Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

'Kompromisdən danışırlar'. Seçkiləri Qarabağ tezləşdirə bilərdi


S.Sarkisyan və İ.Əliyev
S.Sarkisyan və İ.Əliyev

Prezident İlham Əliyev fevralın 5-də «Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında» Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və onun Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Şahin Hacıyev
Şahin Hacıyev

«Seçkilərdən qabaq Qarabağla bağlı addım atılması təhlükəlidir»

«Çox güman, bu qərarın verilməsində bir yox, ölkədəki vəziyyətə təsir edən bir çox amillər öz sözünü deyib», – siyasi şərhçi Şahin Hacıyev belə düşünür. Həmin amilləri isə belə sıralayır:

- Burda ölkədən kənar faktorların da təsiri ola bilər, Qarabağla bağlı hansısa addımlar atılması da gözlənilə bilər. Münaqişə ilə bağlı prezident seçkilərindən əvvəl hər hansı addım atmaq təhlükəlidir. Və yaxud da iqtisadi addımların atılması planlaşdırıla bilər. Ola da bilsin, yüksək səviyyədə kadr dəyişiklikləri gözlənir. Bunları da seçkidən öncə etmək əlverişli olmaya bilər, seçkilərdən qabaq bu addımlar atılsa, hansısa qruplar, hansısa dairələr bundan mənfi mənada yararlana bilər.

- Şahin bəy, siz «kənar təsir» dedikdə Qərbi, ya Rusiyanı nəzərdə tutursunuz? 2013-cü il prezident seçkilərindən öncə Rusiyanın burda bəzi qruplaşmalarla işləməsi barədə iddialar səslənmişdi.

- Rusiyadan elə bir təzyiq gözləmirəm. Əsasən Qərbi, beynəlxalq qurumları nəzərdə tuturam. Qərbi inandırmaq çətindir. Bir də, hər dəfə seçki vaxtı beynəlxalq qurumlar bura dəvət edilir, ATƏT, Avropa Şurası, Avropa Birliyi... İndiyə kimi bunlar seçkilərin demokratik keçirildiyini deməyiblər. Şübhə yoxdur ki, növbəti seçkilərlə bağlı da eyni rəyi verəcəkdilər. Amma bir var bunlar hazırlıqlı gəlsinlər, indidən 6 ay sonraya işlərini planlaşdırsınlar, bir də var fakt qarşısında qoyursan: «İki ay sonra bura gəl». Beynəlxalq təşkilat da «JEK» deyil işini atıb gəlib burda otursun. Ona görə seçkiləri izləməkdən imtina edə, «Vaxtımız yoxdur» deyə bilərlər. Keçən dəfə ATƏT burda müşahidə aparmaqdan imtina etdi, bu da onlara yaradılan şəraitlə bağlı idi. Bax, indi də eyni cavab verilməsi istisna olunmur. Bu da hakimiyyətin xeyrinədir. Onsuz da bu təşkilatlar seçkiləri tənqid edirlər.

İlham Əliyev növbədənkənar prezident seçkisi elan etdi
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

- Sizcə, Əliyev hakimiyyəti beynəlxalq qurumların rəylərindən çoxmu narahatdır, buna çoxmu önəm verir?

- Sözdə yox. Amma hər dəfə «anti-Azərbaycan qüvvələr», «anti-Azərbaycan siyasət aparanların adı çəkiləndə məhz belə söhbətlər yada düşür, «Avropa İttifaqında bəzi insanlar», «ATƏT-də bəzi qurumlar» və s. Bunlar hər nə qədər desələr də «Vecimizə deyil», axı, bunlar sənəddir, tarixdə qalır, onlara istinad edilir.

- Dediniz ki, seçki sonrası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yönündə hansısa addım atıla bilər. Söhbət hansı addımlardan gedir və bir də nə qədər real ehtimaldır?

- Sirr deyil ki, mərhələli sülhdən söhbət gedir və hər dəfə beynəlxalq qurumlar kompromisdən danışırlar. Kompromisdən danışılırsa, bu, referendumun keçirilməsi və ya Dağlıq Qarabağa müəyyən formatda müstəqillik verilməsi ola bilər. Belə bir şey olarsa, ermənilər bunu qələbə kimi qələmə verəcəklər. Bizimkilər də əksini iddia edəcəklər. Təbii ki, hər iki cəmiyyətdə narazı siyasi qüvvələr olacaq, «Qarabağı satdınız» kimi iddialar səslənəcək, bu da gərginlik yaradacaq. Ona görə də belə bir qeyri-populyar addım gözlənirsə, hakimiyyətin mövqeyi nə qədər güclü olarsa, bir o qədər vacibdir.

- İqtisadi addımlar atılmasını da istisna etmirsiniz. Nəyi nəzərdə tutursunuz? Manatın devalvasiyası?

- Mümkündür və ya qiymətlər arta bilər. Qiymət qalxan kimi narazılıqlara yol açır. Bu da seçki öncəsi lazım deyil.

- Şahin bəy, sadaladığınız ehtimallardan hansı daha güclüdür?

- Hamısının 5-10 faiz əhəmiyyəti var. Bir səbəb görmürəm.

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev: «Cəmiyyət üçün gözlənilməz oldu, hakimiyyət üçün yox»

Yeri gəlmişkən, «Turan» İA-nın direktoru Mehman Əliyev də növbədənkənar seçkilərdən danışarkən «qeyri-sabitliyin katalizatoruna çevrilən» Qarabağ amilini yaddan çıxarmır:

«Seçkilərin Ermənistanda martda baş tutacaq prezident seçkilərindən sonra keçirilməsi beynəlxalq vasitəçilər tərəfindən 2017-ci ildə fəallaşdırılmış və yaxın illərdə aralıq nizamlanma perspektivi daşıyan danışıqları operativ qaydada davam etdirməyə imkan verəcək».

Onun dediyinə görə, prezidentin növbədənkənar seçkilərlə bağlı qərarı «cəmiyyət üçün gözlənilməz oldu, amma bütünlükdə hakimiyyət üçün yox». M.Əliyevın iddiasına görə, Mərkəzi Seçki Komissiyası hələ bir həftə əvvəl – yanvarın 29-da qutuların və digər ləvazimatların alınması haqqında rəsmi qərar qəbul edib.

İsa Qəmbər növbədənkənar prezident seçkisini belə şərh edir
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

O, redaktoru olduğu contact.az-da yazır ki, növbədənkənar seçkiləri İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə ilk dəfə seçkilərin iqtisadi böhran, elə bütünlükdə sistem böhranı şəraitində keçirilməsi şərtləndirə bilər: «Bu, seçkiləri xüsusi gərginlik olmadan və əlavə problemlər yaratmadan keçirməyə çalışan hakimiyyət üçün müəyyən risklər yaradır. Növbədənkənar seçkilər son bir il ərzində rejimə bir sıra təzyiq alətlərini – «Landromat»ı (pulların yuyulması), «Volonte işi»ni (Qərb siyasətçilərinin öz tərəflərinə çəkilməsi), çirkli pul axınının qarşısının alınmasını və s. işə salan Qərb, onun manevrləri üçün az vaxt qalmasına və ya ümumiyyətlə, vaxt qalmamasına səbəb olur».

M.Əliyevin qənaətincə, növbədənkənar seçkilər İ.Əliyevə bir neçə üstünlük vermiş olacaq. Əvvəla, seçicilərin bir hissəsinin narazılığının müqavimət hərəkatına çevrilməsinə vaxt və şans qalmır və bütünlükdə «seçicilər baş verənlərə qarşı amorf vəziyyətə düşəcək».

«İkincisi, bu durumda birləşmək və vəziyyəti dəyərləndirmək üçün çox az vaxtı olacaq müxalifət Əliyevə qarşı qətiyyətli mübarizə aparmaq iqtidarında olmayacaq. Bəlkə də seçkiləri boykot edəcək ki, bu da Əliyevi tamamilə qane edir və tam alternativsizlik mühiti yaradır», – M.Əliyev bildirir.

Üçüncü üstünlüyə gəlincə, xəbər agentliyinin direktoru hesab edir ki, bu addım sayəsində Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən sonra artan hakimiyyətdaxili ziddiyyətlər də inkişaf edə bilməyəcək və uğurlu bir şəkildə zərərsizləşdiriləcək.

Və nəhayət, «Qərb institutları seçkilərə, onların qiymətləndirilməsinə və nəzarətinə vahid və təsirli yanaşma formalaşdırmağı çatdırmayacaq».

XS
SM
MD
LG