Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:38

Mərkəzi Afrika universitetlərində rus dilinin tədrisi icbari olacaq


Rus dili Mərkəzi Afrika Respublikasının universitetlərində tədrisi icbari olan fənlər sırasına daxil edilib

Rus dili Mərkəzi Afrika Respublikasının (MAR) universitetlərində tədrisi icbari olan fənlər sırasına daxil edilib.

Bu barədə xəbəri Afrikanın Corbeau News Centrafrique və Agence Ecofin agentlikləri yayıblar.

Xəbərlərdə deyilir ki, bu barədə sərəncamı MAR prezidenti Fosten-Arkanj Tuadera imzalayıb.

Qeyd olunur ki, 2022/2023-cü tədris ilində rus dilinin öyrənilməsi magistraturada məcburu olacaq.

Bu da xəbər verilir ki, hazırda tədris proqramlarının üzərində iş gedir və 2022-ci ilin əvvəllərində Moskvada MAR və Rusiya təhsil nazirlərinin görüşü keçiriləcək.

MAR-a Rusiyadan müəllimlərin göndərilməsi istisna olunmur.

MAR-da rus dili ölkəyə 1966-1979-cu illərdə rəhbərlik etmiş və sonradan imperator elan olunmuş Jan Bedel Bokassanın dövründə tədris edilib
MAR-da rus dili ölkəyə 1966-1979-cu illərdə rəhbərlik etmiş və sonradan imperator elan olunmuş Jan Bedel Bokassanın dövründə tədris edilib

“İmperatorun” zamanında

Media xəbərlərində deyilir ki, MAR-da rus dili ölkəyə 1966-1979-cu illərdə rəhbərlik etmiş və sonradan imperator elan olunmuş Jan Bedel Bokassanın dövründə tədris edilib.

2019-cu ildən rus dilinin orta məktəblərdə tədrisi bərpa olunub.

Bu, Rusiya və MAR arasında əməkdaşlığın intensivləşdiyi dövrə təadüf edir.

Mərkəzi Afrikada rəsmi məlumatlara görə hal-hazırda yüzlərlə Rusiya hərbçisi var.

Rusiya XİN onların ölkədə sülhməramlı missiya ilə xidmət etdiklərini bildirib.

Moskva iddia edir ki, rusiyalı hərbçilər hökumətə qarşı çıxan üsyançılarla döyüşlərdə iştirak etmirlər.

Lakin başqa xəbərlərə görə, MAR-da Rusiyanın Vagner özəl hərbi şirkətinin muzdlu əsgərləri də var və onlar yerli döyüşlərdə fəal iştirak edirlər.

Rusiya hökuməti özünün bu şirkətlə hər hansı əlaqəsini inkar edir.

Lakin Vagner şirkətinin sahibi olduğu deyilən oliqarx Yevgeni Priqojin prezident Vladimir Putinin yaxın çevrəsinə daxildir.

Rusiyanın muzdluları və itkiləri

BMT ekspertləri bu yaxınlarda vaqnerçiləri MAR-da dinc sakinlərin qətlləri və zorlamalar da daxil ağır cinayətlər törətməkdə ittiham ediblər.

2021-ci ilin oktyabrında bu ölkədə Rusiyanın üç hərbi müşavirinin atışmada öldürüldüyü xəbər verilmişdi.

Xəbərdə deyilirdi ki, onların getdiyi zirehli transportyor Bombo kəndi yaxınlığında pisquya düşüb.

2018-ci ildə Mərkəzi Afrika Respublikasında ezamiyyətdə olan üç Rusiya jurnalisti qətlə yetirilib. Onların arasında azərbaycanlı Orxan Camal da vardı.

Bəzi məlumatlara görə, onlar bu ölkədə Rusiya muzdlularının fəaliyyətinə dair reportaj hazırlamalı idilər. Bu qətli törədənlər hələ də tapılmayıb.

Putinin “çoxplanlı” dəstəyi

MAR-da 2 böyük universitet fəaliyyət göstərir. Bunlar Bangi və Evklid universitetləridir.

Hazırda bu universitetlərdə fransız, ispan və çin dilləri tədris olunur.

Kreml noyabrın 29-da Vladimir Putinin MAR prezidenti ilə telefonda danışdığını bildirib.

Xəbərdə deyilir ki, Fosten-Arkanj Tuadera Putinə onun ölkəsinə “çoxplanlı” dəstəyinə görə təşəkkürünü bildirib.

Məlumatda bildirilir ki, iki prezident “MAR-da peşəkar kadrların hazırlanması və pandemiya ilə mübarizə” məsələlərini müzakirə ediblər.

Rəsmi məlumatda rus dili məsələsinin müzakirə edilib-edilmədiyinə dair heç nə deyilmir.

XS
SM
MD
LG