Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:43

Təşviqata cəmi 3 həftə


MSK sədri Məzahir Pənahov
MSK sədri Məzahir Pənahov

Aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etmək istəyənlər fevralın 27-dən sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

“Turan” agentliyinin xəbərinə görə, komissiyanın bu gün, fevralın 6-da təsdiqlədiyi təqvim planında belə nəzərdə tutulur. Təqvim planı iclasda elan edib.

Plana görə, namizədlərin sənədlərinin qəbulu mart ayının 12-dək davam edəcək. Sənəd qəbulu həmin gün saat 18:00-də başa çatacaq.

Seçkiləri bütün Azərbaycan üzrə müşahidə etmək istəyənlər onun təyin edilməsi barədə qərar qüvvəyə mindikdən aprel ayının 1-dək MSK-ya, dairələr üzrə müşahidə aparmaq istəyənlər isə aprelin 6-dək dairə seçki komissiyalarına (DSK) müraciət etməlidir.

Buna da bax: Hərblə sülh arasında: növbədənkənar seçki niyə keçirilir?

Seçkiqabağı təşviqat prosesi isə martın 19-da başlayacaq, aprelin 10-da başa çatacaq.

Seçki bülletenlərinin hazırlanması

Növbədənkənar prezident seçkilərində seçki bülletenlərinin hazırlanması qaydası, forması və sayının təsdiq edilməsi prosesi martın 7-dək başa çatmalıdır.

Təqvim Planına görə, səsvermə protokollarını dairə seçki komissiyalarına, oradan da məntəqə seçki komissiyalarına verilməsi də aprelin 7-dək yekunlaşmalıdır.

Seçki bülletenlərinin hazırlanmasının isə səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatması nəzərdə tutulur.

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

Sosial şəbəkələrdən narahatlıq

MSK sədri təşviqat prosesinin tənzimlənməsində sosial şəbəkələrin problemlər yaratdığını deyib. Sosial şəbəkələrin idarəolunmaz amilə çevrildiyini ifadə edən M.Pənahov bunun MSK-dan ötrü çox pis vəziyyət yarada biləcəyini vurğulayıb:

“Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".

Buna da bax: MSK erkən seçkilərin vaxtını təsdiqlədi

“Bəzi dövlətlər imkan tapan kimi...”

Məzahir Pənahov deyib ki, seçkilərdə əsas önəmli məsələ xalqın iradəsidir:

“Bəzi dövlətlər imkan tapan kimi digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir. Bu, reallıqdır, ona göz yummaq olmaz. Kütləvi informasiya vasitələri də fəal olmalı, hər bir məsələni həm cəmiyyətə, həm də dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırmalıdır. Biz birlikdə çalışmalıyıq ki, bunun öhdəsindən gələk. Seçkinin nəticələrini xalqın qəbul etməsi önəmlidir, digər məqamlar önəmli deyil. Xalqın iradəsindən yüksək heç nə yoxdur”, – o, bildirib.

M. Pənahov növbədənkənar seçkilərdə müşahidəçiliyin təşkili məsələlərinə də toxunub. O, ifadə edib ki, MSK istənilən beynəlxalq təşkilatın nümayəndələrinin növbədənkənar prezident seçkisini müşahidə etməsinə şərait yaradacaq.

Buna da bax: 'Seçkiyə yolasalma' [karikatura]

Xatırlatma

Fevralın 5-də dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməli idi.

Bu gün, fevralın 6-da MSK növbədənkənar prezident seçkilərin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

XS
SM
MD
LG