İki ildir ki, dünyanın ən iri striminq xidməti ilə ən prestijli kinofestivalı yola getmir. Onların bu davası kinonun gələcəyinə ciddi təsir göstərə bilər. Hələlik, heç kim üstünlük əldə edə bilməyib.
Variety saytı xəbər verir ki, Netflix və Kann kinofestivalı illərlə danışıq aparsalar da, striminq nəhəngi bu il də öz filmlərini Kanna göndərməyəcək. Sayt bildirir ki, Netflix-in əlində festivala hazır film yoxdur və hətta belə bir film olsaydı belə, onu festivala gətirməzdi.
Davanın kökü
Bəziləri Netflix-in çəkilişinə 140 milyon dollardan çox pul xərclədiyi Martin Scorsese-nin «İrland» (The Irishman) filminin festivala hazır olması fikrini irəli sürürlər. Ancaq sayt filmin hələ hazır olmadığını müəyyən edib.
Kann-Netflix davası Hollivud və fransız kino mədəniyyətinin rəqabət prioritetləri ətrafında baş qaldırıb. Hollivudun prioritetləri fərdi zövq və seçimlərə əsaslanır, fransız kino mədəniyyəti isə daha çox mədəniyyət və teatr praktikasının qorunub saxlanmasını qabardır. İlk qığılcımın alovlanması Netflix-in Kann kinofestivalına özünün iki filmini gətirdiyi 2017-ci ilə təsadüf edir. Bunlardan biri Bong Joon-ho-nun «Okja», digəri isə Noah Baumbach-ın «Meyeroviç hekayələri» (The Meyerowitz Stories) filmi idi. Striminq nəhəngi bu filmləri festivaldan bir neçə ay sonra öz striminq xidməti vasitəsilə bütün dünyada yayımlamağı planlaşdırırdı, ancaq onların Fransa kinoteatrlarında göstərilməsini istəmirdi.
Niyə? Çünki Fransa qanunvericiliyinə görə, filmin kinoteatrlarda buraxılması ilə striminq xidmətlərinə çıxarılması arasında 36 aylıq vaxt fərqi olmalıdır. Netflix-sə «Okja» və «Meyeroviç hekayələri»ni özünün Fransa xidmətinə çıxarmaq üçün 2020-ci ilədək gözləmək istəmirdi. Buna görə də o, sadəcə, bu iki filmin kinoteatrlarda göstərilməsindən imtina etmək qərarına gəldi. Ancaq Fransada kinoteatr sahibləri buna etiraz etdilər. Fransada kino ekosisteminin mühüm tərkib hissəsi olan festival da gələcəkdə yalnız Fransa kinoteatrlarında göstərilən filmlərin Kannda yarışmasına icazə verməyi qərara aldı.
Ancaq Netflix öz filmlərini festivala gətirə bilərdi. Bu filmlər sadəcə Qızıl Palma kimi böyük mükafatlar uğrunda yarışa bilməyəcəkdi. Hər il Kannda çox sayda filmin müsabiqədənkənar premyerası olur. Ron Howard-ın 2018-ci ildə çıxmış «Solo: A Star Wars Story» filmi onlardan biridir.
Baş verənlərə cavab olaraq, Netflix şələ-küləsini yığıb evə dönmək qərarına gəldi.
2018-ci ilin aprelində, festivalın açılmasına bir ay qalmış Netflix öz filmlərini festivala gətirməyəcəyini, Kann və Fransa kinoteatrlarının sahibləri ilə mübahisəni həll etmədiyini açıqladı.
Kino industriyasının narahatlığı
Beləliklə, 2018-ci ildə Netflix-in distribütoru olduğu hər hansı film Kannda nümayiş etdirilmədi. Bura mərhum kino əfsanəsi Orson Welles-in böyük maraqla gözlənilən tamamlanmamış «Küləyin o biri tərəfi» (The Other Side of the Wind) filmi və Alfonso Cuarón-un 10 nominasiyada Oskar mükafatına namizəd göstərilmiş, 3 nominasiyada qalib olmuş «Roma» filmi də daxildir.
Bəzi xəbərlərə görə, «Roma» kimi bir filmin qaçırılması səbəbindən festivalın direktoru Thierry Frémaux bu il «The Irishman» filminin Kannda nümayiş etdirilməsində son dərəcə maraqlı olub. Variety portalının yaydığı xəbərə görə, hər şeyə rəğmən, Netflix Kanna öz satınalma komandasını göndərəcək. Netflix əməkdaşları burada ABŞ və digər ölkələrdə yayımlamaq üçün filmləri seçib satın alacaqlar.
Kann və Netflix arasında davam etməkdə olan mübahisə böyük ekran uğrunda daha böyük davanın bir hissəsidir. Bu, yalnız Fransada baş vermir. Bu yaxınlarda, «Roma» filminin böyük uğurunun ardınca Steven Spielberg Amerika Kino Akademiyasını Netflix və digər striminq şirkətlərinin filmlərinin Oskar mükafatını qazanmasının qarşısını almağa çağırıb.
Netflix-in ötən ilin dekabrında Amerika Kino Assosiasiyasına qoşulması isə (qurumun digər altı üzvü arasında Hollivudun Disney, Warner Bros. və Paramount Pictures kimi əsas studiyaları var) şirkətin kino industriyasının landşaftını dəyişdirmək niyyətindən xəbər verir və digər böyük oyunçular arasında panikaya yol açır. Onlar Netflix-in kinonun kökündə dayanan kinoteatr təcrübəsinə son qoyacağından ehtiyatlanırlar. Kannla dava isə bu geniş mənzərənin, sadəcə, bir hissəsidir.