Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 20:13

Özəlləşdirməyə bölgələrdən başlanacaq


Özəlləşdirmə çekləri
Özəlləşdirmə çekləri

Azərbaycanda özəlləşdirmə prosesi bərpa olunanda, bu, ilk növbədə bölgələrdəki müəssisələrdən başlanacaq.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yeni yaratdığı Özəlləşdirmə Portalının təqdimat mərasimində bildirilib.

SİYAHI HAZIRDIR

Təqdimatda komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, özəlləşdirilmə sahəsində yeni çağırışlar və müasir yanaşmalar tətbiq olunacaq: «Komitə özəlləşdirmə sahəsində uğurlu beynəlxalq təcrübəni öyrənib. Özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib. Komitə Bakı və regionlarda müəssisələrin gələcək özəlləşdirmə perspektivlərini, iqtisadi durumunu, yeni strateji xarici investorların cəlb edilmə imkanlarını araşdırıb. Bu proseslərə beynəlxalq məsləhətçilər və ekspertlər cəlb olunub. Həmin ekspertlərin tövsiyələri nəzərə alınıb».

Sədr müavini qeyd edib ki, prezidentin tapşırığına əsasən, ilk növbədə regionlarda rəqabətqabiliyyətli potensialı olan, fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək. «Bu yanaşma regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyi artırmalıdır», -deyə o bildirib.

Növbəti özəlləşmə nəyi əhatə etsin?​

İyulun 26-ı Özəlləşdirmə Portalı (privatization.az) da təqdim edilib. Azərbaycan və ingilis dillərində olan portalda məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur.

Eyni zamanda portalda yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədilə «onlayn əlaqə» xidməti də fəaliyyət göstərməlidir.

İyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Sənəddə qeyd olunur ki, fərmanın məqsədi ölkədəki iqtisadi fəallığı gücləndirmək, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək və sağlam rəqabət mühiti formalaşdırmaqdır.

EKSPERTLƏR NƏ DEYİR?

Ekspertlərin fikrincə, neftin qiymətinin kəskin azalması bu ildən özəlləşdirmə mövzusunu Azərbaycanda yenidən gündəmə gətirib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

XS
SM
MD
LG