Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:06

O.Baxışlı: 'Ölüm cəzası versəydiniz, onu da gülə-gülə qarşılayardım'


O.Baxışlı
O.Baxışlı

«Məni siyasi baxışlarıma, xüsusən mayın 3-də Elmar Hüseynovun məzarı başındakı çıxışıma görə həbs ediblər. Heç olmasa, vicdanlı olun, açıq deyin ki, buna görə tutmuşuq. Daha narkotik nədir? Mən narkotikin nə istifadəçisiyəm, nə də satanı...», – AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı dekabrın 10-da öz məhkəməsində belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il həbs cəzası almış cəbhəçi fəal bu hökmdən apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Dekabrın 10-da məhkəmədə onun vəkili Elçin Sadıqov da deyib ki, müvəkkili gənc olmasına baxmayaraq, xeyli vaxtdır müxalif partiyanın üzvüdür. Siyasi baxışlarına görə bundan əvvəl də təqiblərə məruz qalıb. Sonuncu həbsində də polislər onu Milli Elmlər Akademiyasının qarşısındakı bağda saxlayıb, əvvəlcə Yasamal rayonu 26-cı polis bölməsinə, oradan 28-ci polis bölməsinə aparıb, saatlarla qandallı vəziyyətdə saxlayandan sonra üzərinə baxış keçirib narkotik tapdıqlarını iddia ediblər:

«Əgər həqiqətən Orxanda narkotik olması barədə polislərdə məlumat vardısa, niyə saxlayan kimi üzərinə baxış keçirmirdilər? Sübutlar göstərir ki, Orxan üç saatdan artıq polislərin nəzarətində qandallı vəziyyətdə saxlandığı müddətdə narkotik onun cibinə atılıb».

«Xeyirlə şərin mübarizəsi»

Vəkil yada salıb ki, hüquqlarını müdafiə etdiyi şəxsin günahsızlığını sübut etmək üçün məhkəmədə verdikləri vəsatətlərin heç biri təmin olunmayıb. Cəbhəçi gəncin cibindən narkotik tapılmasına hal şahidliyi edən şəxslərdən danışan vəkil bildirib ki, öncə onun özü narkotikə görə həbs olunub, sonra prezidentin əfv sərəncamıyla azadlığa çıxan adamdır: «Belə nəticəyə gəlmək olur ki, polis narkotikin istifadəsi və ya satışıyla məşğul olan şəxsi həbs edir, daha sonra onlardan hal şahidi kimi istifadə edir».

O.Baxışlı özü də siyasi fəaliyyətinə görə həbs olunduğunu vurğulayaraq, bunu «xeyirlə şərin mübarizəsi» adlandırıb. Bildirib ki, işinə birinci instansiya məhkəməsində baxılarkən dəfələrlə saxlandığı ərazidəki və həmin gün aparıldığı polis bölmələrindəki kameraların görüntülərin alınması barədə vəsatət qaldırıblar. Təmin olunmayıb:

«Əgər o görüntülərə baxış keçirilsəydi, görünərdi ki, mənim günahım yoxdur. Mən bilirəm ki, bu məhkəmə də heç nəyi dəyişən deyil. Amma heç olmasa, azacıq vicdanınız olsun, düzünü deyin, yazın ki, səni buna görə həbs eləyirik. Mənə ən ağır cəza, hətta ölüm cəzası da versəniz, bunu gülə-gülə qarşılayardım...».

O.Baxışlı əlavə edib ki, onun cibinə narkotiki polis polkovniki Şirəli Babayev atıb və daha sonra çıxararaq oradan tapdığını iddia edib.

Hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, hökmün qüvvədə saxlandığını elan edib.

O.Baxışlının anası Kəmalə Rəhimli AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili olan Şirəli Babayevin adı mərhum prezident Heydər Əliyevin heykəlinə «Qul Bayramınız mübarək!» şüarı yazdıqdan bir gün sonra narkotik ittihamıyla həbs olunan gənclərdən Bayram Məmmədovun işində də keçir. B.Məmmədov məhkəmədə Ş.Babayevin özünün yanında bildirmişdi ki, onun cibinə narkotiki bu polis atıb.

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları yalanlayırlar və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.

XS
SM
MD
LG