2015-ci ildə ekranlara çıxmış, James Bond seriyasından olan «Spektr» (Spectre) filminin çəkilişi zamanı rejissor Sam Mendes çox yaddaqalan bir səhnəyə quruluş verib. Mexiko şəhərində keçirilən Ölülər günü festivalında kamera insanlarla dolu küçələrdən keçərək otelin foyesinə daxil olan, oradan liftlə yuxarı qalxan, otağa girən, otağı pəncərədən tərk edərək bir qətl tapşırığını yerinə yetirmək üçün dama çıxan, damda xeyli yol gedən maskalı qəhrəmanı dayanmadan izləyir. Belə bir təəssürat yaranır ki, sanki bu kadr bütövdür, montaj olunmayıb. Bu fraqment filmin ən güclü tərəfi hesab olunur.
Qeyd edək ki, Sam Mendes ilk bədii filmi olan «Amerika gözəli» (American Beauty) filminə görə Oskar mükafatına layiq görülüb.
Kəsintisiz çəkiliş effekti
Mendes-in sonuncu filmi - «1917» artıq çoxlu prestijli mükafatlar alıb. Film ən yaxşı operator işinə görə, ən yaxşı vizual effektlərə görə və ən yaxşı səs işinə görə üç Oskara layiq görülüb. Buna qədər o, artıq yeddi BAFTA və «Qızıl Qlobus» mükafatlarına da layiq görülmüşdü. Təbii ki, bunlar filmin qazandığı mükafatların hamısı deyil.
«1917»də də bir neçə səhnədə bütöv, kəsintisiz çəkiliş effekti yaradılıb. Hitchcock-un «Kəndir» (Rope) və Alejandro González Iñárritu-nun «Bödmen» (Birdman) filmlərində də belə səhnələri görmək olar.
«1917» filmində belə kəsintisiz kadrlar tamaşaçını Fransanın şimalında döyüş meydanında səngərlərin içi ilə gedən iki britaniyalı əsgərin ardınca aparır.
George MacKay və Dean-Charles Chapman uyğun olaraq Schofield və Blake obrazlarını canlandırır. Onlara düşmən ərazisinə girərək öz döyüş yoldaşlarına çox təhlükəli hücum barəsində məlumat vermək tapşırılıb. Almanlar özlərini geri çəkilirmiş kimi göstərirlər. Əslində isə, silahlı və hazır vəziyyətdə Britaniya hücumunu dəf etmək üçün gözləyirlər. Bu iki gənc əsgər birlikdə döyüş yoldaşlarına çatmalı, hücumun qarşısını almalıdırlar. Bu isə inanılmaz dərəcədə çətin bir tapşırıqdır.
«The Guardian»da çıxmış rəydə ən xırda detalların belə dəqiqliklə ölçülüb-biçildiyi və Roger Deakins-in heyrətamiz dərəcədə hamar, axıcı, yer səviyyəsindən başlayıb səmadan baxış səviyyəsinə qədər qalxan operator işi xüsusi vurğulanır.
Müharibə
Mendes izləyiciləri artmaqda olan xaosun ortasına buraxır. Filmdə hadisələr bir-birini əvəzləyən təhlükəli, cəhənnəm kimi səhnələrdə cərəyan edir. Hər yeni təhlükəli vəziyyətə düşdükcə, bizim qəhrəmanların qorxu və heyrətini real hiss etmək olur. Bu, əsl şok və sürprizlərlə dolu, həyəcanlı bir ekran əsəridir. Son dərəcə maraqlı səs işi filmin tamaşaçıya təsirini daha da artırır.
Ancaq, əlbəttə ki, film daha çox müharibənin insanların həyatına son qoyması faktını qabardır. Peter Jackson-un «Onlar böyüməyəcəklər» (They Shall Not Grow Old) adlı sənədli filmində olduğu kimi, «1917»ni də münaqişənin gənc oğlan sifətini görəndə daha yaxşı anlayırıq. Anlayırıq ki, hələ bütün həyatı qabaqda olan bu gənc nəsil həmin həyatı yaşaya bilməyəcək. «Bu məqamı MacKay-in eyni zamanda məsum və dünyagörmüş, yoğunluq dolu gözlərində görmək olur - fatalizm və ümid», – «The Guardian» yazır.
«Ümid təhlükəli şeydir», – Benedict Cumberbatch-in oynadığı polkovnik MacKenzie deyir. Bu, filmdə tanınmış aktyorların oynadığı kiçik rollardan biridir.
Səngərdən qalxıb boş çöllüyə, meşəliyə, oradan da tərk edilmiş kənd evlərinə və bombalanmış kilsələrə tərəf getdikcə, Thomas Newman-ın musiqisi gərginlik hissini daha da artırır. Arabir Hans Zimmer-in «Dünkerk» (Dunkirk) filmi üçün yazdığı musiqini xatırladan kreşendonu duymaq olur. Newman-ın musiqisinin bəzi hissələri isə insanın qəlbini dəlib keçən melanxoliya və təhlükənin qarışığı ilə doludur.