Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:37

Müsavat başqanının oğlu haqqında həbs qərarı çıxarıldı


Arif Hacılı və oğlu Orxan
Arif Hacılı və oğlu Orxan

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, iki gün öncə yol qəzasına görə saxlanılan Orxan Hacılı haqqında istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu qərarı noyabrın 2-də Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadə verib.

Hakim istintaq gedən dövrdə O.Hacılının həbsdə saxlanması haqda prokurorun təqdimatını təmin edib. Bu barədə AzadlıqRadiosuna O.Hacılının vəkili Nemət Kərimli məlumat verib: "Müstəntiq dünəndən (noyabrın1-dən) həbs üçün vəsatət vermişdi. Prokurorun nə qərar verəcəyi qalmışdı. Bir gün yubadıldı. Noyabrın 2-də səhər Orxan Hacılı prokurorluğa gətirildi və qısa müddətdə həbs-qətimkan tədbiri üçün təqdimat verildi. Məhkəmə də təqdimatı təmin etdi".

N.Kərimli qərarı əsassız və ədalətsiz saydığından apellyasiya şikayəti verəcəyini bildirib. Müdafiəçinin fikrincə, avtomaşınların toqquşduğu, qəsdən törədilməyən qəzaya görə şəxsin həbs olunması doğru deyil.

Müsavat başqanının oğlunun vəkili: 'Orxan Hacılı özünü təqsirli bilmir'

Müsavat Partiyasının başqanı Arif Hacılının oğluna - oktyabrın 31-də şübhəli şəxs qismində saxlanılan Orxan Hacılıya iki maddə ilə ittiham verilib. O, Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti qaydalarının pozulması - zərərçəkmişin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə suçlanır.

O.Hacılının vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, müvəkkili bu ittihamlarla razı deyil və özünü təqsirli bilmir.

Müsavat başqanının oğlu təxminən 20 gün öncə Yasamal rayonu, Hüseyn Cavid prospektində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar saxlanılıb. Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Görünür ki, O.Hacılının sürdüyü avtomobil manevr edərək sola dönən başqa bir avtomobilə çırpılıb və ardından zərbənin təsiri ilə yolun kənarında dayanmış başqa maşınlara dəyib.

A.Hacılı bildirib ki, oğlunun avtomobili ilə ilk toqquşan maşının sürücüsü şikayətçi olmayıb: "Qəza zamanı toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmayandan və hadisənin üstündən 20 gün keçəndən sonra yeni "zərərçəkən" tapıblar. Guya, kimsə yoldan keçəndə bu qəza nəticəsində xəsarət alıb. Özlərinin yaydığı videogörüntüdə də orada başqa heç kimin olmadığı aydın görünür".

O.Hacılı haqqında indiki cinayət işində zərərçəkmiş qismində tanınan şəxsə gəlincə, iddia edilir ki, o, hadisə vaxtı səkidə olub. Avtomobil yolun kənarında dayanan maşınlara dəyəndə o da yıxılıb və kəllə-beyin travması alıb.

"Orxan Hacılı ittihamların heç birini qəbul etmir. Yol-nəqliyyat hərəkətinin baş verməsində onun təqsiri olmadığını deyir. Hadisə yerindən qaçması haqda iddialarla da razılaşmır", - vəkil N.Kərimlinin sözləridir.

Partiya rəhbərinin oğlu haqqında, hələlik, istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilməyib. Onun Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlandığı bildirilir.

Müsavat başqanı avtoqəzaya görə oğlunun tutulmasını siyasi qisasçılıq kimi qiymətləndirib.

O.Hacılıya ittiham verilən Cinayət Məcəlləsinin 263.1 maddəsində 5 mindən 7 min manatadək cərimə, 2 ilədək islah işləri, yaxud eyni müddətə azadlığın məhdudlaşdırılması, həbs kimi cəzalar nəzərdə tutulub. Hadisə yerindən qaçma, cinayət qanunvericiliyinə görə, 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

XS
SM
MD
LG