Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:13

Nümayəndələr Palatası spiker seçə bilmir. Son yüzillikdə ilk dəfə...


Kevin Makkarti
Kevin Makkarti

Konqresmenlər yanvarın 5-də – üçüncü səsvermə günündə də Nümayəndə Palatasına spiker seçə bilməyiblər. Respublikaçı partiyasından namizəd Kevin Makkartinin bu posta seçilməsi üçün 18 səs çatmayıb.

Son 150 ildən də artıq bir müddətdə ilk dəfədir ki, seçkidə qalib gələn partiya doqquz səsvermə raundundan sonra spiker seçə bilmir. Buna 20 respublikaçı konqresmenin Makkartiyə qarşı çıxması səbəb olub. Onlar səsləri qarşılığında müxtəlif güzəştlər, məsələn, palata spikerinin seçilməsi və dəyişdirilməsi prosedurunun sadələşdirilməsini, onların qrupundan əsas komitələrə üzvlərin seçilməsini tələb edirlər.

Makkarti tələblərin bir qisminə razılaşsa da, azlıq yenə güzəştə getmir. Makkarti tamamilə bu azlıqdan asılı vəziyyətə düşüb, çünki demokratların hamısı özlərinin namizədi Hakim Cefrizə səs verirlər.

Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Səsvermənin növbəti raundu cümə günü günorta keçiriləcək.

+++

Dünən – yanvarın 4-də ABŞ Nümayəndələr Palatası respublikaçı Kevin Makkartinin (Kevin McCarthy) spikerliyə namizədliyini daha üç dəfə rədd edib. Partiya daxilində bir qrup keçmiş prezident Donald Trampın birləşmək çağırışını rədd edib.

Öncəki gün də Makkarti üç səsvermədən keçə bilməmişdi. Təxminən 20 respublikaçı ideoloji baxımdan etibarsız saydıqları namizədi dəstəkləməkdən imtina ediblər.

Bir əsr öncə...

Konqresmenlər bu gün bağlı qapılar arxasında məsələni həll etməyə çalışacaqlar.

Sonuncu dəfə bir əsr öncə, 1923-cü ildə Nümayəndələr Palatası birinci səsvermədə spiker seçə bilməmişdi.

Liderlik uğrunda mübarizə palatadakı respublikaçı çoxluq üçün məyusedici başlanğıc sayılır. Noyabrda aralıq seçkilərdə partiya konqresin aşağı palatasında 222-212 fərqiylə üstünlüyü ələ ala bilib. “Reuters” yazır ki, daxili çəkişmələr Respublikaçıların 2024-cü il prezident seçkisinə qədərki iki il ərzində üzləşəcəyi çətinlikləri üzə çıxarır.

Makkarti inamlıdır

Makkarti tərəfdarları ümid ediblər ki, təkrar səsvermələr – indiyədək artıq altı dəfə səsvermə keçirilib – opponentlərin sayını azaldar, ancaq görünür, yanılıblar.

2019-cu ildən palatadakı respublikaçıların lideri olan Makkarti gərəkən 218 səsdən 201-ni yığa bilib. 20 respublikaçı ilk dəfə 2020-ci ildə seçilmiş floridalı Bayron Donaldsa (Byron Donalds) səs verib. Bir respublikaçı heç bir namizədi dəstəkləməyib. Palatadakı 212 demokratın hamısı öz liderləri Hakim Cefrizə (Hakeem Jeffries) səs veriblər.

Donalds səsvermədən sonra “Fox News”a deyib ki, “indi Kevin üçün yol çətin görünür”.

Makkarti isə çərşənbə günü səsverməsindən öncə jurnalistlərə deyib ki, sonucda qalib gələcək.

Opponentləri isə liderlik uğrunda mübarizənin həftələrlə çəkə biləcəyini deyirlər.

Tramp müraciət etmişdi

Səsvermə Tramp üçün yaxşı hal sayılmır, çünki o, respublikaçıları ziddiyyətləri kənara qoymağa çağırmışdı.

“İndi BÖYÜK respublikaçı palata üzvlərinin KEVİNƏ SƏS VERMƏK vaxtıdır”, – Tramp çərşənbə günü səsvermədən öncə “Truth Social” sosial media saytında yazıb.

Tramp respublikaçılar arasında ən nüfuzlu fiqur olaraq qalır, 2024-cü il prezident seçkisinə namizədliyini elan etmiş yeganə namizəddir. Partiyada bəziləri Trampı respublikaçıların aralıq seçkilərdə daha çox yer əldə edə bilməməsinə görə günahlandırıb.

“Prezident Kevin Makkartiyə deməlidir ki, ‘Cənab, sənə səs verilmir, geri çəkilmək vaxtıdır’”, – respublikaçı konqresmen Loren Boebert (Lauren Boebert) Trampı nəzərdə tutaraq deyib.

Baydenin münasibəti

Nümayəndələr Palatasına respublikaçıların nəzarəti Demokrat Partiyasından Prezident Co Baydenin (Joe Biden) qanunvericilik gündəmini irəli aparmasına mane ola bilər. Ancaq liderlik uğrunda mübarizə palatanın hökumətin maliyyələşdirilməsi kimi əsas öhdəliklərini necə yerinə yetirəcəyi ilə bağlı suallar yaradıb.

“Bu, yaxşı görünmür. Bu, yaxşı şey deyil. Burası Amerika Birləşmiş Ştatlarıdır və ümid edirəm ki, tezliklə bir araya gələcəklər”, – Bayden Ağ evdə jurnalistlərə deyib.

2020-ci ildə prezident seçkisini uduzan Tramp seçkinin nəticələrinin oğurlandığını iddia edirdi. 2021-ci ilin yanvarında Konqres seçkinin nəticələrinə baxan zaman tərəfdarları onun çağırışana səs verərək Kapitoliyə basqın edib, nəticədə biri polis əməkdaşı olmaqla beş nəfər həlak olub.

XS
SM
MD
LG