Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:33

Kəbini yalnız ixtisaslı imamlar kəsəcək


Badakhshanda evlənmə.
Badakhshanda evlənmə.

Yaxın zamanlarda Tacikistanda bir çox din xadimləri nikah ayini aparmaq imkanından məhrum ediləcəklər. Bu səlahiyyət yalnız məscidlərin imam-xətiblərinə veriləcək.

Tacikistan hökuməti yanında din və adət-ənənələr komitəsi parlamentin aşağı palatası və baş prokurorluğa yeni qanun layihəsi göndərib. Layihəyə görə, nikahı yalnız qeydiyyatdan keçmiş məscidlərin imam-xətibləri kəsə bilər.

Buna da bax:​ Naməlum mollanın kəsdiyi birgecəlik "kəbin"...

ERKƏN NİKAHLARI ÖNLƏMƏK

Sözügedən komitənin dini qurumlar idarəsinin rəhbəri Hussein Shokirov AzadlıqRadiosunun tacik xidmətinə deyib ki, "qeyri-qanuni" nikah ayini icra edən digər din xadimləri inzibati və hətta cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Onun sözlərinə görə, yeni qaydanın məqsədi həm erkən nikahların, həm də qeydiyyat idarəsində nikah qeydə alınmamışdan dini nikahın bağlanmasını önləməkdir.

Tacikistanın Ailə Məcəlləsinə 2011-ci ilin yanvarında edilmiş dəyişikliyə görə, rəsmi nikah barədə sənəd təqdim olunmadan dini nikahın bağlanmasına icazə verilmir.

Buna da bax: Qırğızıstanda kəbin problemi

Shokirov-un sözlərinə görə, nikah ayinini icra etməzdən öncə, imam-xətiblər gənc cütlüyün əlində nikah şəhadətnaməsinin olub-olmadığını yoxlayacaqlar.

GƏNC KİŞİ ÇATIŞMAZLIĞI

Tacikistanda əvvəlki kimi erkən və məcburi nikahlar bağlanır. Mütəxəssislərin sözlərinə görə, ölkədə erkən nikahların və çoxarvadlılığın əsas səbəbi gənc kişilərin çatışmazlığının kritik həddə çatmasıdır. Gənclərin və yeniyetmələrin çoxu qazanc dalınca Rusiyaya gedib orada evlənir.

Hazırda Tacikistanda qızlar üçün elan olunmamış yaş senzi 15-16-ya enib. Ölkədə 18 yaşınadək qızların ərə getməsinin qanunla yasaqlanmasına baxmayaraq, valideynlər qızlarını orta məktəbi bitirən kimi, bəzənsə hətta bitirməmiş ərə verirlər. Qanuna görə, yalnız müstəsna hallarda məhkəmə 18 yaşı tamam olmamış şəxslərin evlənməsinə icazə verə bilər.

Buna da bax:​ Hər 7 saniyədə bir uşaq ərə verilir

Daha öncə Tacikistanda qohum evlilikləri qadağan edilmişdi. Ötən ilin martında prezident Emomali Rahmon Ailə Məcəlləsində dəyişiklik barədə qanun imzalayıb. Qanuna görə, yeni evlənənlər toya qədər genetik müayinədən keçməlidirlər. Əmi, dayı, xala, bibi uşaqları, habelə süd bacı-qardaşlarının evlilik münasibətlərinə girməsi yasaqlanıb.

18 YAŞINA ÇATMAMIŞ 26 MİN ƏLİL

Həkimlər hesab edirlər ki, Ailə Məcəlləsinə bu düzəliş inkişafında müxtəlif problemlər yaşanan uşaqların sayını azaldacaq. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 18 yaşına çatmamış 26 min əlilliyi olan şəxs yaşayır. Mütəxəssislərin fikrincə, onların 35%-i qohum evliliklərindən doğulan uşaq və yeniyetmələrdir. Belə nikahların çoxu kənd yerlərində, ucqar bölgələrdə və milli azlıqlar (məsələn, cuqlar - tacik qaraçıları) arasında bağlanır.

Buna da bax: Erkən nigah ən çox bu rayonlarda bağlanır

Tacikistanda qohum evliliklərinin tarixi qədimdir. Mütəxəssislər müəyyən ediblər ki, belə nikahlar, əsasən, sərvəti "yadlarla" bölmək istəməyən ailələrdə baş tutur. Bəzi ailələrsə qızlarının yad ailələrdə əziyyət çəkməsini istəmədiklərinə görə yeznəni ən yaxın qohumlar arasından seçirlər.

Ancaq bəzi din xadimləri qohum evlilikləri barədə fərqli düşünürlər. Onlar deyirlər ki, islam yalnız süd bacı və qardaşları arasında evliliyi yasaqlayır. Onların sözlərinə görə, inkişaf geriliyi olan uşaqlar, əsasən, spirtli içki və narkotik maddə istifadə edən ailələrdə doğulur.

Din və adət-ənənə komitəsinin yeni təşəbbüsünü hamı dəstəkləyir. Bəzi ekspertlər və hüquq müdafiəçiləri əmindirlər ki, bu qanun nikah ayinini "rəsmi" din xadimlərinin monopoliyasına keçirəcək.

XS
SM
MD
LG