Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:33

Ombudsman təcridxanada saxlanılan siyasətçi və jurnalistlərlə görüşüb


Ombudsman Elmira Süleymanova, 18 dekabr 2013
Ombudsman Elmira Süleymanova, 18 dekabr 2013

Sentyabrın 12-si Ombudsman Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında olub. O həmin müəssisədə bir çox təqsirləndirilən şəxsləri fərdi qəbul edib, o cümlədən AXCP sədrinin müavini Gözəl Bayramlı, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucovla görüşüb.

Bu barədə sentyabrın 13-də Ombudsman Aparatının mətbuat xidmətindən məlumat yayıblar.


“ Gözəl Bayramlı, Əfqan Muxtarlı və Əziz Orucov da konfidensial qaydada dinlənib.Onların hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb. Bir sıra müraciətlər yerində təmin edilib, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində Müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib”, məlumatda vurğulanır.

Məlumatda qeyd olunur ki, söhbət aparılan şəxslər saxlanma şəraiti, əməkdaşları rəftarı barədə şikayətçi olmasalar da bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Məlumatda vurğulanır ki, Müvəkkil həmin şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparıb və öz tövsiyələrini verib.

Ancaq məlumatda adı çəkilən şəxslərdən Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin müavini Gözəl Bayramlı-nın vəkilləri tez-tez bildirirlər ki, müdafiə etdikləri xanım siyasətçi təcridxana şəraitində effektiv şəkildə müayinə və müalicə olunmayıb. Xanım siyasətçi qıç ağrılarından şikayətlənir.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 ay müddətinə həbs olunub. Daha sonra həbs müddəti artırılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Jurnalist Ə.Muxtarlı da mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, rəsmi qurumların açıqlamasına görə, jurnalist saxlanarkən hüquq-mühafizə orqanları əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Onun da həbs müddəti sonra artırılıb. Ə.Muxtarlı da ittihamları qəbul etmir.

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Ə.Orucov-a (Qaraşoğlu) isə mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsindəCinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb. Artıq istintaqın yekunlaşdığı bildirilir. Bu jurnalist də ittihamları qəbul etmir.

XS
SM
MD
LG