Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:27

Oqtay Gülalıyev: 'İstəyirlər ki, susum'


Oqtay Gülalıyev: 'İşarə etdilər ki...'
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Oqtay Gülalıyev: 'İşarə etdilər ki...' (2016)

Avtomobillə vurulması «bu, sui-qəsddirmi» sualını doğuran, koma vəziyyətində Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəyə aparılan və həkimlərin «gözləməkdən başqa çarəmiz yox» deyə qədərin ixtiyarına buraxdığı hüquq müdafiəçisi Oqtay Gülalıyev kimdir?

Kür daşqınlarının tanıtdığı Oqtay Gülalıyev

Azərbaycan cəmiyyəti O.Gülalıyevi hüquq müdafiəçisi kimi daha çox 2010-cu ildə Kür daşqınlarından sonra tanımağa başladı. O, həmin günlərdə «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru kimi təbii fəlakət nəticəsində zərərçəkən onlarla vətəndaşın şikayətini ictimailəşdirməyə çalışırdı.

«Biz Kür daşqınlarında onunla birgə işləmişik, «Kür» Vətəndaş Qərargahının əməkdaşı kimi ziyan çəkən rayonları gəzmişik. Onda da çox fədakarcasına çalışırdı», – jurnalist, hüquq müdafiəçisi Rövşən Hacıbəyli söyləyir. O,həmin dövrü belə xatırlayır: «Problemlər vardı, qəzalı evlərin bəzisini nə bərpa etmək, nə yenidən tikmək istəyirdilər. Oqtay Gülalıyev dəfələrlə Fövqəladə Hallar Nazirliyinə getdi, nazir müavini ilə görüşdü, məlumatlar toplayıb həm ictimaiyyətə, həm də nazirliyə təqdim etdi. Bunun sayəsində bir xeyli evin ya yenidən tikilməsinə, ya da bərpasına nail oldu. Bu, alqışlanası işiydi. O, hər zaman seçilirdi».

Kür daşqını qurbanları üçün tikilən evlərin qüsurları
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Ata-oğul Gülalıyevlərə açılan cinayət işləri

2012-ci il aprelin 8-də O.Gülalıyev Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanılır və inzibati qaydada 12 sutkalıq həbs cəzası alır. Az sonra - aprelin 19-da isə ona Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılır. O vaxt bu ittiham çoxları üçün gözlənilməz olur. Əksəriyyət Gülalıyevi sakit, mədəni, öz işiylə məşğul olan biri kimi tanıyırdı. Bu səbəbdən də cinayət işinin açılmasını hüquq müdafiəçisinin daşqından zərərçəkənlərin işini araşdırması ilə izah edənlər tapılır. Həmkarı R.Hacıbəyli də bu cür düşünənlər sırasındadır. Onun sözlərinə görə, həmin vaxt təbii fəlakətin fəsadlarının aradan qaldırılması yönündə ayrılan dövlət vəsaiti düzgün xərclənmirdi: «Yeyintilər vardı, bu da kimlərinsə maraqlarına cavab vermədiyindən onu şərləyib həbs etdilər».

Ancaq cinayət işinin açılması kimi onun bağlanması da qəfil olur. İyunun 13-də Sabirabad rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ləğvi və O.Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar verir.

Oqtay Gülalıyevin oğlunu kimlər, necə bıçaqladı?
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00


Həbsdən çıxdıqdan bir il sonra hüquq müdafiəçisinin oğlu Əlgüşad Gülalıyev məişət münaqişəsi zəminində bıçaqlanır. Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş açılır, ona xətər yetirən Rəşad Şirinov saxlanır. Amma bir il sonra oğul Gülalıyev həmin cinayət işi üzrə şübhəli şəxs qismində dindirilir, başqa yerə getməmək barədə iltizam alınır. DİN onun bir il öncə digər məktəblini vurduğunu, xuliqanlıq hərəkətləri etdiyini bildirir. Ə.Gülalıyev Xətai rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunaraq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilir. Ata Gülalıyev isə siyasi fəaliyyətinə görə övladının təqib olunduğunu bildirir.

Nardaran, Tərtər, Gəncə işi və işgəncə iddiaları

2012-ci ildə O.Gülalıyev «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru olur. O, ölkənin şimal bölgəsində zəlzələdən zərərçəkənlərin haqlarını qorumağa çalışır. Eyni zamanda, 2013-cü il prezident seçkisində Milli Şuranın mətbuat katibi vəzifəsini də üzərinə götürür. Hazırda Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin də koordinatorudur.

Ancaq hüquq müdafiəçisi həmin mərhələdə daha çox siyasi məhbus hesab edilən şəxslərlə bağlı fəaliyyətini genişləndirir. Hüquq müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, «O.Gülalıyev hər kəs kimi əlindən gələni edirdi və bütün fəaliyyətini siyasi dustaqların problemlərinə yönəltmişdi».

O, 2015-ci ildə Nardaran, 2017-ci ildə Tərtər, 2018-ci ildə Gəncə işi üzrə hesabatlar hazırlayır.

Gəncə hadisələrinə görə həbs olunanların valideyinləri və yaxınları danışdı
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Xatırlatma

Nardaran işi: 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olub. Nardaranda və Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40-dan çox adam daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittiham olunub və 10 ildən 20 ilədək həbs cəzası verilib.

Tərtər işi: 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin yaydığı birgə bəyanata görə, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırılıb.

Gəncə işi: 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bu sui-qəsddən sonra – iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib. Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.


«Azərbaycanda işgəncə laboratoriyaları» iddiası

Hüquq-mühafizə orqanlarının kiçik məlumatlarından savayı, çox az bilgi sızdırılan, yaxınlarının haqqında danışmağa çəkindiyi Tərtər və Gəncə işi haqqında ilk danışan da hüquq müdafiəçisi O.Gülalıyev olur. Bu haqda Facebook sosial şəbəkəsindəki səhifəsində mütəmadi məlumatlar paylaşır, Azərbaycanda «işgəncə laboratoriyaları» olduğunu bəyan edir. Bu ifadəsinə görə Daxili İşlər Nazirliyinə çağrılır, özünün dediyinə görə, xəbərdarlıq edilir.

«Bütün səhifələri möhürlənmiş 576-səhifəlik hökmdə N saylı hərbi hissənin Tərtərdə yerləşən köhnə qərargah binasının 2-ci mərtəbəsində işgəncə cihazları ilə təmin edilmiş xüsusi otaqlarda azərbaycanlı əsgər və zabitlərə dövlətin adından və gücündən istifadə edərək bir qrup yüksəkvəzifəli şəxsin (!?) necə xüsusi amansızlıq və qəddarlıqla işgəncə verərək onları öldürməsi açıq və təfsilatlı şəkildə qeyd olunur. Sən demə, işgəncə laboratoriyaları həm də Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə var imiş», – Gülalıyev yazırdı.

O, yüzlərlə əsgər və zabitə bir qrup vəzifəli şəxs tərəfindən gözləri və qolları bağlı şəkildə, paltarları soyundurulmuş halda verilmiş ağır işgəncələr nəticəsində ən azından 8 nəfərin buna dözməyərək vəfat etdiyini, onların 4-nün bəraət aldığını açıqlayır.

Gülalıyev Tərtər işi ilə bağlı araşdırmaların təkcə valideynlərin, həmin şəxslərin yaxınlarının verdiyi məlumatlar əsasında hazırlanmadığını, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökmlərə istinad etdiyini vurğulayır: «İnsanlara «xüsusi amansızlıq və qəddarlıqla işgəncə verən» (fikirlər məhkəmə sənədindən götürülüb- red.) vəzifəli şəxslər 6 il cəza alır, bir nəfər 10 il (!?). Və onlara qarşı irəli sürülən ittihamda adam öldürmə maddəsi çıxarılır (!?)...».

Hüquq müdafiəçisi sual edir: «Necə olur ki, hərbi qulluqçuları və zabitləri «xəyanət edən» korpusun, briqadanın, hərbi hissənin komandiri öz vəzifəsində qalır, amma əsgərlər və aşağı rütbəli vəzifəlilər ağır cəzalandırılır?».

«Valideynlərin fəallaşmasında onun xidmətləri oldu»

«Oqtay Gülalıyevin son işlərdə, Tərtər işində, hərbçilərin vətənə xəyanəti ittihamıyla mühakimə edilənlərlə, öldürənlərlə bağlı həqiqətlərin çatdırılmasında əvəzsiz xidməti olub», - hüquq müdafiəçisi R.Hacıbəyli deyir.

«Həmin dövrdə məhkəmələr qapalı keçirilirdi, hamı xəbərsiz idi. Yalnız onlardan bəzisinə bəraət verildikdən sonra valideynlər fəallaşdı. Valideynlərin fəallaşmasında şübhəsiz ki, Oqtay Gülalıyevin xidmətləri oldu, o, məsələni ictimailəşdirdi, bu məsələlərin üstünə getdi, açıqlamalar verdi, araşdırmalar apardı. Şübhəsiz ki, bununla hüquq müdafiəçisi kimi çox böyük xidmət göstərdi. Valideynlər əslində qorxudulmuşdu, onlar ehtiyatlanırdılar, çəkinirdilər. Övladları işgəncələr görən, öldürülən valideynlər danışmağa qorxurdular», – o, sözlərinə əlavə edir.

Vətənə xəyanətdə suçlanan hərbçilərin ailələri prezidentə şikayətə gəlib
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

O.Gülalıyev mətbuata müsahibəsində də deyirdi: «Gəncə işi ilə bağlı öldürülən və həbs olunan şəxslərin yaxınlarını çox ciddi şəkildə qorxudur və təhdid edirlər ki, bizlərlə, vətəndaş cəmiyyəti fəalları, mətbuatla əlaqəyə girməsinlər, hər hansı məlumat paylaşmasınlar, guya hər şey yaxşı olacaqmış».

O.Gülalıyev cəmiyyətdən izolə vəziyyətinə düşmüş, «vətən xaini» kimi damğalanmış ailələrlə təmas yaradır. Məsələn, o, Gəncə hadisələri vaxtı xüsusi əməliyyat zamanı öldürülmüş Ağa Sərxaninin həyat yoldaşı ilə görüşür və yazır: «Sərxaninin cəsədi yeddi aydır ki, ailəsinə verilmir». Hüquq müdafiəçisinin sözlərinə görə, Sərxaninin həyat yoldaşına ondan imtina etməsi üçün təzyiq göstərilib.

«İstəyirlər ki, mən susum»

O.Gülalıyev aprelin 21-də baş prokuror Zakir Qaralova açıq məktubla müraciət edir. O bildirir ki, son zamanlar ictimai-siyasi fəalların, mülki şəxslərin şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması, bəzi hallarda isə qətlə yetirilməsi halları genişlənməkdədir. Gülalıyev Gəncə hadisələri, hərbi və mülki şəxslərin tutulduğu Tərtər işi zamanı insanların işgəncələrə məruz qalmasını pisləyir. Baş Prokurorluğun cinayətlərin bəzilərinin baş verməsində, ört-basdır edilməsində iştirak etdiyini bildirir, baş prokuroru qanunsuzluqları aradan qaldırmağa, işgəncə və qətl hərəkətləri barədə ciddi ölçü götürməyə çağırır.

Bu çıxışlardan sonra hüquq müdafiəçisi may ayında Daxili İşlər Nazirliyinə, daha sonra Baş Prokurorluğa çağrılır. Baş Prokurorluqda ona xəbərdarlıq edilir. Qurumun yaydığı məlumatda O.Gülalıyevin qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaydığı, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verdiyi bildirilir.

O.Gülalıyev bundan sonra mətbuata deyir ki, Baş Prokurorluq onun Gəncə həbsləri və digər məsələlər haqda danışmamasını istəyir: «İstəyirlər ki, xalqımızın başına gətirilən fəlakətlərdən danışmayaq. Dinc, günahsız insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Hüququ tapdanan insanları müdafiə etməyək. Neçə vaxtdır ki ətrafımda olan halqanı daraldırlar. Müxtəlif dövlət qurumları və vəzifəli şəxslər tərəfindən mənə xəbər göndərir, təzyiq edirlər ki, susum. Amma mən xalqımızın başına gətirilən fəlakətləri gördükcə, dəhşətə gəlirəm və susmaq fikrində deyiləm».

Müəmmalı qəza

Oktyabrın 29-da axşam saatlarında O.Gülalıyev piyada yolunu keçərkən müəmmalı şəkildə avtomobillə vurulur. Daha sonra xəstəxanada əməliyyata götürülməsi yubanır. Bunun qəsd olduğunu iddia edən də var, təsadüf olduğunu söyləyən də.

Onun həmkarı S.Qocamanlının qənaətincə, bu suallara cavab verməkdən ötrü ekspertiza aparılmalıdır və hərə öz marağından çıxış etməməlidir.

Ancaq R.Hacıbəylinin gümanına görə, xəstəxanada O.Gülalıyevə göstərilən münasibət «qəsddir, bəziləri üçün arzuolunmaz şəxs olan, onun fəaliyyətindən narazı qüvvələr üçün bu qəza göydəndüşmə fürsət idi».

Hüquq-mühafizə orqanları isə araşdırma aparıldığını bildirirlər.

Qəza baş verən gün O.Gülalıyevin koordinatoru olduğu Repressiya və İşgəncələr Əleyhinə Komitə «İşgəncələrə son qoyulsun!» adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlayıb...

XS
SM
MD
LG