Keçid linkləri

2025, 15 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:22

'İpək xəyal': Özbəkistanda söz azadlığı 'geriyə, gələcəyə doğru' gedir


Özbəkistan prezidenti İslam Kərimov 2007-ci ildə Daşkənddə Müstəqillik günü şənliyində rəqs edir, baş nazir Şavkat Mirziyoyev əl çalır.
Özbəkistan prezidenti İslam Kərimov 2007-ci ildə Daşkənddə Müstəqillik günü şənliyində rəqs edir, baş nazir Şavkat Mirziyoyev əl çalır.

10 il əvvəl, Özbəkistanın birinci prezidenti İslam Kərimov hələ sağ ikən, bir Qərb jurnalisti üçün bu ölkə, onun cəmiyyəti və siyasi rejimi haqqında araşdırma aparmaq və kitab yazmaq olduqca çətin olardı. Bu mənada Coanna Lillisin tezliklə nəşr olunacaq "Silk Mirage: Through The Looking Glass In Uzbekistan" adlı kitabı İslam Kərimovun varisi Şavkat Mirziyoyevin təbliğ etdiyi "yeni Özbəkistan" anlayışının bir nailiyyəti sayılır. Mirziyoyev uzun illərdir ölkəni izləyən müşahidəçiləri təəccübləndirərək öz müəlliminin avtoritar siyasətini müəyyən dərəcədə yumşaltmışdı.

Sözügedən kitabda ifadə azadlığına dair fəsillə AzadlıqRadiosu tanış olub. Bu kitabın özbək rəsmilərinin fəxrlə təqdim edəcəyi bir əsər olacağı ehtimalı azdır.

Lillis bu regionda 20 ildən artıq bir müddət yaşayıb və işləyib. Bu təcrübənin məhsulu olan reportajlar Mirziyoyevin hakimiyyətinin ilk illərində yaranan ümidləri xatırlayan bir çox insanın bu gün həmin vədlərin yoxa çıxmasına olan yanaşmasını əks etdirir.

Coanna Lillis
Coanna Lillis

"Azadlığın nəfəsi" çox qısa oldu

"Qırmızı Xətlər" adlı fəsil birdən çox qırmızı xətti keçən jurnalistin sadəcə olaraq ictimaiyyətə məlumat çatdırmağa çalışması ilə başlayır. Kərimovun dövründə Anora Sodikova 35 milyondan çox əhalisi olan ölkədə sosial məsələləri və vətəndaşların gündəlik problemlərini işıqlandıran kiçik qəzetə rəhbərlik edib. O dövrlərdə Özbəkistanda açıq şəkildə siyasi mövzularda yazmaq həbsxanaya düşməklə nəticələnirdi və Sodikova ilə həmkarlarının ehtiyatlı reportajları belə bəzən həddindən artıq həssas dövlət senzurasının diqqətini çəkirdi.

2020-ci ilin mayında Mirziyoyev dövrünün ilk böyük fəlakəti - Sardoba bəndinin dağılması nəticəsində ən çox zərər görmüş bölgələrdə səfərdə olarkən, yerli sakinlərin hər şeyin qaydasında olduğunu iddia etməsi jurnalisti heyrətləndirmişdi. Daha dərinə getdikcə, Sodikova bunun arxasında ciddi bir səbəb olduğunu öyrəndi: vilayət rəsmiləri yerli sakinlərə tapşırıq vermişdi ki, mətbuata şikayətlənməsinlər.

Bu, məhz prezident Mirziyoyevin ictimai çıxışlarında açıq şəkildə qınadığı davranış növü idi. O, əksinə, jurnalistləri və bloqerləri məmurların çatışmazlıqlarını, nə olursa olsun, ifşa etməyə çağırmışdı.

Anora Sodikova
Anora Sodikova

Amma Sodikova Facebook-da məmurların məlumatı gizlətmək cəhdi barədə yazandan sonra o, dərhal işdən çıxarılıb.

Tez-tez korrupsiyaya toxunan, sərt tənqidi materialları ilə tanınan "Rost 24" media qurumunun təsisçi redaktoru kimi onun növbəti jurnalist fəaliyyətinin ömrü də qısa olub. 2022-ci ildə "Rost"u qurmasına baxmayaraq, Sodikova bildirib ki, "təzyiq və şantaj" nəticəsində özünün yaratdığı layihədən uzaqlaşdırılıb. Bu, 2023-cü ildə baş verib. O vaxt rəsmilər Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma hazırlaşırdılar. Bu dəyişiklik isə Mirziyoyevin azı 2037-ci ilə qədər vəzifədə qalmasına yol açıb.

Kitabdakı sözügedən fəsildə Sodikova açıq və adını gizlətmədən danışan müsahibəçi kimi xüsusilə seçilir. Lillis ilə danışan digər jurnalistlər və bloqerlər isə adətən bundan yayınıblar. Adının çəkilməsini istəməyən bir bloqer vəziyyətdən şikayət edərək Mirziyoyevin ilk "azadlıq nəfəsi"nin ardından mətbuat azadlığının "geriyə, gələcəyə doğru" getdiyini söyləyib.

İslamla bağlı "paranoyya"

Mirziyoyevin hakimiyyətə gəlməsi ilə 2018-ci il son 20 ildə jurnalistlərin həbsdə olmadığı ilk il kimi qeyd edilib. Ancaq 2021-ci ildə bloqer Otabek Sattoriyə 6 il yarım həbs cəzasının verilməsi çox fərqli bir tendensiyanın başlanğıcı olub. Bundan sonra həbslər dayanmayıb, prezidentə təhqiri cinayət hesab edən qanun kimi bir sıra repressiv aktlar mühitin daha da gərginləşməsinə səbəb olub.

Otabek Sattoriy
Otabek Sattoriy

Lillisin kitabı Kərimovsonrası Özbəkistanı əhatə edən ilk ingilisdilli kitabdır. Başqa bir kitab isə 2023-cü ildə Varşavada çap olunan "Nowy Uzbekistan" adlanır. Kitabın bir müddət Özbəkistanda yaşamış müəllifi, jurnalist Aqnieşka Pikulitska-Vilçevskanın 2021-ci ildə ölkəyə girişinə icazə verilməyib.

"The Economist"in müxbiri Coanna Lillis 2019-cu ildən 2023-cü ilə qədər jurnalist kimi Özbəkistanda akkreditasiyadan keçib, lakin müraciət ərizələrinə baxmayaraq, o vaxtdan bəri onun akkreditasiya müddəti uzadılmayıb.

Tezliklə yayımlanacaq "Silk Mirage" kitabı onun region haqqında ikinci kitabıdır. Daha əvvəl Lillis " Dark Shadows: Inside the Secret World of Kazakhstan" kitabını yazıb. Qazaxıstan da avtoritar bir ölkədir, lakin Özbəkistandan fərqli olaraq, Qərb insan haqları qruplarının illik indekslərində daha yaxşı mövqelərdə yer alır, bu, hətta Mirziyoyevin "yumşalma" dövründən sonra belə dəyişməyib.

2005-ci ildən bəri Qazaxıstanda yaşamış jurnalist iki ölkə arasındakı fərqlərin həm də onların qurucu prezidentləri arasındakı fərqlərdən qaynaqlandığını iddia edir. Lillis Kərimovun təbiətcə " tündxasiyyət" və xarici təsirlərə qarşı düşmən biri, 2019-cu ilə qədər Qazaxıstanın prezidenti olan Nursultan Nazarbayevin isə "daha cəsarətli və bir qədər dünyəvi" olduğunu söyləyir. Nazarbayev ilk dövrlərdə ölkədə siyasi müxalifətə daha dözümlü yanaşıb.

Lillis AzadlıqRadiosuna müsahibəsində deyib ki, ikisi arasında digər mühüm fərq islam dininin Özbəkistan cəmiyyətində oynadığı daha böyük rol ilə bağlıdır. Hökumət müstəqilliyin ilk illərində ekstremist qrupların çağırışları ilə üzləşib və bu, "hakimiyyətinə təhdidlərlə bağlı Kərimovun paranoyyasını alovlandırıb".

Mirziyoyev administrasiyası keçmişin amansız repressiyalarına ara verəcəyini vəd edib. Onun hakimiyyətinin ilk illərində məşhurlaşan yüzlərlə bloqlərdən bəziləri dini mühafizəkarlar idi. Ancaq onların aqibəti müxtəlif olub. Bəziləri liberal baxışları tənqid etsələr belə, açıq şəkildə dövlətin dəstəyini alıblar, ancaq bəziləri sekulyar həmkarları kimi dövlət tərəfindən cəzalandırılıblar.

Lillis Özbəkistanın bəzi sahələrdə əvvəlki vəziyyətinə qayıtmasının məntiqi olduğunu düşünür, çünki "həqiqi ifadə azadlığının hökm sürdüyü bir mühitin yaradılması, avtoritar liderlərin düşüncə tərzinə görə, rejimə təhdid yarada bilərdi".

Eyni zamanda, jurnalist ümid edir ki, həm Kərimovdan sonra Özbəkistanda "ümidverən" dəyişiklikləri, həm də birinci prezidentin qəddar irsini sənədləşdirən kitabı "son dərəcə çətin olsa da, islahat öhdəliyinin nədən ölkə üçün bu qədər vacib olduğuna dair vaxtında xatırlatma olacaq".

Yazı AzadlıqRadiosunun müxbiri Kris Rikleton tərəfindən hazırlanıb.

XS
SM
MD
LG