Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:45

'Oğlumu Polis Akademiyasına düzəltmək üçün 38 min pul verdim...'


Polis
Polis

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı olmuş Əli Nəcəfov özü indi məhkəmədə müttəhimlər kürsüsündə cavab verir. İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Ə.Nəcəfov bir müddət öncə Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilib. O, daxili işlər orqanlarına işə düzəltmək adıyla müxtəlif adamlardan külli miqdarda pul alıb onları aldatmaqda suçlanır.

Ə.Nəcəfov məhkəmə qarşısında tək deyil, keçmiş həmkarı – Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş Vüsal Əliyev də onunla birlikdə mühakimə olunur. Amma Vüsal həbsdə deyil, istintaq və məhkəmə dövründə onun ev dustaqlığında olmasına qərar verilib.

CM-nin 178 (dələduzluq) və 34.312 (rüşvət verməyə təhrik) maddələri ilə ittiham olunan sabiq polislərin işini Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Ə.Nəcəfov özünü qismən təqsirli bilir, V.Əliyev isə ümumiyyətlə, ittihamları qəbul etmir.

Aprelin 3-də məhkəmədə şahid Əli Qurbanov ifadə verib. Deyib ki, oğlu polis orqanlarında çalışır. Onun ali təhsil almasını istəyiblər. Ə.Qurbanovun sözlərinə görə, təqsirləndirilən Ə.Nəcəfov onun oğlunu Polis Akademiyasına düzəltmək üçün 45 min manat pul istəyib. Danışıqlardan sonra 38 min verilib. Şahid bildirib ki, aldadıldığını öyrənəndən sonra pulunu geri istəyib və 20 minini alıb, qalanı isə bu günə qədər qaytarılmayıb.

Ə.Qurbanovun qohumu Əyyam Abdullayev də şahid kimi verdiyi ifadədə onun dediklərini təsdiqləyib: «Bilirdim ki, Polis Akademiyasına düzəltmək üçün 45 min «şirinlik» veriblər. Amma iş düzəlməyib. Mənim bildiyimə görə, pulu geri ala bilməyiblər».

«İş alınmadı...»

Xatirə Məmmədova isə qardaşı qızını polisə işə düzəltmək üçün təqsirləndirilən Ə.Nəcəfova 10 min manat pul verdiyini söyləyir: «İş alınmadı, Əli həmin puldan yalnız 1000 manatı geri qaytardı».

Şahidlər Solmaz Quliyeva və həyat yoldaşı Şamil Tağıyev da oğlunu polisə işə düzəltmək istəyib. Onlar bu məqsədlə Ə.Nəcəfova 10 min manat pul verdiklərini deyiblər.

Ə.Nəcəfovun atası Allahverdi Nəcəfov da şahid statusundadır. Amma o, qanunun yaxın qohumlara qarşı ifadə verməmək hüququndan istifadə edərək, danışmaqdan imtina edib.

Özü də keçmiş polis olan Fəxrəddin İbişov deyir ki, dostunun oğlunu polisə düzəltmək üçün 7 min manat pul verib, bu məbləğin 1500 manatını geri ala bilib.

Raqif Əliyev bacısı oğlunu polisə işə düzəltmək üçün digər təqsirləndirilən V.Əliyevə 9 min manat pul verdiyini söyləyib. Şahidin sözlərinə görə, onlar Vüsalla həm həmyerli, həm də qohumdurlar.

Təqsirləndirilən V.Əliyev deyir ki, bu pulun 8 minini qaytarıb.

Onun söylədiklərinə şahid qohumu belə cavab verib: «Bir neçə gün əvvəl Vüsal mənə zəng eləyib dedi ki, «sən məhkəmədə Əlinin üzünə dur». Mən isə razı olmadım. Pulu şəxsən Vüsala vermişəm, o isə mənə heç nə qaytarmayıb».

V.Əliyev deyilənləri təkzib edib.

Məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG