Özbəkistanda regional hökumət rəsmiləri bir internatda qızların zorlanmasında təqsirli biliniblər. Bu qalmaqal hökumət üçün utanc yerinə çevrilib, belə ki, son illər ölkədə sovet dövründən qalma uşaq evləri buraxılıb, kimsəsiz, əngəlli uşaqlar ailələrin nəzarətində olan evlərə yerləşdirilib.
Özbəkistan Ali Məhkəməsinin məlumatına görə, qərbi Xarəzm vilayətində prokurorlar regional ədliyyə departamentinin və yerli fövqəladə xidmətlər agentliyinin keçmiş rəislərinin təkrar mühakiməsinə nail olublar. Onlar “azyaşlılarla cinsi əlaqədə” təqsirli bilinsələr də, 2022-ci ilin sentyabrında həbsdən yayına biliblər.
Prokurorlar cəzaların yüngül olduğunu deyərək apelyasiya şikayəti verib. Amma apelyasiya məhkəməsi 2022-ci ilin dekabrında hökmü qüvvədə saxlayıb.
Bu iş sərt nəzarət altında olan medianın diqqətindən kənar saxlanıb. Ancaq martda “Nemolçi” (“Sakit durma”) adlı müstəqil QHT bu haqda ətraflı hesabat yayıb. Bu qurum gender zorakılığı ilə mübarizə aparır, cinsi bərabərsizliyi təbliğ edir. QHT həmçinin gender zorakılığı qurbanlarına platforma təqdim edir, onları başlarını gələnləri paylaşmağa, məsləhət almağa dəvət edir.
Seksual əlaqə qarşılığında mebel, ərzaq...
Özbəkistan mediasının geniş işıqlandırdığı hesabata görə, hadisə 2021-ci ilin mayında qərbi Ürgənc şəhərində qəyyum valideynin evində baş verib. Qəyyum ana himayəsində olan 15-17 yaşlarında üç qızı həmin iki məmurla seksual əlaqəyə məcbur edib. “Nemolçi” yazır ki, məmurlar bunun qarşılığında evə mebel, yemək aparıblar.
Zorlamaların azı 10 ay baş verdiyi, rəsmilərin azyaşlılarla qəyyum evində, regional ədliyyə departamentinin biznes məqsədilə kirayə götürdüyü mənzildə əlaqədə olduğu deyilir. Məlumata görə, qızlar etiraz edəndə döyülüb, ac saxlanıb, digər uşaqlardan təcrid olunublar.
Məmurlar məhkəmənin ilk iclasında qızlarla cinsi əlaqədə olduqlarını etiraf edib, ancaq bunun könüllü baş verdiyini deyiblər.
Zorlama vilayət rəsmiləri tərəfindən aşkarlansa da, ictimaiyyətə məlumat verilməyib. 2022-ci ilin sentyabrında qapalı keçirilən məhkəmədə qəyyum ana 5 il yarım həbsə məhkum edilib, Özbəkistan Baş Prokurorluğu bildirir.
İki məmur isə 18 aylıq “azadlığın məhdudlaşdırılması” cəzasına məhkum ediliblər. Bu cəza onların gecə saatlarında evlərindən çıxmasının, yaşadıqları vilayəti icazəsiz tərk etməsinin qadağan olunması deməkdir.
Xəbər yayılandan sonra...
Hadisə mediada geniş işıqlandırılandan sonra bəzi tanınmış şəxslər – senatın sədri Tənzilə Narbayeva, ölkə prezidentinin qızı Səidə Mirziyoyeva hərtərəfli istintaq aparılmasına, günahkarların müvafiq şəkildə cəzalandırılmasına çağırıblar.
Özbəkistanda uşaq evlərində uşaqlarla pis rəftar nadir hadisə sayılmır. 2018-ci ildə şərqi Margelon şəhərində internat məktəbi bağlanıb. Orada uşaqların işçilər tərəfindən seksual və fiziki pis rəftara məruz qaldığı üzə çıxıb.
İnternat məktəbinin direktoru və onun müavini daxil olmaqla azı 10 nəfər uşaqları döymək, zorlamaq, azyaşlıları aborta məcbur etməyə, hökumət və donorların verdiyi pulları mənimsəməyə görə həbs olunublar.
Özbəkistanda onlarla uşağın qaldığı sovet dövrü internatlarında səhlənkarlıq, sui-istifadə halları tez-tez baş verib. Son illər hökumət dövlət himayəsində olan uşaqları övladlığa, qəyyum ailələrə verməyə çalışıb.
Uşaqlar qəyyumluğa necə verilir
Uşaqları qəyyumluğa götürmək istəyən ailələr xüsusi təlim kursu keçirlər. Prezident fərmanına görə, qəyyum ailələrdə azı üç, çoxu beş uşaq yerləşdirilə bilər, ailənin öz uşaqlarının sayı isə səkkizi keçməməlidir.
Hökumət belə ailələrə maliyyə dəstəyi verir, region rəsmiləri uşaqların necə dolandığını yoxlamalıdırlar.
Son illər bir sıra vilayətlərdə köhnə internatlar bağlanıb.
Bağlanan müəssisələrdəki uşaqların yerli sahibkarlara, hökumət rəsmiləri, o cümlədən hüquq-mühafizə əməkdaşlarına övladlığa verildiyi deyilir.
2021-ci ildə Prezident Şavkat Mirziyoyev 18-30 yaşlı, yaşamağa yeri olmayan kimsəsizlərin pulsuz mənzillə təmin olunması haqda sərəncam verib.