Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:31

'Oqtay bəy ayılıb soruşdu ki, 'Şirin, mənə nə olub?''


Oqtay Gülalıyevi vuran sürücü danışdı
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Oqtay Gülalıyevi vuran sürücü danışdı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran maşının sürücüsü Kənan Abdullayev hadisə vaxtı hüquq müdafiəçisinin dostlarının da orada olduğunu, baş verənləri özlərinin də gördüklərini deyirdi. Hadisənin şahidlərindən biri də «Gündəm-Xəbər» qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərlidir.

«Sürücü qorxmuş, həyəcanlı vəziyyətdə idi»

Ş.Cəfərli AzadlıqRadiosuna danışır ki, qəzadan təxminən 1 saat əvvəl O.Gülalıyevlə danışıb, Səməd Vurğun bağı yaxınlığında görüşməyə razılaşıblar. Həmin ərazidəki kafelərdən birində oturub hüquq müdafiəçisini gözlədiyini deyən baş redaktorun sözlərinə görə, o, qəza anını görməyib:

«Mənə Oqtay bəyin telefonundan zəng gəldi. Açanda başqa bir adam dedi ki, bu telefonun sahibini maşın vurub. Həmin anda çıxıb gördüm ki, yolun ortasında insanlar toplaşıb. Oqtay bəy yerdə uzanıqlı vəziyyətdə idi. Sürücü də qaçmamışdı, oradaydı. Sürücü qorxmuş, həyəcanlı vəziyyətdə idi. Soruşdum ki, necə oldu? Dedi, «asta sürətlə gəlirdim, tini dönəndə oldu». Oqtay bəyin qollarına baxdım ki, görüm sınıq-filan varmı? Oqtay bəy ayılıb soruşdu ki, «Şirin, mənə nə olub?». Dedim, «heç nə, yıxılmısan, Allah eləsin, sınıq-filan olmasın». Qolunu rahat tərpətdi, baxdım ki, heç nə yoxdur. Ayağa qalxdı, bir az orada dayandıq, söhbət elədik, soruşdum ki, özünü necə hiss eləyirsən? Dedi ki, «yaxşıyam, amma başım ağrıyır». Onun danışığından hiss eləyirdim ki, nəsə var. Adama zərbə dəyər, huşunu itirib yenidən ayılar, bax, elə bir vəziyyətdə idi».

Ş.Cəfərli hüquq müdafiəçisinin xəstəxanaya gec çatdırılması barədə sosial şəbəkələrdə yayılan iddialarla razılaşmır. Deyir ki, qəsdən gecikdirilmədən söhbət gedə bilməz. Onun sözlərinə görə, qəzanı törədən sürücü hüquq müdafiəçisini öz avtomobilində aparıb, o da kafedəki başqa dostlarla birlikdə öz maşınında gedib. Öncədən sürücü ilə danışıblar ki, 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) getsinlər.

Baş redaktor bildirir ki, ayrı-ayrı maşınlarda getsələr də, yolda bir neçə dəfə O.Gülalıyevlə danışıb: «Yolda mütəmadi Oqtay bəylə danışırdıq. Deyirdi ki, «yaxşıyam». Sürücü ilə də danışırdım, hansı tərəfdə olduqlarını soruşurdum. Onlar bizdən bir az gec çatdılar. Çünki mənim maşınım çay fabrikinin yanında idi, oradan birbaşa Mərkəzi Bankın yanına çıxıb, o yolla getmək daha rahat idi. Amma Oqtay bəyi vuran maşın Puşkin küçəsinə üzüaşağı dönəndə qəzanı törədib dayanmışdı. Geri qayıtmaq imkanı yox idi. Məcbur idi ki, aşağı düşüb, sonra gəlib Rəşid Behbudov küçəsinə çıxsın. Şəhərdə tıxac da vardı...».

Həkim deyib ki, «qansızma baş versə...»

Ş.Cəfərlinin dediyinə görə, xəstəxanaya çatanda hüquq müdafiəçisi özü maşından düşüb, öncə bir otağa, oradan da Kompüter tomoqrafiya kabinetinə gedib, yenidən əvvəlki otağa qayıdıb. Həkim ona uzanmağı tövsiyə edib. Deyib ki, başında çat yaranıb: «Dedi ki, həmin yerdə qansızma ola bilər. Soruşdum ki, evə apara bilərik? Bildirdi ki, xəstəxanada həkim nəzarətində olsa, yaxşıdır, 3-4 saatdan sonra yenidən müayinə olunmalıdır, qansızma baş versə, tədbir görülməlidir. Əli Kərimli gələndə o da həkimlə danışdı. Həkim ona da söz verdi ki, arxayın ola bilərsiz, lazım olan bütün tədbirlər görüləcək». Sonradan onu «City Hospital»a aparmaq fikri yarandı. Bu fikirdə olanlar çox oldu və apardılar. Düşünürəm ki, orada əməliyyatı gecikdiriblər».

Ş.Cəfərli onu da bildirir ki, istər hadisə yerində, istərsə də xəstəxanada sürücünün hərəkətlərinə fikir verib və onda qəzanın təsadüf olduğu fikri formalaşıb. Dediyinə görə, sürücü özü də and-aman edib ki, O.Gülalıyevi tanımayıb, taksi fəaliyyətiylə məşğuldur, sərnişinin arxasınca gedirmiş: «Dedi ki, tini dönəndə dirək gözümü aldı, görmədim. Xəstəxanada da Allaha yalvarırdı ki, salamatlıq olsun».

Amma qəza anı ilə bağlı videogörüntüləri izləyəndən sonra onda O.Gülalıyevin qəsdən vurulmasına şübhələr yaranıb. Ş.Cəfərli deyir ki, bu olayın təsadüf, yoxsa qəsd olduğunu aydınlaşdırmaq üçün mütləq sürücünün hərəkət trayektoriyasını göstərən videogörüntülər müşahidə kameralarından çıxarılmalı və cəmiyyətə təqdim olunmalıdır.

Xatırlatma

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.

O.Gülalıyev əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb. Sonradan «City Hospital»a köçürülüb və oktyabrın 30-da orada başından əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar. Koma vəziyyətində olan O.Gülalıyev noyabrın 6-da Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Türkiyəyə aparılıb və «Avrasiya» Klinikasına yerləşdirilib. Onun beyni ilə yanaşı, ağciyərinə də infeksiya düşdüyü məlum olub. Hüquq müdafiəçisi noyabrın 19-da İstanbuldakı «Amerika xəstəxanası»na köçürülüb və bir gün sonra orada yenidən əməliyyat olunub.

«Əməliyyat zamanı beynindəki qanlı sular yenidən təmizlənib və beyninə «trubka» qoyulub. Həkimlərin dediyinə görə, müalicə davam edəcək. Xəstənin səhhətində irəliləyiş olub-olmayacağı bu müalicə prosesində bilinməlidir», - həyat yoldaşı Firuzə Gülalıyeva belə deyib.

F.Gülalıyeva bildirib ki, qanda və ağciyərindəki infeksiyanın aradan qaldırılması üçün antibiotiklər vurulması davam edir: «Həkim deyir ki, komadan ayılması üçün ay, bəlkə də aylar lazımdır...».

O.Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, hadisədən bir neçə saat öncə - oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin «İşgəncələrə son qoyulsun!» adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hadisə ilə bağlı istintaq araşdırmaları Nəsimi Rayon Polis İdarəsində aparılır. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin oktyabrın 31-də yaydığı birgə açıqlamasında hadisənin qəsdən törədilməsi barədə fikirlərin əsassız olduğu iddia edilib.

Hadisəni törətmiş avtomobilin sürücüsü, 35 yaşlı Kənan Abdullayevə qarşı CM-in 263.1-1 (yol hərəkəti qaydalarını pozma - zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. K.Abdullayev AzadlıqRadiosuna bildirib ki, olayın sui-qəsd olması haqda iddialar doğru deyil: «Sadəcə, görmədim. Maşının kor bucağı deyilən yer olur. Dönəndə fikirli oldum, görmədim. Özüm də dərhal mindirib xəstəxanaya aparmışam».

XS
SM
MD
LG