Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:38

Nərminin nənəsi: 'Atası anasını bıçaqlamaq istəmişdi, polisə demişdik...'


10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir (2020)

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları sona yaxınlaşır. Artıq prosesdə sənədlərin tədqiqi mərhələsidir. İstintaqda bir sıra şəxslər ifadə verib ki, sonradan prokurorluq onları məhkəmədə dindiriləcək şahidlər siyahısına daxil etməyib. Onlardan biri də azyaşlının ana nənəsi Minayə İsmayılovadır.

Azyaşlını oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanovun özü və vəkilləri isə İsmayılovanın məhkəmədə də dindirilməsini istəyirlər. Onlar məhkəmədə bu barədə vəsatət qaldırsalar da, hakimlər bu vəsatəti təmin etməyib. Amma müdafiə tərəfi onun dindirilməsində israrlıdır.

İyunun 16-da məhkəmədə İsmayılovanın istintaqdakı ifadəsi elan edilib. O bildirib ki, nəvəsinin başına gələnlərə görə uşağın əmisi Lətif Quliyevdən şübhələnirdi. Bunu telekanallarda da dilə gətirib. Uşaq da sonuncu dəfə bu əmisinin evindən yoxa çıxıb.

"Qızım (Nərminin anası Aynurə İsmayılovanı nəzərdə tutur-red.) mənimlə danışmır. Buna səbəb isə qaynı Lətifin adını çəkməyim olub. Telekanallarda demişdim ki, baş verənlərə görə Lətifdən şübhələnirəm", – İsmayılova istintaqa ifadəsində belə deyib.

İfadələrdə uyğunsuzluq

O bildirib ki, uşaq itkin düşdüyü gün – 21 noyabr 2019-cu ildə saat 19.00 radələrində Nərminin böyük bacısı Şəbnəm onun evinə gəlib. Şəbnəm nənəsindən bacısının onlara gəlib-gəlmədiyini soruşub. Nənəsi isə Nərminin onlarda olmadığını deyib və Şəbnəm çıxıb gedib.

Uşağın atası Şərif Quliyev isə özü dindiriləndə demişdi ki, qayınanasıgilə özü gedib, həm də axşam saat 21.30 radələrində.

Quliyevin nəzərinə çatdırılıb ki, bu məsələdə onun dedikləri ilə qayınanasının ifadəsi arasında ziddiyyət var.

"Mən də getmişəm...", – Quliyev cavabında belə deyib. Bu halda da vəkillər bildirib ki, vaxt məsələsində də uyğunsuzluq var.

İsmayılova əlavə edib ki, qudası Leybə Quliyeva (Nərminin ata nənəsi) ilə uzun illərdir küsülüdür. Səbəb isə onun oğlu Şərif Quliyev və onun ailəsini evdən çıxarması olub: "Onda Şəbnəm və Nərmin var idi, üçüncü qız mənim evimdə doğuldu. Bir müddət mənim evimdə, sonra kirayədə qaldılar. Sonradan mənim dəstəyimlə onlar üçün ev tikildi".

"Səbəbi barədə mənə heç nə demədi"

İsmayılova başqa bir ifadəsində isə uşaq itkin düşməmişdən bir müddət əvvəl kürəkəni Şərif Quliyevin qızı Aynurəni bıçaqlamaq istədiyini bildirib: "Mən işdə olanda qızım Aynurə zəng eləyib dedi ki, əri Şərif içkili vəziyyətdə onun işlədiyi kafeyə gəlib, ona bıçaqla hücum edib, hədələyib. Səbəbi barədə mənə heç nə demədi. Məndən tez ora gəlməyimi istədi. Taksi ilə ora getdim. Onda Şərifi Olimpiya kompleksinin qarşısında gördüm, onu çağırsam da, qulaq asmadı, getdi. Aynurə ilə polis şöbəsinə getdik, məlumat verdik...".

Anası deyir ki, bir neçə gün sonra yenidən qızı Aynurə İsmayılova ilə Tovuz rayon Polis Şöbəsinə gəliblər. Bu dəfə qızı polislərə ərini bağışladığını deyib.

Bu məhkəmə prosesində bir aylıq fasilə elan edilib. Araşdırmalar iyulun 13-də davam edəcək.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir. Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG