Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:31

Oğluna zaminlik edən keçmiş nazir müavini ilə bağlı qərar verildi


A.Əsgərov
A.Əsgərov

Ali Məhkəmə 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə 11 il (2004-2015) Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olmuş Arif Əsgərov haqqında qərar çıxarıb. Qərar belədir ki, keçmiş nazir müavini və oğlu Elnar birlikdə Əmanətlərin Sığortalanması Fonduna 92622 dollar pul ödəməlidir. Səbəb isə Elnar Əsgərovun hələ atası nazir olan dövrdə - 2015-ci ilin noyabrında «Dəmirbank»dan götürdüyü krediti qaytarmamasıdır. Atası bu kreditin qaytarılacağına zaminlik elədiyinə görə borcu qaytarmaq öhdəliyi onun da üzərinə qoyulub.

Binəqədi Rayon Məhkəməsində ata və oğul Əsgərovlar haqqında qiyabi qətnamə çıxarılıb. Məhkəmənin onların üzərinə qoyduğu 92622 dolların 86026 dolları əsas borc, 6595 dolları faiz, 1 dolları isə cərimə borcudur.

Əsgərovlar bu qərardan xəbər tutandan sonra etiraz ediblər. Onların fikrincə, bu məsələyə Binəqədi Rayon Məhkəməsi baxa bilməzdi. Şikayət veriblər ki, bu iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin, orada yenidən baxılıb qərar verilsin. Ancaq onların şikayətləri təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Sabiq nazir oğlunun bir neçə bankdan götürdüyü kreditləri qaytarmadığı iddia olunur. «Dəmirbank»la yanaşı, «Bank of Baku» və «Bank Standard» (bu bankın lisenziyası ləğv olunduğuna görə iddiaçı qismində onun ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondudur) da ondan məhkəməyə şikayət edib.

«Bank of Baku»nun iddiası üzrə prosesdə E.Əsgərovun vəkili etiraz edib ki, bu işə Binəqədi rayon Məhkəməsində yox, Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Çünki E.Əsgərov Binəqədi rayonunda qeydiyyatda olsa da, faktiki Nərimanov rayonunda yaşayır. Amma bu şikayətlər təmin olunmayıb, yuxarı instansiyalar da qərar verib ki, «Bank of Baku»nun şikayətinə elə Binəqədi rayon Məhkəməsində baxılmalıdır.

Əmanətlərin Sığortalanması Fondunun «Bank Standard»a borca görə E.Əsgərova qarşı qaldırdığı iddia üzrə iş isə hazırda Ali Məhkəmədədir.

E.Əsgərovun adı bundan öncə də dəfələrlə mediada hallanıb. Onunla bağlı ilk qalmaqal 11 il öncə Böyük Britaniyada olmuşdu. 2008-ci ildə 22 yaşı olan E.Əsgərov Londonda təhsil aldığı universitetdə imtahanlara öz əvəzinə saxta sənədlə başqasını göndərmişdi. Bu faktın üstü açılandan sonra onların hər ikisiylə bağlı araşdırmalar başlamışdı.

Ötən il isə xalası Lətifə Hüseynova oğulları Emil və Rahibin dələduzluq suçlamasıyla həbsinə görə onu günahlandırırdı. İddia edirdi ki, adamlardan pulu Elnar alıb, amma onun övladlarını məsuliyyət altında qoyub.

E.Əsgərov isə xalasının və onun oğlanlarının məhkəmədə səsləndirdiyi iddiaları rədd edirdi. Bildirirdi ki, xalasının oğulları özlərinin adamlara vurduqları ziyanı ödətdirmək üçün onun və atasının adını hallandırır.

XS
SM
MD
LG