Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:11

London Leriki ötüb?


Ötən il Britaniyada yaşı yüzü ötmüş 14 min 500 insan olub, onlardan 780 nəfərinin yaşı 105-dən yuxarı idi.

“The Daily Mail” yazır ki, ötən il Britaniyada yaşı yüzü ötmüş 14 min 500 insan olub, onlardan 780 nəfərinin yaşı 105-dən yuxarı idi.

Bu, 2004-cü ildən bəri 72 faiz artım deməkdir.

Lakin bu statistikada birincilik Yaponiyaya məxsusdur.

Yaponiyada 116 yaşlı Misao Okawa bu il ad günü ərəfəsində vəfat edib
Yaponiyada 116 yaşlı Misao Okawa bu il ad günü ərəfəsində vəfat edib

Orada hər 100 min adama 42 yüzyaşlı düşür. Britaniyada bu rəqəm 22-dir.

Britaniya Milli Statistika İdarəsinin məlumatına görə əsri haqlayanlar əhalinin 0, 02 faizini təşkil etsələr də onların sayı durmadan artır.

Bu da var ki, 100 yaşlıların əksəriyyəti dağlıq Şotlandiyada yox, düzənlik İngiltərədə yaşayır.

Rəsmilər bunu sosial təminatın və qidalanma keyfiyyətinin yaxşılaşması, habelə səhiyyənin inkişafı ilə bağlayırlar.

Hökumət yaşı yüzü ötənlərə hər ad günündə təbrik açıqçası göndərir.

Yaponiyada qaşıq çatışmır

Yaponiya son vaxtlaradək belə vətəndaşlarına gümüş qaşıq bağışlayardı, lakin son vaxtlar 100 yaşlıların sayı kəskin artdığından qaşıq çatdırmaq olmur. Daha doğrusu pul çatdırmaq olmur, deyir hökumət.

BMT-nin məlumatına görə, dünyada yüz və daha çox yaşı olan 450 min insan qeydə alınıb.

Bunlardan 335 mini qadınlar, 89 mini kişilərdir.

Avropada yaşı yüz və daha çox olanların sayına görə birinci yerdə Fransadır. Orada hər 100 min əhaliyə 34 nəfər düşür.

Ziddiyyətli rəqəmlər

Azərbaycana dair internet məlumatları ziddiyyətlidir. Bəzi mənbələrdə 100-ü ötənlərin sayı 8-10 olaraq göstərilir.

AzadlıqRadiosunun bu mövzuya həsr olunmuş geniş reportajında uzunömürlülər diyarı sayılan Lerik rayonunda bir yüzyaşlının olduğu bildirlirdi.

Global Action on Ageing-in saytında deyilir ki, Azərbaycan bir vaxtlar dünyada ən çox yüzyaşlısı olan ölkələrdən olub. 1981-ci ildə əhalinin siyahıya alınmasına görə, ölkədə 14 min 486 yüzyaşlı olub. Bu, hər 100 min nəfərə 48 nəfər deməkdir.

Bəzi mənbələrdə Gürcüstanda yaşı yüzü ötənlərin 51 nəfər olduğu iddia edilir.

Tək hava ilə olmur

Qərb tədqiqatçıları Cənubi Qafqazın uzunömürlülər diyarı olduğu barədə iddialara ciddi baxmırlar.

Məsələn, P. Laslett yazır ki, belə şeyləri yalnız “təmiz hava” ilə izah etmək bir qədər qeyri-elmi yanaşmadır.

Şirəli Mövsümovdan Qərb mətbuatı da yazırdı
Şirəli Mövsümovdan Qərb mətbuatı da yazırdı

Azərbaycan mediasında doğrudan da belə yazılar olur. Məsələn azpress.az saytı yazıb:

“Deyirlər ki, Daşkəsəndə yüz yaşlıların sayı az qala yüzə çatır. Heç bir statistikaya, hesablamaya istinad etmədən buna zərrə qədər də təəccüblənmədik. Ona görə ki, bu yerlərin təbiəti insana güc və taqət verir, uzun ömür yaşamağa təpərini artırır...”

150 yaşlılar dünyaya gəlir

Statistika demişkən, Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytında əhalinin yaşa görə təsnifatına yalnız 80 yaşdan yuxarı olanlar daxil edilib. Başqa rəqəm gözə dəymir.

Keçmiş Sovet İttifaqında yaşı yüzü ötənlərdən sosialist təbliğatı üçün istifadə edildiyi barədə çox yazılıb. SSRİ-də belə şəxslərin portretləri olan poçt markaları buraxılırdı. Bu markalardan birində “168 yaşlı Şirəli babanın da portreti var idi”.

Qərb alimləri bildirirlər ki, planetin “ağsaqqalaşma prosesi” bundan sonra da davam edəcək.

Onlar deyirlər ki, artıq potensial 150 yaşlılar doğulmağa başlayıblar.

XS
SM
MD
LG