Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

Nazir 'ölkə hazır olmalıdır' deyir, iqtisadçı…


S.Şərifov
S.Şərifov

"Hazırda dünya energetikasında inqilabi dəyişikliklər baş verməkdədir". Bunu iyunun 8-də Milli Məclisdə çıxış edərkən Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bu proseslər neft hasil edən ölkələr üçün müəyyən təhdidlər formalaşdırır və "Buna ölkə iqtisadiyyatı hazır olmalıdır".

2019-cu ildə Prezident İlham Əliyev XXVI "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının açılışında bildirib ki, bu gün ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir: "Bu istiqamətdə də önəmli addımlar atılır. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaq. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaq".

R.Quliyev
R.Quliyev

Deputat: "Bu, birja oyunlarıdır..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirir ki, artıq proqram qəbul olunub və həmin proqrama görə də, Azərbaycan neftdən asılı olmamalı, neft iynəsindən düşməlidir. Amma onun fikrincə, bu proses tədricən getməlidir: "Biz təkamül yolu ilə gedirik və bu proses dərhal, qısa bir müddətdə baş verməməlidir. Üstəlik də, koronavirus pandemiyası başladı, neft qiymətləri düşdü və bu, bizim günahımız deyil. Eyni zamanda, biz torpaqlarımızın işğaldan azad edilməsi kimi böyük bir problemi həll etmişik".

Komitə üzvünün sözlərinə görə, neft bazarının balanslaşdırılması həmişə mümkün deyil, burda təklif və tələb reallığı əks etdirmir. "Orada böyük oyunlar gedir. Bu, birja oyunlarıdır, maliyyəçilərin oyunlarıdır, qiymətli kağızların sahiblərinin oyunlarıdır", - deputat izah edir.

R.Quliyev narahatlığa əsas görmür, onun fikrincə, iqtisadiyyata qlobal təhdidlər onda ola bilər ki, hər hansı ölkədə nəhəng neft və qaz yataqları tapılsın və həmin ölkə neft və qazı indiki qiymətlərdən iki-üç dəfə ucuz satsın: "Düşünmürəm bu, baş versin. Bütün yataqlar artıq bilinir. Biz də bilirik bizdə nə var. İqtisadiyyat üçün təhdidlər yalnız neft oyunlarına görə yarana bilər. Karbohidrogen məsələsində siyasət və risk elementləri həmişə var".

İqtisadçı: "Dünya daxili yanma mühərrikindən imtina edir"

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyir ki, təqribən 2010-cu ildən dünyada bununla bağlı müzakirələr gedir: "Beynəlxalq Energetika Agentliyi, ABŞ-ın Neft İnstitutu və bir çox nüfuzlu təşkilatlar neft erasının sona yaxınlaşdığını və postneft dövrünün başlanması ilə bağlı artıq o vaxtdan xəbərdarlıq edirdilər. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti bu xəbərdarlıqları qulaq ardına vururdu".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı bu yöndə bədbin proqnozlar verildiyini, onlardan birini də Beynəlxalq Energetika Agentliyinin təqdim etdiyini bildirir: "Qurumun hesabatında 2030-2035-ci illərdə neft qiymətlərinin yenidən 30 dollara qədər düşəcəyi və neftə olan tələbatın az qala yarıbayarı azalacağı proqnozlaşdırılır".

O, dünyada daxili yanma mühərrikindən istifadənin sürətlə aşağı düşdüyünü söyləyir: "Dünyada neft istehlakının 50 faizə yaxını isə məhz daxili yanma mühərrikində, yəni, daha çox avtomobillərdə istifadə olunur. Dünyada 96 milyon barrel gündəlik neft istehlakı var, onun 40-50 milyon barreli məhz dizel yanacağının, benzinin istehsalına gedir".

N.Cəfərli indi Avropa ölkələrinin, Çinin, ABŞ-ın, Yaponiyanın addım-addım daxili yanma mühərrikindən imtina siyasəti apardıqlarını vurğulayır: "Bu da çox sürətlə gedir. 2010-cu ildə belə bir proqnoz vardı ki, 2020-ci ildə ən yaxşı halda dünyada 2-3 faiz avtomobillər elektriklə və yaxud da hibrid şəklində işləyəcək, amma bu rəqəm indi 10 faizə yaxınlaşır. 2025-ci ildə dünyada təqribən 20-25 faiz, 2030-cu ildə isə 60-70 faiz daxili yanma mühərrikindən imtina edilmiş avtomobilləri görəcəyik".

"İsrail Azərbaycan neftindən iki min adda məhsul istehsal edir"

N.Cəfərlinin fikrincə, sözügedən dəyişiklik neftə tələbatın kəskin azalması ilə müşayiət olunacaq, bu da neft ölkələrində ciddi təlatümlər və problemlər yaradacaq. İqtisadçı Azərbaycanın buna hazır olmadığını düşünür: "Çünki heç vaxt hazırlıq görülməyib. Bu gündən, heç olmasa, bununla bağlı müəyyən addımlar atılsa, bəlkə yaxın üç-beş ildə dəyişikliklərə nail olmaq mümkündür".

N.Cəfərli bunun üçün idarəçilikdən tutmuş, neft məhsullarının istehsalına qədər köklü islahatların aparılmalı olduğunu vurğulayır: "Xam nefti ixrac etməkdənsə neft məhsullarının ixracatına keçmək daha məntiqlidir. Neftdən yalnız yanacaq və sürtgü yağları alınmır. Kosmetikadan tutmuş, mobil cihazların hazırlanmasında neft məhsullarından istifadə olunur. Bu keçid gələcəkdə Azərbaycanı xilas edə biləcək amillərin birinə çevrilir. İsrail Azərbaycandan aldığı neftdən iki min adda məhsul istehsal edir. Elə məhsullar var ki, onların bir kiloqramı 600-800 dollara satılır. Azərbaycan isə belə böyük gəlirlərdən məhrum olur".

SOCAR 'AI-95' və 'AI-98' benzini niyə özü istehsal etmir? Ekspert səbəbləri izah edir
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Azərbaycanda postneft dövrünə hazırlıqla bağlı söhbətlər yeni deyil. 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşəndən və manatın ilk devalvasiyasından sonra hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsi, neftdən asılı iqtisadiyyatdan imtinanın zərurətindən daha çox və tez-tez danışmağa başladı, bəzi proqramlar, tədbirlər hazırlandı. Amma mütəxəssislər bu yöndə ciddi dəyişikliklər baş vermədiyini, kağız üstündə qaldığını, ciddi addımlar atılmazsa, ölkənin aqibətinin ürəkaçan olmayacağını bildirirlər.

XS
SM
MD
LG