Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:44

Neft ucuzlaşır, benzin yox


Azərbaycanda sonuncu dəfə ən çox istifadə edilən A-92 benzini 2017-ci ilin iyununda bahalaşıb
Azərbaycanda sonuncu dəfə ən çox istifadə edilən A-92 benzini 2017-ci ilin iyununda bahalaşıb

Neftin ucuzlaşması səbəbi ilə (İlin əvvəlindən 3 dəfədən çox ucuzlaşıb) indi dünyanın bir çox ölkələrində benzinin satış qiymətlərində də endirim müşahidə edilir. Azərbaycanda da belə addım atıla bilərmi? Azərbaycanda sonuncu dəfə ən çox istifadə edilən A-92 benzini 2017-ci ilin iyununda bahalaşıb (Bir litri 70 qəpikdən 90 qəpiyə qaldırılıb). Ondan əvvəl isə 2013-cü ildə bahalaşma (55 qəpikdən 70 qəpiyə qaldırılmışdı) baş vermişdi. Onda Taarif Şurası katibliyindən bu qərar bir sıra arqumentlərlə yanaşı, son illər neftin dünya bazarında bahalaşması amili ilə də izah edilmişdi .


"Məlumat üçün bildirim ki, neft məhsulları üzrə sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində həyata keçirilib. 2007-ci ildə tarif tənzimləməsi aparılarkən xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir", - onda qurumun katibliyindən vurğulanmışdı. Hazırda isə Azərbaycan nefti təqribən 17 dollara satılır.

"Kaliforniyada benzində 50 faizə yaxın endirim olub"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, dünyanın bir çox ölkələrində neftin qiyməti düşürsə, benzinin də qiyməti düşür:

N.Cəfərli
N.Cəfərli


"Məsələn, ABŞ-da ən baha benzin Kaliforniyada olur, çünki orada vergilər yüksəkdir. İki ay bundan öncə orada bir qallon (3.78 litr) benzin 5 dollar civarında idi. Hazırda isə 3 dollardan da aşağı düşüb, az qala 50 faizə yaxın endirim olub. Avropada da eyni vəziyyətdir, kifayət qədər endirimlərə gedirlər".

İqtisadçı deyib ki, Azərbaycanda isə benzinin, dizel yanacağının qiymətini Tarif Şurası tənzimləyir: "Odur ki, Azərbaycanda bu dövlət qərarı ilə idarə edilir, bazardakı proseslərə aid olmur. Yaxın gələcəkdə belə bir qərarın ola biləcəyi ilə də bağlı gözləntim yoxdur. Üstəlik, belə bir qərarın ola biləcəyi ehtimalı da çox aşağıdır".

"Azı 30-35 faiz endirim olmalı idi"

Onun fikrincə, indi hökumət Aİ-92 markalı benzin və dizelin qiymətini aşağı salsa, SOCAR-ın ( Azərbaycan Dövlət Neft Şirkəti) maliyyə durumu ağırlaşacaq: "Məntiqlə, əlbəttə, benzinin də, dizel yanacağının da qiymətində azı 30-35 faiz endirim olmalı idi".

İqtisadçı koronavirus pandemiyası dövründə hökumətin benzin və dizel yanacağından daxilolmaların azalmasına gedəcəyini düşünmür.

R.Nurullayev
R.Nurullayev

Bu fikirlərə, hələlik, Tarif Şurasından münasibət almaq mümkün olmayıb. Amma deputat Razi Nurullayev deyir ki, neftin satışında belə aşağı qiymət bir-iki il davam edərsə, o zaman benzinin ucuzlaşması yönündə addım atmaq olar: "Amma qısamüddətli olarsa, buna getmək olmaz və Azərbaycanın belə təcrübəsi yoxdur".

Onun fikrincə, hazırkı şəraitdə hökumətin benzinin ucuzlaşdırılması məsələsini gündəmə gətirəcəyi inandırıcı deyil:

"Büdcə kəsirlərini daha da artıracaq addımlara gedilməsi gözlənilən deyil"

"Hazırda koronavirus pandemiyası ilə bağlı neft ucuzlaşır. Bildiyim qədər, hazırda hökumətdə büdcə vəsaitlərinin artırılması, hansısa vəsaitlərin kəsilməsi, nələrinsə əlavə olunması istiqamətində müzakirələr gedir. Belə bir vaxtda büdcə kəsirlərini daha da artıracaq addımlara gedilməsi gözlənilən deyil".

XS
SM
MD
LG