Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

Panama sənədləri və keçmiş oliqarx arvadları


Təhqiqat Jurnalistlərinin Beynəlxalq Konsorsiumunun məqaləsində söhbət dünyanın 1 faizini təşkil edən zənginlərin dövlətdən və arvaddan gizlətdiyi pullardan gedir

Bu yaxınlarda sızmış Panama Papers sənədləri təkcə rüşvətxor rəsmilərə yox, həm də boşanıb-evlənmələri ilə xəbər başlıqlarına çıxan oliqarxlara başağrısı yarada bilər.

Bir xeyli müddətdir boşanıb məhkəmələr vasitəsilə çətin mülkiyyət bölgüsünə nail olmuş bəzi keçmiş oliqarx arvadları öz vəkillərini təkrar axtarmağa başlayıblar.

İndi də yeni məhkəmə çəkişmələrində keçmiş ərlərindən ofşorlarda gizlədilmiş aktivlərin bölünməsini tələb edən onlarca qadının iddialarına baxılması qaçılmazdır.

Dmitri Rıbolovlev
Dmitri Rıbolovlev

Təhqiqat Jurnalistlərinin Beynəlxalq Konsorsiumunun (The International Consortium of Investigative Journalists – İCİJ) müxbiri Will Fitzgibbon yazır ki, məsələn, vəkil Christopher Williams Havayın Kauai adasındakı helikopter meydançasında 90 dəqiqə gözləməli olub. Amma vaxtı hədər getməyib, Rusiyanın mədənçilik maqnatı Dmitri Rıbolovlev orada peyda olan kimi əlindəki məhkəmə iddiası sənədlərini oliqarxa təqdim edib.

İddiaçı da onun keçmiş arvadı Yelena idi. O iddia edirdi ki, keçmiş əri ofşor şirkətlərdə külli miqdarda pul gizlədir.

Bu görüşə gələn vəkilin üstündə gizlətdiyi kamera “tarixi anı” qeyd edirdi.

Məqalədə deyilir ki, bu, vəkil Williams-ın Rıbolovlev işi üzrə fəaliyyətinin yalnız bir epizodu idi.

Birinci arvadların klubu

Müxbir yazır ki, bir çox keçmiş oliqarx xanımları Panama papers sızmalarından sonra keçmiş ərlərinə qarşı yeni iddialar qaldırırlar.

Britaniyadan olanların hətta “Birinci Arvadların Klubu” deyilən bir təşkilatı da var.

İndi onların adətən yalnız adi ailə işlərinə xidmət edən vəkilləri ofşor şirkətlərin mürəkkəb şəbəkələri üzərində baş sındırırlar.

Məqalədə deyilir ki, Rıbolovlevin boşanma çəkişməsinə aid sızmış sənədlər İCİJ və Almaniyanın "Süddeutsche Zeitung" qəzetinin ixtiyarında olan 11 milyon sənədin arasındadır.

Bu sənədlər 1977-vci ildən 2015-ci ilin dekabrınadək olan dövrü əhatə edir.

Sənədlər Panamadakı Mossack Fonseca hüquq firmasından sızıb.

“Kələkbaz ər, Bernard Madoff qədər ciddi fırıldaqçı hesab olunmalıdır” – deyib Britaniyanın Vircin adalarında Rusiya, Birləşmiş Krallıq, İsveçrə və Birləşmiş Ştatlardan olan keçmiş ərlərə qarşı onların keçmiş arvadlarının hüquqlarını təmsil edən vəkil Martin Kenney.

Dünyanın 1 faizi nə oyunlardan çıxır

Yelena Rıbolovlevanın iddiasının əsasını bu təşkil edirdi ki, ondan ayrılmış əri – Forbes-un siyashısına görə Rusiyanın 14-cü zəngin adamı ofşor vergi cənnətlərindən mülklərini və başqa sərvətlərini gizlətmək üçün istifadə edib.

Bu şəbəkənin sxeminə baxanda elə bir təəssürat yaranırdı ki, sanki səhifənin üstünə bir ovuc spagetti dağıdıblar

Williams-ın helikopter meydançasında Dmitri Rıbolovlevə təqdim etdiyi iddia sənədləri sonuncuun Nyu York şəhərindəki 88 miyon dollarlıq penthaus tipli mənzilini hədəfləyirdi.

İddia ərizəsində deyilirdi ki, Dmitri Rıbolovlev bu mənzillə bağlı İsveçrə məhkəməsinin aktivlərin dondurulması barədə hökmünü pozub.

Lakin Yelenanın vəkili bu qənaətdədir ki, Rıbolovlevin ofşorlarda gizlətdiyi sərvət yalnız bu mənzillə bitmir. O ofşor şirkətindən dəyəri 650 milyon dollar olan incəsənət əsərlərinin alqı-satqısı üçün istifadə edib.

Will Fitzgibbon yazır ki, onilliklər ərzində dünyanın bir faizini təşkil edən zənginlərin, əsas etibarilə kişi nümayəndələri boşanma prosesində və çox vaxt da tədbirli tərpənərək ondan əvvəl, aktivlərini gizlətməyə çalışıblar və bu işdə onlara Mossack Fonseca tərəddüd göstərmədən köməklik edib.

Sızlar yada düşəndə…

Məqalədə deyilir ki, boşanan kişilərin sərvətlərinin gizlədilməsi və ya məhkəmədən yayındırılması xidmətləri göstərən firmalar cinayət məsuliyyəti daşıyır.

Belə işlərin təhlili ilə məşğul olan vəkillərin dediyinə görə, sərvətin gizlədilməsi sxemləri o qədər mürəkkəbdir ki, bəzən onun öyrənilməsi və açılmasına milyonlarla dollar xərclənə bilər.

Xitrans şirkətində saxlanan incilərdən biri - Pablo Picasso "Pierrette-in evlənməsi"
Xitrans şirkətində saxlanan incilərdən biri - Pablo Picasso "Pierrette-in evlənməsi"

Vaşinqtonda mənzillənmiş Sanford K. Ain sırf boşanma işləri ilə məşğul olan vəkildir. O deyir ki, apardığı işlərdən birində ər özünün bank hesabları, şirkət və trestləri ilə çox qəliz bir şəbəkə qurmuşdu. Onun öz dəftərçəsində bu şəbəkənin sxeminə baxanda elə bir təəssürat yaranırdı ki, sanki səhifənin üstünə bir ovuc spagetti dağıdıblar.

Vəkil deyir ki, belə şəbəkənin düyününü açmaq üçün 2 milyondan 3 milyon dollarədək vəsait lazım gəlir.

Dmitri Rıbolovlevə gəlincə isə o, arvadı Yelenaya hələ ikisi də Ural Universitetinin tələbələri olanda, 1987-ci ildə vurulmuşdu. Sonrakı 20 ildə ailə dünyaya iki uşaq gətirmiş, İsveçrəyə köçmüşdü. Dmitrini artıq “gübrə kralı” kimi tanıyırdılar.

2008-ci ilin dekabrında Yelena Rıbolovleva boşanmaq üçün ərizə vermişdi və İsveçrə qanunlarına görə ailənin sərvəti ər və arvad arasında tən yarı bölünməli idi.

Amma nəyin kimə düşəcəyini müəyyən etmək elə də asan deyildi, çünki sərvət ofşor şirkətlərin mürəkkəb şəbəkəsində idi.

Ofşorda Luvru da gizlətmək olar

Məsələn, 2002-ci ildə Mossack Fonseca Britaniyanın Vircin adalarında Xitrans Finance Ltd adlı şirkəti qeydiyyatdan keçirmişdi.

Kələkbaz ər, Bernard Madoff qədər ciddi fırıldaqçı hesab olunmalıdır

İlk baxışdan kiçik bir şirkətə bənzəyən Xitrans Finance Ltd, əslində az qala Luvr muzeyi idi.

Burada Picasso, Modigliani, Van Gogh, Monet, Degas və Rothko kimi rəssamların əsərlərinin sahibliyi vardı. Bu şirkət həmçinin 16-cı Lüdovikin yazı masasını almışdı.

Sızmış sənədlərdən görünür ki, ayrılmaq söhbəti ortaya çıxanda Dmitri Mossack Fonseca-ya email göndərmiş və bahalı əşyaların Xitrans Finance Ltd vasitəsilə İsveçrədən Sinqapur və Londona daşınmasını təşkil etmişdi.

Mossack Fonseca-dan sızmış sənədlərdən görünür ki, bu şirkət bütövlükdə ailəyə aid olsa da, orada yalnız Dmitri Rıbolovlev öz səhmlərini saxlayırdı.

Nəhayət uzun illərin çəkişməsindən sonra İsveçrə məhkəməsi Yelenanın payını 4, 5 milyard dollar olaraq müəyyən etmişdi.

Sonradan apellyasiya məhkəməsi bu payı 600 milyon dollara endirmişdi.

Buna səbəb kimi Rıbolovlevin öz keçmiş arvadı ilə Kiprdəki trestlərində saxlanan vəsaitləri hesabına halallaşdığı göstərilirdi.

Həm Dmitri, həm də Yelena Rıbolovlevlər təfərrüatlar barədə şərh verməkdən boyun qaçırıblar.

XS
SM
MD
LG