Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:44

Omikron: daha yoluxucu, vaksinlərə daha davamlı, amma daha zəif?


Omikron mikroskop altında
Omikron mikroskop altında

Omikronun kəskinlik dərəcəsini müəyyənləşdirmək üçün alimlərə daha çox informasiya və vaxt gərəkdir

Cənubi Afrikadan alınan son məlumatlarda deyilir ki, koronavirusun yeni variantı – Omikrona yoluxanların getdikcə daha çox qismi xəstəxanalara düşür.

Məlumata görə son iki həftə ərzində Cənubi Afrikada Omikron diaqnozu ilə xəstəxanaya gətirilənlərin sayı 143-dən 788-ə çatıb.

Amma alimlər deyirlər ki, yeni ştammın Avropada da eyni fəsadları yaradıb-yaratmayacağı bilnmir, çünki Avropa ölkələrində vaksinləmə faizi Cənubi Afrika ilə müqayisədə xeyli yüksəkdir.

Burası da var ki, Omikronun vaksinlərə daha davamlı olduğu da üzə çıxıb.

Britaniyada vaksinlər üzrə mütəxəssis professor Gill Riçardson deyib ki, Omikron koronavirusun ən fərqli ştammıdır:

"Biz bilirik ki, virusun tac çıxıntısı proteinində 32 yeni mutasiya var və biz bilirik ki, 10 mutasiya onun bilavasitə insan hüceyrəsinə yapışan reseptorundadır. Bu isə o deməkdir ki, yeni variant hətta koronavirusu keçirmiş adamlarda olan təbii immunitetdən yan keçə bilər. Daha bir narahatlıq bu ştammın vaksinlərin yaratdığı immunitetdən də yan keçə biləcəyindədndir. Amma hələki bunu tam isbat edən dəlillərimiz yoxdur”.

Bu arada bu da xəbər verilir ki, Pfizer vaksininin yaratdığı anticismlər Omikrona qarşı 40 dəfə daha az effektiv ola bilər.

Bu nəticə Cənubi Afrikada aparılmış ilkin laboratoriya təcrübələrində alınıb.

Ümid verən rəqəmlər

Lakin Afrika Səhiyyə Araşdırmaları İnstitutunun viroloqu Aleks Siqal deyib ki, təcrübə - immuniteti həm yoluxma, həm də vaksinlə qazanmış insanlardakı anticismlərin Omikrona qarşı kifayət qədər effektiv olduğunu göstərir.

Bəzi başqa xəbərlərə görə alimlər Omikronun daha çətin aşkar olunan versiyalarını müəyyən ediblər. Bu versiyadan olan ştamları adi PCR testləri ilə görmək olmur.

Omikron virusunun davranışının öyrənilməsi davam etsə də, əksər alimlər bu ştammın daha zəif simptomlar törətməsi fikrində yekdildirlər.

Pretoriya xəstəxanalarından birinin verdiyi məlumatda deyilir ki, xəstəxanaya gətirilən 42 nəfərdən yalnız 9-nun əlavə oksigenə ehtiyacı olub.

Həmin xəstəxanadan alınan məlumatda deyilir ki, xəstəxanaya gətirilənlərin yalnız 8 faizi reanimasiya şöbələrinə yerləşdirilir.

Bu, Delta variantı ilə müqayisədə xeyli azdır. Deltaya yoluxanların 23 faizi reanimasiyaya gətirilirdi.

Reanimasiyadakı xəstələrin isə yalnız 2 faizi süni tənəffüs aparatlarına qoşulmalı olur. Delta üçün bu rəqəm 11 faiz idi.

Rusiyada Omikrona ilk yoluxmalar aşkarlanır

Rusiyada COVID-19-un Omikron ştammına ilk yoluxmalar aşkarlanıb. Dekabrın 6-da açıqlanmış rəsmi məlumata görə, Cənubi Afrika, yaxud qonşu ölkələrdən gələn bir qrup şəxs arasında 10 yoluxma qeydə alınıb.

Son 24 saat ərzində isə ölkədə COVID-19-dan 1184 ölüm qeydə alınıb ki, bu da son bir ayda ən aşağı gündəlik göstəricidir. Aşkarlanan yoluxma sayı 32 mindən yuxarıdır.

Rusiyada indiyədək koronavirusa 9.8 milyon yoluxma, 282 min ölüm qeydə alınıb.

***

Omikron Deltadan daha zəif ola bilər

İlkin əlamətlər koronavirusun Omikron ştammının hazırda dominant Deltadan daha zəif simptomlara səbəb ola biləcəyini göstərir. Bunu ABŞ səhiyyə rəsmiləri deyir və deltanın hələ də hospitalizasiyasını artırdığını vurğulayırlar.

Ağ evin baş səhiyyə müşaviri Entoni Fauçi dekabrın 5-də deyib ki, Omikronun kəskinlik dərəcəsini müəyyənləşdirmək üçün alimlərə daha çox informasiya və vaxt gərəkdir.


“İndiliksə daha kəskin olduğu görünmür. Ancaq Delta ilə müqayisədə daha yüngül olduğu, yaxud xəstəliyi ağırlaşdırmadığını müəyyənləşdirənəcən gerçəkdən ehtiyatlı olmalıyıq”, – Fauçi CNN-ə deyib.

Omikronun ilk dəfə aşkarlandığı və sürətlə yayıldığı Cənubi Afrikadan gələn xəbərlərə görə, bu ştamm əvvəlkilərdən daha yüngül simptomlarla müşahidə edilib.

Daha yoluxuculuq nə deməkdir

Omikronun Delta daxil digər ştammlardan daha yoluxucu olduğu güman edilir. Ancaq alimlər onun vaksinlərdən yayınma qabiliyyətini müəyyənləşdirməyə çalışırlar.

Yeni ştammın onlarla ölkədə aşkarlanmasına baxmayaraq, Avropa və Şimali Amerikada yoluxmalar əsasən deltanın payına düşür.

Omikronun hətta Deltadan daha az təhlükəli olması aşkarlansa belə, yenə də problem olaraq qalır. Bunu Dünya Səhiyyə Təşkilatının epidemioloqu Mariya Van Kerxove CBS news-a deyib.

“Xeyli sayda yoluxma yüngül keçsə belə, bu şəxslərdən bəzilərinin hospitalizasiyaya ehtiyacı yaranacaq. Onlardan bəziləri reanimasiyaya gedəcək, bəziləri öləcəklər. Dünyada Deltanın yaratdığı çətin durum fonunda bunun da baş verməsini istəmirik”, – o deyib.

XS
SM
MD
LG