Azərbaycanda pambığın alış qiyməti bu ildən artırılıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat yüksəldilib. Yəni, 1-ci növün qiyməti 800, 2-ci növ 780, 3-cü növ 740, 4-cü növ də 700 manata qaldırılıb.
2017-ci ildə Azərbaycanda pambıqçılığın inkişafına dair 5 illik dövlət proqramı qəbul olunub. Proqramda əsas hədəf kimi 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulub.
İstehsalda azalma var
2021-ci ildə, rəsmi məlumatlara əsasən, ölkənin 17 rayonda 100.5 min hektarda pambıq əkilib, 286.7 min ton məhsul tədarük edilərək emal müəssisələrinə verilib. Bu da 2020-ci illə müqayisədə 15 faiz azdır.
Digər tərəfdən isə, dünya bazarlarında pambığın bahalaşmaqda olduğu bildirilir. Hazırda birjalarda bir funt (0.45 kiloqram) pambıq 1.22 dollardır.
"Gəlir artıb"
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, pambıqçılığın inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir: "2019-cu ildə xaricə pambıq ixracı ölkəmizə 124 milyon dollar, 2020-ci ildə 157 milyon dollar, 2021-ci ildə 273 milyon dollar gəlir gətirib. 2022-ci ilin birinci yarısında ölkədən 56.9 min ton ixrac edilib. Həmin dövrdə xaricə satılan pambığın hər tonun qiyməti 2 min 405 dollar olub".
Nazirlikdən qeyd olunub ki, fermerlərə verilən subsidiyalar da artır: "Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödənilir. Digər dəstək tədbirlər həyata keçirilir, o cümlədən də pambığın alış qiyməti artırılır".
Nazirlikdən bildirilib ki, bu sahədə məhsuldarlığın artırılması istiqamətində də ardıcıl işlər aparılır.
"Son bir ildə mahlıcın ixrac qiyməti 54 faiz artıb"
İqtisadçı Aydın Allahverdi isə bildirib ki, xam pambığı fermerlərdən alanlar ötən il bir ton mahlıcı xaricə 1 min 525 dollara, bu il isə 2 min 345 dollara satıblar: "Son bir ildə mahlıcın ixrac qiyməti 820 dollar, ya da 54 faiz artıb".
İqtisadçı qeyd edib ki, pambıq ipliyinin bir tonu isə ötən il xaricə 2 min 832, bu il 4 min 180 dollara satılıb: "Son bir ildə pambıq ipliyinin ixrac qiyməti də 1 min 348 dollar, ya da 48 faiz artıb. Xaricə satdığınız məhsulun qiyməti 48-54 faiz artıbsa, kəndçidən aldığınız pambığın qiymətini niyə 14 faiz artırırsınız?".
Onun sözlərinə görə, kəndçilərə qarşı bu cür "quldar" münasibətin nəticəsində ötən il pambığın yığımı 50 min ton azalıb.
"Çoxlu sayda pambıqçılar sıradan çıxıblar"
İqtisadçı Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, bu il pambıqçılıqla bağlı qəbul edilən dövlət proqramının son ili olsa da, nəinki 500 min, hətta 290 ton məhsul gözləməyə dəyməz: "Bu il də, keçən ildəki kimi, 280 ton, bəlkə də hətta daha aşağı məhsuldarlıq gözləniləndir. Çünki pambıqçılıq bərbad hala salınıb".
Onun fikrincə, xam pambıq istehsalçıları özləri birləşib assosiasiya yaratmalıdırlar, pambığı emal etməlidirlər və son məhsulu satmalıdırlar: "Təəssüf ki, xam pambıq istehsalçıları hər il yarıya qədər ziyana məruz qalır. Ona görə də çoxlu sayda pambıqçılar sıradan çıxıblar. Qalan pambıqçılar isə hökumətin yaratdığı emal müəssisələrinə cəlb edilən adamlardır, hansılara vaxtı ikən avadanlıq, avans veriblər və onlar bu işdən yayına bilmir. Çünki emal müəssisələrinin qarşısında borcları var".
V.Məhərrəmlinin sözlərinə görə, emal və ixrac inhisarçıların əlindədir: "Bu səbəbdən də fermerlərin başqa çıxış yolu olmadığı üçün istehsal etdikləri məhsulu inhisarçılara onların təyin etdikləri qiymətə satırlar. Bu gün dünya bazarlarında pambığın qiyməti durmadan artır. Təəssüf ki, pambıq istehsalçılarına isə cəmi 50 manat təklif edirlər, bu artım bazardakı qiymətlərə uyğun deyil. Bundan əlavə, emal müəssisələri qəbul etdikləri malın yarısını zibil və nəmlik adı ilə çıxırlar. Beləliklə də fermerlərə az pul ödəyirlər".
Mövzu ilə bağlı bu sahədə fəaliyyət göstərən emal müəssisələri ilə danışmaq mümkün olmayıb. Onların təmsilçiləri yalnız müsahibədən kənar söhbətlərdə qeyd ediblər ki, pambığın alış qiyməti mərhələli şəkildə artırılır.