“Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyev yanvarın 6-da Baş Prokurorluğa çağrılıb.
İki saata yaxın dindirilən hüquq müdafiəçisi AzadlıqRadiosuna müsahibə verib:
- Oqtay bəy, Baş Prokurorluğa çağırılma səbəbi nədir?
- Çağırılmağımın səbəbi kimi bu yaxınlarda yazdığım və mediada dərc olunmuş “Bir körpənin göz yaşlarına dəyməyən əfv sərəncamı” məqaləsi idi. . Bu yazıyla bağlı məni dindirdilər. 2 saatdan çox Respublika Prokurorluğunda oldum və sonra xəbərdarlıq ediləndən sonra sərbəst buraxıldım.
- Yazıda prokurorluğu maraqlandıran hansı məqamlar idi?
- Dindirilmə zamanı verilən suallar və cavablarla bağlı danışmamaq üçün iltizam vermişəm. Ona görə detallara vara bilməyəcəm. Amma onu deyim ki, mən həmin yazıda qeyd etmişdim ki, əfv sərəncamındakı bəzi məsələlər Əfvetmə haqqındakı Əsasnaməyə uyğun deyil və siyasi məhbusların əfv edilməməsi səbəblərini təhlil etmişdim. Bəzi fikirlərimi bildirmişdim. Bir də bu yazıyla bağlı Facebookda çoxlu paylaşımlar və mediada yazılar olmuşdu. Sosial şəbəkədəki şərhlərdə və yazılarda müəyyən iradlar və ittihamlar, korrupsiya faktları səsləndirilmişdi. Bununla bağlı suallar verdilər, mən də cavablandırdım. Bir də dedilər ki, yazılarımı, araşdırmalarımı diqqətlə oxuyurlar, mən də bunun üçün onlara təşəkkür etdim.
- Xəbərdarlıq nəylə bağlı olub?
- Həmin yazı ilə bağlı.
- Artıq dərc olunmuş bir yazıyla bağlı xəbərdarlığın mahiyyəti nədir: daha yazmayın, yoxsa sözügedən yazını saytlardan çıxartdırın?
- Yiğışdırmaq demədilər, sadəcə qeyd etdilər ki, yazıda əfv sərəncamına kölgə salan məqamlar və korrupsiya ittihamları var. Buna görə mənə irad bildirildi və Respublika Prokurorluğu adından rəsmi xəbərdarlıq edildi.
- Bu xəbərdarlıqdan sonra hansı addımı atmalısız?
- Bilmirəm, sadəcə, dedilər ki, yazanda diqqətli olun. Düzü, bilmirəm, necə diqqətli olum. Fikirlərimi qanun çərçivəsində ifadə edirəm, sözügedən yazıda da əfvlə bağlı öz düşüncələrimi, təhlilimi yazmışam. Burda müfaviq qanunun müəyyən etdiyi sərhədlər pozulmayıb. Dindirilmədə mənə onu da dedilər ki, bundan sonra da yazılarımı diqqətlə izləyəcək, araşdırıacaqlar. Mən də təşəkkür etdim ki, Respublika Prokurorluğunda oxucularımın olmasına yalnız sevinə bilərəm.