Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:55

Omikrondan ‘bayram müjdəsi’ var, amma iki sual açıq qalır


Britaniyanın Sky News şəbəkəsi yazır ki, Omikron dalğasının bu mərhələsində bu sanki arzu etdiyimiz Milad hədiyyəsinə bənzəyir

Britaniyanın Sky News şəbəkəsi yazır ki, Omikron dalğasının bu mərhələsində bu sanki arzu etdiyimiz Milad hədiyyəsinə bənzəyir.

Məqalədə deyilir ki, Şotlandiya və İngiltərə xəstəxanalarından alınmış real statistika rəqəmlərinin təhlili Omikron ştammının Delta ştammından daha yüngül xəstəlik törətdiyini təsdiqləyib.

Lakin bu işin ən böyük əmması budur ki, bu bizə Miladdan sonrakı dövrdə karantin məhdudiyyətlərinin qaldırılıb-qaldırılmayacağı barədə hələki heç nə demir.

Əvvəlcə yaxşı xəbərdən başlayaq. Edinburq Universitetinin bazasında Şotlandiya əhalisinin 99 faizinin xəstəlik tarixləri əsasında aparılmış tədqiqat göstərib ki, Omikronun hospitalizasiya (xəstəxanaya düşmə) riski Delta variantının riskindən 56 faiz azdır.

Lakin bu təxminə etibar kifayət qədər aşağıdır. Çünki tədqiqat zamanı risk dərəcələri 30 və 75 faiz arasında götürülüb.

Bu ona görə baş verib ki, bütün Şotlandiyada Omikrona yoluxma ilə xəstəxanaya vur-tut 20 nəfər düşüb.

Omikron doğrudanmı zəifdir, yoxsa?

Ən əhəmiyyətlisi isə budur ki, xəstəxanaya düşənlərin arasında yaşı 60-dan çox olan demək olar yoxdur.

Şotlandiyada bu yaş kateqoriyasından olanların əksəriyyətinə artıq vaksinin üçüncü – buster dozası vurulub.

Bu səbəbdən də xəstəxanalarda 60 yaşdan yuxarı olanların artacağı təqdirdə Omikronla Delta arasında bu risk fərqinin necə dəyişəcəyi bilinmir.

Şotlandiyada aparılmış təhlilin arxayınlıq yaratmayan digər tərəfi isə budur ki, belə bir suala cavab verilməyib: Omikron doğrudanmı daha zəifdir, yoxsa əhalinin əksəriyyəti vaksin olunub deyə özünü belə aparır?

Lakin buna bənzər təhlil London İmperiya Kollecində də aparılıb. Londonda yoluxmaların tuğyan etməsi və deməli xəstəxanaya düşənlərin sayının çox olması bu tədqiqata daha çox xam material verib.

Elmi əsası olan yaxşı xəbər

Londonlular tədqiqatı bir azca başqa formatda aparıblar. Onlar bir gecəlik xəstəxanada qalmaq riskini hesablayıblar və belə nəticəyə gəliblər ki, Omikronun hospitalizasiya riski Deltanınkından 40-45 faiz azdır. Xəstəxanaya gündüz gətirilənlərin statistikası isə bu fərqin 15-25 faiz arasında olduğunu göstərib.

Ən əhəmiyyətlisi isə budur ki, İmperiya Kollecinin alimləri heç vaksin olunmayanları və bundan əvvəl təbii immunitet qazanmayanları da nəzərə alıblar.

Onlar nəticəyə gəliblər ki, belələri üçün Omikronla Delta arasındakı risk fərqi 11 faizdir.

Şotlandiya İctimai Səhiyyə İdarəsindən professor Cim MakMenamin bunu “elmi əsası olan yaxşı xəbər” adlandırır.

Bununla belə, iki çox böyük sual açıq qalır: Yaşı 60-dan yuxarı olanların yoluxmaları artdıqca bu üstünlük faizi də qala biləcəkmi?

Hələki bu yaş qrupundan olanlar arasında xəstəxanaya gətirilmə və ölüm halı qeydə alınmayıb.

Amma koronavirusun başqa variantlarına yoluxsaydılar onlar ya çox ağır xəstələnə və hətta ölə bilərdilər.

Həkim: "İndiyədək evdə antibiotik inyeksiyasından insanların öldüyünə rast gəlirik"
Gözlə

No media source currently available

0:00 0:06:20 0:00

Omikronun zəiflik səbəbini alimlər də başa düşmürlər

İkinci böyük sual bundan ibarətdir ki, Omikronun dalğası nə miqyasda olacaq.

Hazırda Britaniyada yoluxmalar raket sürətilə artır. İngiltərədə gündəlik yoluxma rəqəmi artıq 100 mini keçib.

Belə olduğu halda Omikron Deltadan lap 50 faiz zəif olsa da, üç dəfə artıq insanı yoluxdurur və deməli xəstəxana rəqəmləri də getdikcə yüksələ bilər.

Bu isə ölkə səhiyyəsi üçün reanimasiya və çarpayı çatışmazlığı təhlükəsi yaradır.

Omikronun zəifliyi barədə daha bir müjdəli xəbər bu variantın ilk aşkar olunduğu Cənubi Afrikadan gəlib.

Cənubi Afrika Yoluxucu Xəstəliklər İnstitutundan professor Şeril Koen də Omikron ştammının zəif olduğunu təsdiqləyib.

Bununla belə, The Guardian yazır ki, alimlər hələ də bu zəifliyin özünü izah edə bilmirlər.

Cənubi Afrikanın əhalisi Britaniya ilə müqayisədə çox gəncdir və bu səbəbdən də göstəricilər tamamilə fərqli ola bilər.

Britaniyada orta yaş 40.5-dirsə, Cənubi Afrikada 27.6-dır. Hələ orta yaşı 47.3 olan İtaliya kimi ölkələr də var.

XS
SM
MD
LG