Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:50

Oktyabrın 18-i təntənəli qeyd olunacaq, amma istirahət günü kimi deyil


İlham Əliyev sənəd imzalayarkən
İlham Əliyev sənəd imzalayarkən

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü təntənəli qeyd olunacaq.

Prezident İlham Əliyev oktyabrın 11-də bununla bağlı sərəncam imzalayıb. Sərəncam ölkə başçısının rəsmi internet saytında yayılıb.

Sənəddə 1991-ci ildən bu yana bütün sahələrdə atılan addımlardan bəhs olunur. Qeyd edilir ki, müstəqillik yollarında ilk addımlar atılarkən Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranda olub.

“Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu. Dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin Müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı”, sərəncamda qeyd edilir.

Buna da bax:​ «Həmin gün bütün Azərbaycan meydana toplaşmışdı»

Sənəddə bildirilir ki, Azərbaycan artıq dünyanın ən nüfuzlu təşkilatlarının yüksək qiymətləndirdiyi iqtisadi duruma sahibdir. Ölkədə müxtəlif yönümlü siyasi partiyalar, ictimai təşkilatlar və çoxsaylı mətbu orqanları fəaliyyət göstərir. Vicdan, söz azadlığı, vətəndaşların əsas hüquq və azadlıqları təmin edilir. Müstəqil seçki və hüquq-məhkəmə sistemləri qurulub.

Sərəncama əsasən, müstəqilliyin bərpasının iyirmi beşinci ildönümü dövlət səviyyəsində təntənəli surətdə qeyd olunmalıdır. Tədbirlərin maliyyələşməsi ilə bağlı məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.

Bayramdır, istirahət deyil...

25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin il oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər.

Buna da bax:​ Sabir Rüstəmxanlı: ‘Həmin gün parlament əhatəyə alınmışdı...’

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü və 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.

XS
SM
MD
LG