"Nemət Pənahlı iki gün əlləşdi söz alsın, camaat qoymadı ki, ‘get otur yerində’. Hətta Əbülfəz bəyə imkan vermirdilər, axırda mən ona söz verdim. Nemət məni aldatdı ki, dəmir gətirəcək, asfalt yanmasın deyə yerə döşəməyə. O vaxt deyirdilər ki, ‘asfalt yansa, sizi cərimələyəcəyik". Biz də cərimədən qorxurduq, cüzi maaş alırdıq".
Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş günü qeyd edilir. Həmin günün qəhrəmanlarından biri də "Meydan sirləri" kitabının müəllifi Ənvər Əliyevdir. (Arxiv. 2016)
Buna da bax: 25 il əvvəl - meydan dövrünün şüarları...
– Ənvər bəy, meydan hərəkatı necə başladı?
– Bir millətin varlığı əldən gedirsə, torpağı gedirsə, vətəni tapdaq altındadırsa, o mübarizə aparmırsa, bu millətin adını tapmaq çox çətindir. Adi bir sərçəni yuvasından etmək olmur. Bu da mübarizə tariximizdə ən gözəl günlərdəndir. Həmin dövrün ictimai-siyasi mühitinin məhsulu idi. Burda təsadüflər ola bilərdi, yəni mitinq bir gün tez, bir gün gec ola bilərdi. Amma Meydan hərəkatı milyonlarla insanın gözü qarşısında baş verdi və o hadisələrə qara yaxmaq olmaz. Bu, vətənini azad görmək istəyən, torpağında haqsızlıqlar baş verən millətin etirazı idi.
– O gün siz özünüz necə oldu meydana getdiniz?
– Qabaqcadan hazırladığımız plana görə, böyük bir dəstəylə Lenin meydanına getməliydik. Qeyri-müəyyən vaxta qədər orda qalmalıydıq. Bunun üçün noyabrın 16-da tələbələr bir yerə yığıldıq. Dəhşətli günlər idi, ictimai-siyasi durum gərginiydi. Nəticədə meydan hərəkatı doğuldu. Əvvəlki mitinqlərdə, o cümlədən 19 fevral, 16 may mitinqlərində əmələ gələn səhvləri çıxdaş etdik. Mexanizmi düşünülmüş, tarixə səs salan bir mitinq təşkil etdik. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları mənə deyirdi ki, "siz elə bir iş görmüsünüz, orda bir dənə yanlış tapmaq olmur". Mən özüm 200 nəfərlik dəstəylə, İnşaat və Politexnik institutunun tələbələriylə indiki Bakı Dövlət Universitetinin yataqxanasına girmişəm. Onlardan az adam gəlmişdi. Axşam söz verib, səhər gizlənmişdilər. Səhər saat 8-də yürüşə başladıq. Gündüz saat 13.20-də olduq Lenin meydanında. Bu yolda 6-7 dəfə milislər, sovet əsgərlərinin kordonlarıyla üzləşdik. Döyülmə, əzilmə oldu, bayraqlar, şüarlar ayaq altına atıldı. Biz bu vəziyyətdə gedib meydana çıxdıq. Mən parlament binasının yanında necə döyülmüşdümsə, huşumu itirmişdim. Ordan meydana qədər qucaqda gəlmişdim. Müstəntiq mənə deyirdi ki, Estoniyanın əhalisi qədər adamı bir yerə yığıb necə idarə edirdiniz, hansı qüvvəylə idarə edirdiniz?
Buna da bax: "Sovet dağılıb, möhürü hələ də saxtakarların əlindədir"
– Sonradan meydan hərəkatı ilə bağlı cinayət işini aparan müstəntiqlər deyirdi bunu?
– Bəli, “KQB” müstəntiqləri. Moskvadan 36 nəfər gəlmişdi. Bizi həbs etdilər, yalançı şahidlər üzümüzə durdular. 33 cildlik, 11 min səhifəlik cinayət işi açılmışdı. Sonra da cinayət tərkibi olmadığına görə bizi buraxdılar. SSRİ-də ilk dəfə çoxgünlük mitinqin təşkilatçıları kimi qaldıq.
– Siz də həmin mitinqi idarə edənlərdəniydiniz?
– Mən yaralı vəziyyətdə gəlib çıxdım meydana. İki gün orda oldum, mikrofonu idarə edirdim, şüarlar söyləyirdim, camaatı sakitləşdirirdim. İki sutkadan sonra gördüm ki, pisniyyətli adam olmasa, bu meydan bir il də beləcə idarə olunar. Ona görə icazə aldım ki, "yaralıyam, mən gedim müalicə alım, artıq dözə bilmirəm". Qayıdıb gələndə gördüm ki, milislə bəzi qüvvələr orda at oynadır. Milis məni ora buraxmadı. Hətta Bəxtiyar Vahabzadə, Xəlil Rza rəhmətlik də məni ora buraxdıra bilmədilər.
Buna da bax: Meydan Hərəkatı Bakı sakinlərinin xatirəsində
– Niyə?
– Yəqin ki... Nə deyim. Dövlət artıq meydanı ələ keçirmişdi. Mənə də dedilər ki, "sən ora keçməyəcəksən". Orda artıq pul yığılırdı, iki-üç şüar yerinə yüzlərlə şüar səslənirdi. Meydan qeyri-müəyyənliyə doğru hərəkət edirdi.
– Kimlər meydanı ələ keçirmişdi. İndi bu haqda müxtəlif versiyalar var. Kimi deyir ki, guya, o zaman Heydər Əliyev vasitəsilə meydan idarə edilirmiş, kimi deyir, KQB öz adamlarını yerləşdiribmiş...
– Doğrusu, onu dəqiq deyə bilmərəm. Mən Sabir Rüstəmxanlıya dedim ki, sən burdasan, mən artıq gedim. Nemət Pənahlı iki gün əlləşdi söz alsın, camaat qoymadı ki, "get, otur yerində". Hətta Əbülfəz bəyə imkan vermirdilər, axırda mən ona söz verdim. Nemət məni aldatdı ki, dəmir gətirəcək, asfalt yanmasın deyə yerə döşəməyə. O vaxt deyirdilər ki, "asfalt yansa, sizi cərimələyəcəyik". Biz də cərimədən qorxurduq, cüzi maaş alırdıq. Neməti də ora buraxdıq, amma sonradan... Arxada "instruktaj" edildi. Özünün dediyinə görə, Vəzirovla 13 dəfə görüşüb. Sonra da üzümə durdular ki, bu işlə bizim əlaqəmiz olmayıb, təsadüfən gəlmişik. Hətta Nemət istintaqda demişdi ki, əvvəldən bilsəydim, qoymazdım mitinq olsun.
– Məsələnin bu tərəfini tarixçilər araşdırsınlar. Sizcə, meydan hərəkatı öz məqsədinə çatdımı?
– Əlbəttə. Bu boyda müstəqillik qazanıldı. Bir millətin ən böyük mükafatı müstəqillikdir. Böyük bir imperiyanın qucağından çıxdıq. Biz də, yəqin, 50-60 ildən sonra gözəl bir dövlət quracağıq. Müstəqilliyimizin əsl dadını-tamını da onda biləcəyik.
Buna da bax: Milli Dirçəliş Günü: İndiki dövrlə müqayisədə fərq və bənzərliklər [Video]
– Meydana bu qədər insanın gələcəyini gözləyirdinizmi?
– Gözləmirdim, doğrusu. Gözləməzdim ora bir milyon, 800 min adam yığışsın. Sağ olsun Azərbaycan xalqı. Biz bu hərəkatla dünyaya səs saldıq. Meydanda hər şey qayda-qanunla idarə olunurdu. Sonradan özlərinin süni quraşdırmalarını çıxsaq, qanunsuz heç nə olmadı.
– Nəyi nəzərdə tutursuz "süni quraşdırmalar" deyəndə?
– Orda dedilər ki, meydana xuliqanlar yığışıbmış, narkomanlar yığışıbmış... Yüz minlərlə insanın içində 1-2 faiz nadürüstün olması o demək deyil ki, hamı elədir. Və ya kimlərsə meydan hərəkatını dövlət qüvvələrinin ayağına yazırdılar. Tarix hər şeyi öz yerinə qoyacaq. O, şərəfli bir səhifədir.
– O meydanda kövrələnlər, ağlayanlar da, yəni sidq-ürəklə inananlar vardı.
– Ağlayanlar vardı, əli əsə-əsə termosda çay gətirənlər, dovğa, isti xörək gətirənlər vardı. Deyirdilər: "Hava soyuqdur, titrədirsiz". Taxta gətirənlər vardı. Boynundan boyunbağını açıb verənlər, "zayom", böyük məbləğdə pul gətirənlər vardı. Orda pulyığanlar da şuluqluq saldılar... Rayonlardan boğazından kəsib ərzaq gətirənlər vardı. O, tamam başqa atmosfer idi. İndiki nəslə bunu başa salmaq mümkün deyil. Arzu edirəm ki, torpaqlarımız azad edilsin, daha böyük ideallar uğrunda mübarizə aparaq.