrükdə bu ildən başlayan son şəffaflaşma addımlarından bəri sənədlərdəki bütün rəqəmlər idxal-ixrac statistikasına düşür.

O, haqqında bəhs edilən kapitalçıxarma kanalının uzun müddətdir işlək olduğunu düşünür:

«Ümumi müşahidələr və aldığım informasiyalar əsasında bilirəm ki, son zamanlar iqtisadiyyatın durumu pisləşdiyindən, ölkədən qanunsuz kapital axınının önünü kəsmək üçün Azərbaycandan pul qaçıranlara həm maliyyə-bank qurumları, həm də xüsusi xidmət orqanları ciddi nəzarət edir. Bu üzdəncölkə rəhbərliyinin gözünə görünməyən üsullara əl atılır. Beləcə, Azərbaycandan kapital çıxarılmasında 26 faizlik artım baş verib».

DGK münasibətini açıqlamayıb

DGK-nın rəsmi məlumatında bu ilin 1-ci rübündə Azərbaycanın Qazaxıstandan 24,5 milyon dollar dəyərində xam neft və təbii qaz aldığı bildirilir. Komitə bu məsələyə münasibətini hələ açıqlamayıb.

XS
SM
MD
LG