Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 08:05

Rəsulzadənin portretini çəkən rəssam: 'Kimsə məni işdən zorla çıxarmadı'


Pərnisə Əsgərova
Pərnisə Əsgərova

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərovaya (Pəri Miniatür) qarşı cinayət təqibi başlanıb.

Dörd il rəsm müəllimi kimi çalışdığı Bakı Atatürk Liseyinin rəhbərliyi onun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət edib.

Xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsində rəssamın CM-in 147.1 (böhtan) maddəsilə cəzalandırılması tələb olunur.

Hər şey mayın 28-dən sonra başlandı

Bakı Atatürk Liseyi iddia edir ki, Miniatürün siyasi baxışlarına görə işlədiyi təhsil müəssisəsində rəhbərliyin təzyiqilə üzləşməsi haqda dedikləri böhtandır və o, bu haqda fikirlərilə liseyin və bu quruma rəhbərlik edən şəxslərin nüfuzuna zərbə vurub.

Rəssam AzadlıqRadiosuna bildirib ki, təzyiqlər 2020-ci il mayın 28-də – Respublika Günündə polis təqibi altında Rəsulzadənin portretini çəkməsi haqda videoklipin yayılmasından sonra başlanıb.

Onun sözlərinə görə, təxminən bir həftə sonra lisey rəhbərliyindən siyasətdən kənar dayanmaq, hökumətə qarşı tənqidlərdən çəkinmək barədə xəbərdarlıq alıb:

“Klip mayın 28-də yayıldı, məni iyunun 3-də məktəbə çağırdılar. Müdir müavini Samir Turan bildirdi ki, hansısa məclisdə bizim başqana mənə görə xəbərdarlıq edilib. Belə başa düşdüm ki, kimsə yüksək vəzifəlilərdən olub. Deyilib ki, bu qadın işləyə bilməz, çıxarılsın. Düzü, istəmirdim dörd il işlədiyim yerə mənə görə problem yaradılsın. Ona görə də bildirdim ki, ərizə yazıb çıxa bilərəm. Razı olmadılar. Amma dedilər ki, xəbərdarlıq edirlər, siyasətə qoşulmamalıyam, prezidentə, hökumətə qarşı heç nə yazmamalıyam”.

“Bilirdim ki, vəziyyət daha da pisləşəcək"

Əsgərovanın sözlərinə görə, bu tələblərə boyun əymədiyi üçün təzyiqlər də kəskinləşib - maaşı 40 faiz azaldılıb, müəllim kimi fəaliyyətinə, qiymətləndirməsinə müdaxilə olunub:

“Kimsə məni işdən zorla çıxarmadı. Görünür, mənəvi-psixoloji təzyiqlə uzaqlaşdırmaq yolunu tutmuşdular. Bilirdim ki, vəziyyət daha da pisləşəcək. Müdirin mimika və davranışlarından, mənə qarşı münasibətindən hiss edirdim”.

Əsgərovaya qarşı xüsusi ittiham qaydasında iddia qaldırılmasını Yasamal Rayon Məhkəməsində də AzadlıqRadiosuna təsdiqləyiblər.

Məhkəmədən bildirilib ki, artıq iş üzrə hazırlıq iclası da təyin edilib:

“Bu işə hakim Rauf Daşdəmirov baxacaq. Məhkəmənin hazırlıq iclası fevralın 26-na təyin edilib”.

CM-in 147.1 maddəsində böhtana görə 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Eyni zamanda, alternativ 1500 manata qədər cərimə, 480 saata qədər ictimai işlər və ya 1 ilə qədər islah işləri də həmin maddənin sanksiyasında yer alıb.

Liseydən bu məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG