Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:37

OPEC danışıqları neft bazarını bərkitmir


Neft buruqları
Neft buruqları

OPEC neft istehsalçılarını yola gətirməyə, hasilatı azaltmaqla qiymətləri artırmağa çalışır. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin istehsalçıların təkliflə bağlı razılaşmaq üzrə olduğunu deyib. Amma xarici mətbuat razılaşma əldə olunsa belə, neft bazarının möhkəmlənəcəyi sarıdan bədbindir.

DAVAMLI TƏSİR OLACAQMI?

OPEC-in təşəbbüsünün neft bazarına təsiri haqda «The Wall Street Journal» qəzeti, «Reuters» xəbər agentliyi yazır. «Reuters» OPEC -dən gözləntilərin qiymətləri yalnız gələn 4 aya qaldırdığını xəbər verir. Agentliyin məlumatına görə, danışıqlar nəticəsində fyuçers sövdələşmələr neftin dəyərinin yaxın bir neçə aya 10% -dən də çox artdığını göstərir.

Amma indiki qiymətlərin birdən-birə qalxması fyuçerslərin dəyərinin azalan xəttinə ziddir. Mütəxəssislərin fikrincə, fyuçers sövdələşmələrin dəyərinin aşağıya meylini göstərən zolaq birjadakılara hətta yaxın 6 ayda neft bazarında möhkəmlənmə gözləməməyi tövsiyə edir.

OPEC
OPEC

OPEC-in neft hasilatını azaltmaqla bağlı razılaşmanı noyabrın 30-da, neft istehsalçılarının toplantısında əldə edəcəyi gözlənir. «Reuters» yazır ki, OPEC bununla ilk addımı atdığını bəyan edəcəksə də, anlaşmanın bazara davamlı təsirinə nail olmaqdan ötrü onun vaxtını uzatmaq vacibdir. Ehtiyatları azaltmaqdan ötrü razılaşma 2017-ci ilin ikinci yarısında da qüvvədə qalmalıdır.

BÖYÜK GÖZLƏNTİ YOXDUR

Digər tərəfdən, ekspertlərin çoxu noyabrın 30-a təyin olunmuş Vyana müzakirələrindən də xüsusi nəticə gözləmir. Rusiyanın gazeta.ru saytı hətta görüşə ümidlərin azaldığını, neftin dəyərdən düşməkdə olduğunu yazır. Saytın məlumatına görə, OPEC Nigeriya və Liviyanın neft hasilatını azaltmasını tələb etmir, bu da digər iri istehsalçıları –İranı, İraqı, İndoneziyanı narazı salıb. Bu ölkələr hətta hasilatın azalması prosesinə qoşulmayacaqlarını istisna etməyiblər. Belə olan halda, OPEC-in razılaşması yalnız formal xarakter daşıyar və müqaviləyə imza atanlar hasilatı azaltdığı halda, imzalamayanlar artıra bilərlər.

Neftin dəyərdən düşməsi iqtisadiyyatı birbaşa neft sektoruna bağlı digər ölkələr kimi, Azərbaycana da mənfi təsir edib, ekspertlər ölkənin iqtisadi böhran dövrü yaşadığını, böhranın hələ davam edəcəyini deyirlər.

Neftin qiyməti son iki ildə, az qala, 3 dəfə düşüb, bu gün dünya bazarında neftin bir barelinin dəyəri 49 ABŞ dollarından bir az artıqdır. Ekspertlər neftin qiymətinin gələn il 35-50 dollar arasında dəyişəcəyini, orta hesabla 40 dollar olacağını ehtimal edirlər.

XS
SM
MD
LG